Məhkəmə qərarları › İş №2(073)-255/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-255/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-255/2023 31.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 14 noyabr 2011-ci il təvəllüdlü X1 və 16 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(073)-1299/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 14 noyabr 2011-ci il təvəllüdlü X1 və 16 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(073)-1299/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq göstərmişdir ki, o, 2010-cu il tarixdə Cavabdeh ilə faktiki olaraq evlənmiş, nikahlarını isə 30 dekabr 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 noyabr 2011-ci il tarixdə Xədicə, 16 may 2014-cü il tarixdə isə Mirəli adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra uzun müddət normal yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında narazılıqlar baş verməyə başlamış və onlar faktiki olaraq ayrılmışlar. Hazırda azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cəlilabad rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(073)-1299/2021 saylı qətnaməsi ilə 02 iyun 2005-ci il təvəllüdlü X1 və 28 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq iddiaçının Cavabdeh ilə əlaqələri tamamilə kəsilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşaqların normal saxlanılması üçün kifayət etmir. Hazırda iddiaçı heç yerdə işləmir və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh fərdi əməklə məşğul olur və tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh müəyyən olunmuş alimentdən əlavə uşaqlarının maddi cəhətdən saxlanmasında iddiaçıya heç bir köməklik etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı ilə 2002-ci ildə evlənmişdir. Nikahlarını isə 21 oktyabr 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından Xədicə və Mirəli adlı adlı iki uşaqları doğulmuşdur. İddiaçı ilə uzun müddətdir ki, ayrılmışlar, uşaqlar isə iddiaçının yanında yaşamışlar. Uşaqlarının saxlanılması hazırda hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment ödəyir. Ondan artıq aliment ödəməyə imkanı çatmır. Belə ki, heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır. Tələb edilən alimenti ödəmək iqtidarında deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(073)- 1299/2021 saylı qətnaməsinin surətindən görünür ki, 02 iyun 2005-ci il təvəllüdlü X1 və 28 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2010-cu ildə faktiki olaraq evlənmişlər, nikahlarını isə 30 dekabr 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 14 noyabr 2011-ci il tarixdə Xədicə, 16 may 2014-cü il tarixdə isə Mirəli adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər faktiki olaraq ayrılmışlar və uşaqlar iddiaçının yanında qalmışdır. Cəlilabad rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(073)-1299/2021 saylı qətnaməsinə əsasən 02 iyun 2005-ci il təvəllüdlü X1 və 28 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırda heç yerdə işləmir və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşağının maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh isə müəyyən olunmuş alimentdən əlavə uşaqlarının maddi cəhətdən saxlanmasında iddiaçıya köməklik etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda Cavabdeh aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və İddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2022-ci il üzrə hər ay 193 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə, alimentin hansı tarixdən tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 53,60 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 02 iyun 2005-ci il təvəllüdlü X1 və 28 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(073)-1299/2021 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 100 manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat müəyyən edilsin. 02 iyun 2005-ci il təvəllüdlü X1 və 28 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 53,60 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar