Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2467/2025 01.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh1 5000 (beş min) manat borc puluun və 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı hazırda Cəlilabad rayonu Kazımabad kəndində yaşayır. Cavabdehlər onun həmkəndliləridir. Yaşadıqları kənddə cavabdehlərə məxsus 0.63 ha pay torpaq sahəsi vardır. Cavabdehlər həmin torpaq sahəsini satmaq istədikləri üçün onunla razılaşmışlar. 2022-ci ilin yanvar ayında aralarındakı razılaşmaya əsasən 5000 manat pul müqabilində cavabdehlər öz mülkiyyətlərində olan 0.63 ha pay torpaq sahəsinin ona (iddiaçıya) satmışlar. O, pulu cavabadehlərə ödəsə də torpaq sahəsini onun adına rəsmiləşdirməmişlər. Bunu təsdiq edəcək qəbz cavabdehlər tərəfindən yazılaraq onun iştirakı ilə imzalanmışdır. Həmin vaxtdan o torpaq sahəsindən istifadə edir. Bunu təsdiq edən şahidləri də var. Sonradan cavabdehlərdən torpaq sahəsini onun adına rəsmiləşdirməsini xahiş etsə də onlar sənədləşmə işlərinin aparılması üçün Notariat ofisinə gəlməmişlər, hətta torpaqdan istifadə üçün ona etibarnamə də verməmişlər. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdehlər onu aldatmış və pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, həqiqətən də 5000 manat pulu iddiaçıdan alıblar, lakin sonradan torpağı başqa bir şəxsə satmağa qərar veriblər və iddiaçının pulunu da qaytarıblar. İşdə olan əlyazmanı isə sübut kimi qəbul etmir. Həmin əlyazmadakı xətt və imzalar onlara məxsus olsa da hesab edir ki, həmin sənəd hüquqmüəyyənedici və ya öhdəlik yaradan sənəd növü kimi qəbul edilə bilməz. Bu səbəbdən iddianı əsassız hesab edir. Pulu isə qaytarıblar, lakin bu barədə sübutları yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, qəbzə qol çəkmişdir, lakin sonradan pulu qaytarmışlar. Bu səbəbdən iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan əlyazma qəbzdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 həmin qəbzi imzalamaqla 24 yanvar 2022-ci ildə Cəlilabad rayonu Kazımabad kəndində yerləşən 0.63 ha pay torpaq sahəsini 5000 manat nağd qaydada almaqla İddiaçı satdıqlarını, gələcəkdə heç bir iddia və tələbləri olmayacağını bildirmişlər. Məhkəmə iclasında hər iki cavabdeh iddia olunan məbləğdə pulu iddiaçıdan aldıqlarını etiraf etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehlərə məxsus torpaq sahəsinin alğı-satqısı ilə bağlı şifahi formada müqavilə bağlanmış, cavabdehlər özlərinə məxsus olan torpaq sahəsini 5000 manat qarşılığında iddiaçıya qeyri-rəsmi olaraq satmışlar, lakin sonradan cavabdehlər həmin torpağı iddiaçının faktiki sahibliyinə verməmiş, torpağı başqa bir şəxsin sahibliyinə vermiş və iddiaçının pulunu qaytarmamışdırlar. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Məhkəmə iclasında müəyyən edildiyi kimi, cavabdehlər iddianı əsassız hesab etsələr də və pulu qaytardıqlarını bildirsələr də həmin halları məhkəmə iclasında sübut edə bilməmişlər. Habelə iş materiallarında olan və cavabdehlərin hər ikisi tərəfindən imzalanmış əlyazma qəbzinin məzmunu, imzaların cavabdehlərə məxsus olması mübahisələndirilməmiş, imzaların tərəflərə məxsus olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat pul və 70 (yetmiş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2467/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2467/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver