Məhkəmə qərarları › İş №2(073)-2511/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2511/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2511/2023 29.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 Vasilyevnaya qarşı alqısatqının etibarlı hesab olunması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icaat qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 Vasilyevnaya qarşı alqı-satqının etibarlı hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-971 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Vasilyevnanın mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 1.20 hektar torpaq sahəsinə dair onunla (iddiaçı ilə) cavabdehlər arasında bağlanmış alqı-satqının bağlanmış (etibarlı) hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 Vasilyevna məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 2000-ci ildə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 Vasilyevna Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 61 saylı qərarı ilə onların (cavabdehlərin) mülkiyyətinə verilmiş Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən 1.20 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini ona (iddiaçıya) satmışlar. Lakin həmin dövrdə torpaqların alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması mümkün olmadığından həmin müqaviləni rəsmilədirməmişlər. Həmin vaxtdan etibarən o (iddiaçı) torpaq sahəsinə faktiki sahiblik edir. Bu illər ərzində dəfələrlə cavabdehlərdən yuxarıda qeyd olunan torpaq sahəsini onun (iddiaçının) adına rəsmiləşdirmələrini xahiş etmiş, lakin cavabdehlər etiraz etməsələr də, müxtəlif bəhanələrlə bundan yayınmışlar. Həmin torpaq sahəsi üçün cavabdehlərə pul ödəyən zaman onlar həmin torpağa dair qəbz imzalayaraq ona (iddiaçıya) vermişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. İddiaçı ilə cavabdehlər öz aralarında alqı-satqı edərək cavabdehlərə məxsus torpaq sahəsini 2000-ci ildə iddiaçıya satmışlar. İddiaçı uzun illərdir ki, həmin torpaq sahəsinə faktiki sahiblik edir. Tərəflər aralarındakı alqı-satqı müqaviləsini notarial qaydada təsdiqlədərək rəsmiləşdirə bilməmişlər. Cavabdeh torpağın alqı-satqısının rəsmiləşdirilməsinə dair söz versə də, buna əməl etməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 və X8 şahid X3 ilə eyni məzmunlu izahat vermişlər. İşdə olan JN-971 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 61 saylı qərarı ilə Cavabdeh1, X1 və Cavabdeh3 Vasilyevnanın mülkiyyətinə Cəlilabad rayonu Uzuntəpə kəndinin ərazisindən 1.20 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan qəbzdən görünür ki, Cavabdeh1, X5 və Cavabdeh3 Vasilyevna JN-971 (kod ********) saylı dövlət aktı ilə 1.20 hektar torpaq sahəsini öz razılıqları ilə İddiaçı 150 (yüz əlli) şirvan pul müqabilində satmışlar. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, JN-627 (kod ********) saylı Dövlət aktında göstərilən 1.20 ha torpaq sahəsini 2000-ci ildən İddiaçı əkib-becərir. Beləliklə, məhkəmə iclasında müəynyən edilmişdir ki, 2000-ci ildə cavabdehlər Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 61 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən 1.20 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini iddiaçıya satmışlar. Lakin həmin dövrdə torpağın alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması mümkün olmadığından həmin müqaviləni rəsmilədirməmişlər. Həmin vaxtdan etibarən iddiaçı torpaq sahəsinə faktiki sahiblik edir və əkib-becərir. Ötən müddət ərzində həmin torpaq sahəsindən istifadə etməsi ilə bağlı iddiaçıya heç kim maneçilik törətməmişdir. Sonradan isə cavabdehin həmin kənddən köçüb getməsi səbəbindən alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsi mümkün olmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin qeyd edilən normasının tələbi baxımından tərəflər arasındakı mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənoəşdirilməlidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 86.7-ci maddəsinə əsasən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu hal da əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə tərəflər arasında həqiqətən mübahisəli torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuş, İddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan həmin əqdi tamamilə icra etmiş, lakin cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. JN-971 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Vasilyevnanın mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 Vasilyevna arasında alqı-satqı bağlanmış (etibarlı) hesab edilsin. Cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 Vasilyevna qiyabi qətnaməni aldıqları vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar