Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2866/2025 06.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 10 mart 2019-cu il tarixdə anadan olmuş X3 və 12 sentyabr 2020ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində hər ay hər uşağa görə 246 manat alimentin və hər ay 200 manat əlavə xərcin alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 2019cu il tarixdə anadan olmuş X3 və 12 sentyabr 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşağa görə 246 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin artırılması ilə bağlı ərizə verərək bildirmişdir ki, 10 mart 2019-cu il tarixdə anadan olmuş X3 və 12 sentyabr 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşağa görə 246 manat alimentin və hər ay 200 manat əlavə xərcin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, 2018-ci ilin may ayında cavabeh Cavabdeh ilə ailə həyatı qurmuş, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 10 mart 2019-cu il təvəllüdlü Əli və 12 sentyabr 2020-ci il təvəllüdlü Xanım adlı iki övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir neçə il münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Hazırda az yaşlı övladları ilə birlikdə ayrı yaşayır. Mustafa uşaqlarına heç bir maddi yardım göstərmədiyi üçün uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də məcbur qalaraq aliment tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa hər ay alimentdən əlavə 200 manat əlavə xərc tələb edir. Belə ki, o, cavabdehdən ayrılan zaman hamilə olmuşdur, hazırda 4 aylıq hamilədir. Hamiləlik dövrü çox çətin keçir. Mütəmadi olaraq müalicə olunur. Hər ay 200 manatdan çox müayinə və müalicələrə 200 manatdan çox xərci çıxır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, 2018-ci ilin may ayında İddiaçı ilə ailə həyatı qurmuş, lakin, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 10 mart 2019-cu il təvəllüdlü Əli və 12 sentyabr 2020-ci il təvəllüdlü Xanım doğulmuşdur. Hal-hazırda heç yerdə işləmir. Maddi imkanı zəifdir. Lakin, bir ata kimi uşağına baxmaq onun borcudur. Lakin, cavabdehin ondan tələb etdiyi hər ay 200 manat müalicə xərcini ödəməyə imkanı yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əlavə olaraq 200 manat müalicə xərci hissəsində təmin edilməməsi, sabit pul məbləğində aliment hissədə isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli, 853/12 saylı arayışdan görünür ki, X6 10 mart 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli, 854/12 saylı arayışdan görünür ki, X4 12 sentyabr 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Cəlilabad rayon X5 X10 Sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Cəlilabad şəhər, Astanlı kənd sakini xx xxxxxx 2000-ci il təvəllüdlü İddiaçı 24 sentyabr 2025-ci il tarixində ASM-də Ginekoloq tərəfindən baxış olundu, İV hamiləlik 10-11 həftəlik hamiləlik qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi iş yeri haqqında 05 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh hal-hazırda işsizdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə, iddianın aliment tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçının hər ay uşağa görə 246 manat sabit pul məbləğində aliment tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin cavabdeh hazırda da işləmir. Bununla belə məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın cavabdehə qarşı hər ay əlavə olaraq 200 manat müalicə xərcinin tutulması tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı özünün hamiləlik dövründə olması və hamiləliyə görə müalicə alması ilə bağlı sübutları məhkəməyə təqdim etsə də, cavabdehin həmin vəsaiti ödəmək imkanının olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 10 sentyabr 2025-ci il tarixdən başlayaraq 10 mart 2019-cu il təvəllüdlü X3 və 12 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 68 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 10 sentyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 10 mart 2019cu il təvəllüdlü X3 və 12 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşa üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissədə dərhal icra edilsin. Cavabdeh 68 (altımış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2866/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2866/2025
06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver