Məhkəmə qərarları › İş №2(073)-223/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-223/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-223/2024 22.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş mənəvi ziyana görə 10000 manat pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada dəymiş mənəvi ziyana görə 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1 onun qaynatası, Cavabdeh2 isə qaynıdır oğludur. Belə ki, o, 2007-ci ildə X3 ilə ailə qurmuş və onların birgə nikahından iki uşaqları doğulmuşdur. Ailə qurduqları vaxtan hazıra kimi, ailəsi ilə aralarında heç vaxt narazılıq və söz-söbət olmamış, əksinə həmişə mehriban yaşamışlar. Lakin qaynatası və qaynı onun ailə münasibətlərinə əsassız müdaxilələr edir və onların maddi təminatlarını ödəməyimi ciddi tələb edərək, onu müxtəliv yollarla hədələyirlər. O, sürücü işləməklə ailəsini güclə dolandırır. Cavabdehlərin tələblərini yerinə yetirmədiyi təqdirdə, cavabdehlər “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə onu nalayiq ifadələrlə söyüb-təhqir edərərk, hədələr gəlirlər. Bundan əlavə Cavabdeh1 onun barəsində Səfərbərlik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xidmətinə və Vergi orqanına onun barəsində şər və böhtan xarakterli müraciətlər etmişdir. Bu cür hallarla cavabdehlər ona mənəvi əzab verirlər. Əsassız ittihamlara və hədələrə görə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmiş, lakin araşdırma aparıldıqdan sonra Cəlilabad RPŞ-nin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə tolanılmış materiallar araşdırıldıqdan sonra cinayət işinin başlanılmasının rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Cavabdehlər əsassız ittihamlarla və hədələrlə ona vurduqları mənəvi ziyan üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehdən 10000 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı onun bacısı X1 həyat yoldaşıdır. O, özünə sosial müavinat almaq üçün sənədlər toplayarkən bacısı Nuranə Həsənovanın da şəxsiyyət vəsiqəsi lazım olmuş, lakin İddiaçı tərəfindən buna razılığ verilmədiyindən sosial müavinat ala bilməmişdir. Bundan əlavə atası yəni, digər Cavabdeh1 İddiaçı barəsində Səfərbərlik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xidmətinə və Vergi orqanına müraciətlər etmiş, müraciətləri araşdırıldıqdan sonra İddiaçı barəsində müvafiq tədbirlər görülmüşdür. Yaxın qohumluq əlaqələri olmasına baxmayaraq, qeyd etdiyi hallarla bağlı aralarında münaqişə vardır. Bu səbəbdən İddiaçı və İddiaçı həyat yoldaşı yəni, onun bacısı Nuranə Həsənova onun və atası Cavabdeh1 barəsində əsasssız şikayət və müraciətlər edirlər. Müraciətləri Cəlilabad RPŞ-nin TB-də araşdırılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən də, iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Cəlilabad RPŞ-nin TB-nin 23 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, X1 22 sentyabr 2023cü il tarixdə özünün və həyat yoldaşı İddiaçı atası Cavabdeh1 və qardaşı Cavabdeh2 tərəfindən rahat yaşamalarına mane olduqları, onların barəsində şər və böhtan xarakterli şikayətlər etmələri, onları təhqir etməklə, hədə-qorxu yolu ilə pul və ya əmlak tələb etmələri barədə müraciəti Cəlilabad RPŞ-nin TB-də araşdırılmış, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaxın qohumluq əlaqələri olmasına baxmayaraq, aralarında münaqişə yaranmışdır. Belə ki, Cavabdeh2 özünə sosial müavinat almaq üçün sənədlər toplayarkən bacısı yəni, İddiaçı həyat yoldaşı X1 da şəxsiyyət vəsiqəsi lazım olmuş, lakin İddiaçı tərəfindən buna razılıq verilməmişdir. Bundan sonra Cavabdeh1 İddiaçı barəsində Səfərbərlik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xidmətinə və Vergi orqanına müraciətlər etmişdir. Tərəflər arasında yaranmış münaqişə ilə bağlı iddiaçının həyat yoldaşı Nuranə Həsənova cavabdehlər barəsində Cəlilabad RPŞ-nə müraciət etmiş. Müraciət Cəlilabad RPŞ-nin TB-də araşdırılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş mənəvi ziyana görə 10000 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş mənəvi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş mənəvi ziyana görə 10000 (on min) manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar