Məhkəmə qərarları › İş №2(073)-23/2025

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-23/2025

19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-23/2025 19.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Əlküşad oğluna qarşı fərdi yaşayış evinin inşasına sərf edilmiş vəsaitin yarısının, yəni 12500 manat pulun Cavabdeh Əlküşad oğlundan alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Əlküşad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin inşasına sərf edilmiş vəsaitin yarısının, yəni 12500 manat pulun Cavabdeh Əlküşad oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Əlküşad oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh Əlküşad oğlu ilə 13 yanvar 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikah dövründə olarkən Cəlilabad rayonu Təzəkənd kəndində 3 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət 1 mərtəbəli beş daş üstündə fərdi yaşayış evi inşa etdirmişlər. Həmin evdə uzun müddət yaşamışlar, lakin aralarında yaranmış narazılıqlar səbəbindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin evin inşasına 25000 manatdan artıq pul xərcləmişlər. Həmin xərcin cavabdehlə aralarında bərabər bölünməsini istəyir. Cavabdeh isə buna razı deyildir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(073)- 1471/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Əlküşad oğlu arasında Biləsuvar rayon Qeydiyyat Şöbəsində bağlanmış 13 yanvar 2015-ci il tarixli, 21 saylı nikah pozulmuşdur. İşdə olan Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2023-cü il il tarixli, 5-41/2-xxxx/2023 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh Əlküşad oğlu ilə birlikdə Təzəkənd kəndində yaşadıqları dövrdə təsərrüfatbaşına kitabda qeydiyyata alınmış 2019-cu ildə mişar daşından inşa edilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət evləri vardır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2025-ci il il tarixli, 2(073)-23/2025 saylı qərardadı ilə, mübahisəli evdə aparılmış əsaslı tikinti və təmir işlərinin həcminin və məbləğinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirici dəvət edilmiş və qiymətləndirilmənin aparılması Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 07 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh Əlküşad oğluna məxsus olan Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 27050 manat, likvid dəyəri 23000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Əlküşad oğluna qarşı birgə nikah dövründə inşa etdirdikləri evə çəkilmiş xərcə görə 12500 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarının 3.2-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh Əlküşad oğlundan tərəflərin birgə nikah dövründə inşa etdirdikləri evə çəkilmiş xərcə görə 12500 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 120 manat dövlət rüsumu ödəmişdir. İş üzrə ödənilmiş 120 manat dövlət rüsumu Cavabdeh Əlküşad oğlundan alınıb İddiaçı verilməlidir. İş üzrə verilmiş qiymətləndirmə hesabatına görə Cavabdeh Əlküşad oğlundan 360 manat alınaraq "xxxx" MMC-nin (kod 504357, VÖEN **********, müxbir hesab AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əlküşad oğlundan 12500 (on iki min beş yüz) manat alınıb İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (bir yüz iyirmi) manat Cavabdeh Əlküşad oğlundan alınıb İddiaçı verilsin. İş üzrə verilmiş qiymətləndirmə hesabatına görə Cavabdeh Əlküşad oğlundan 360 (üç yüz altmış) manat alınaraq "xxxx" MMC-nin (kod 504357, VÖEN **********, müxbir hesab AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar