Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3875/2025 27.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 dəymiş mənəvi ziyana görə 10000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, cavabdeh İlyas İsmayılzadə ilə həmkəndlidir. Cavabdehlə aralarında mütəmadi olaraq torpaqla bağlı mübahisələr olmuşdur. Cavabdeh həmin mübahisələri təkcə onunla deyil, övladları Cəfər və Qəfərlə də davam etdirir. Cavabdeh heç bir qonşuluq münasibətlərinə hörmət etmir, əsassız və qərəzli hərəkətlərinin ucbatından onlar dəfələrlə gərgin streslər keçirmişlər. Belə ki, 20 sentyabr 2025-ci il tarixdə Boyxanlı kənd icra nümayəndəliyində yerləşən mədəniyyət klubunda cavabdeh onunla torpağa görə mübahisə edərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisədən sonra o “Paralic” keçirmiş və xəstəxanaya yerləşdirilmişdir. O, cavabdeh X2 bu kimi qanunsuz hərəkətləri ilə bağlı Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında onula birlikdə cavabdehin də izahatının alınmasından ötrü RPŞ-yə dəvət edilmişlər. Onlar rayon polis şöbəsinin inzibati binasında təhqiqatçıya izahat verərkən cavabdeh məhz təhqiqatçının yanında heç bir ədəb gözləmədən yenidən onun ünvanına nalayiq ifadələr işlətmiş, söyüşlər söymüş, qeyri-etik və təhqiramiz ifadələrdən istifadə etmişdir. Daha sonra cavabdehin barəsində Cəlilabad RPŞ-nin Təhqiqat Şöbəsi tərəfindən araşdırılma aparılmış və barəsində İXM-nin 510-cu maddəsi ilə inzibatı qaydada protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Sonra cavabdehin ona qarşı nalayiq ifadələrdən istifadə etməsi məhkəmə tərəfindən də müəyyən olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 3(073)-1563/2025 saylı, 17 noyabr 2025-ci il tarixli qərarı ilə cavabdeh X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 70 (yetmiş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o arzuolunmaz vəziyyətə düşmüş, xüsusilə ailə daxilində gərginlik və stressin yaşanması, hətta səhətində ciddi problemlərin yaranmasına səbəb olmuş, nəticədə də, qanuni hüquqlarının və mənafeyinin pozulmasına gətirib çıxarmışdır. Nəticə etibarı ilə ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Mənəvi zərər şəxsin qeyri-əmlak hüquqlarının pozulmasıdır. Qeyd edilən səbəblərdən dəfələrlə müalicələr almışdır. Onun müalicə xərcləri çıxmışdır. Bu barədə reseptlər də mövcuddur. Bunun artıq hər hansı bir hüquqi yolu olduğundan və onunla cavabdeh arasında mübahisənin daha da münaqişəli bir vəziyyətə çatmaması, məsələnin daha da gərginləşməməsi və gələcəkdə bu kimi halların qarşısının alınması səbəbindən o da məcbur qalıb məhkəməyə müraciət etmişdir ki, məsələ hüquqi müstəvidə həll edilsin. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 10000 (on min) manat dəyərində qiymətləndirir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı etiraf etməyərək izahatında bildirdi ki, o, İddiaçı ilə həmkəndlidir, aralarında torpaq sahəsi ilə mübahisə vardır və həmin torpaq mübahisəsi ilə məhkəmənin icraatında mülki iş vardır. İddiaçı iki ildən çoxdur ki, onun mülkiyyətində olan 0,89 hektar torpaq sahəsini zəbt edərək əkin-biçin işləri görür. İddiaçıdan həmin zəbt etdiyi torpaq sahəsini dəfələrlə tələb etməsinə baxmayaraq, İddiaçı buna məhəl qoymur. Dəfələrlə Boyxanlı kənd bələdiyyəsi tərəfindən İddiaçı izah edilmişdir ki, bu torpaq sahəsi ona (X3) məxsusdur.. O, iddiaçı ya və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr, heç bir qeyri-etik ifadələr işlətməmiş və iddiaçıya zor tətbiq işlədməmişdir. 20 sentyabr 2025-ci il tarixdə Cəlilabad rayonu Boyxanlə kənd icra nümayəndəliyində yerləşən klubunda olan zaman iddiaçı oraya gəlmiş və ona qarşı nalayiq ifadələr işlətmiş, İddiaçı yaşının çox olmasını nəzərə alıb iddiaçıya qarşı heç bir hərəkət və söz deməyərək oradan çıxıb getmişdir. İddiaçının ona qarşı dedikləri şər və böhtandır. İddiaçı dəfələrlə ona qarşı qərəzli şikayətlər etmiş, şər və böhtanlar atmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı cavabdehdən dəymiş mənəvi ziyana görə 10000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi tələbində haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli qərarının 2.2.1-ci bəndinə göstərilmişdir ki, insan ləyaqəti qorunur və ona hörmət edilir, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncə və əzaba, insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Həmin qərarın 2.2.6-cı bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. Həmin qərarın 2.2.7-ci bəndində göstərilmişdir ki, odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. Həmin qərarın 2.2.8-ci bəndində göstərilmişdir ki, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. İşgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. Həmin qərarın 5.4-cü bəndində göstərilmişdir ki, mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Həmin qərarın 7.3-cü bəndində göstərilmişdir ki, mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ərizəsində və izahatında cavabdeh tərəfindən təhqir olunmasını və bu səbəbdən də 10000 manat mənəvi ziyan dəyməsini qeyd etsə də, həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iş materialları ilə də cavabdehin iddiaçı tərəfindən təhqir olunması və 10000 manat mənəvi ziyan yetirilməsində iddiaçının təqsirinin olması öz təsdiqini tapmamış və buna görə də yetirilmiş ziyanla bağlı cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Bundan başqa məhkəmə araşdırması zamanı da cavabdeh tərəfindən iddiaçıya 10000 manat məbləğində mənəvi ziyan vurulması halları öz təsdiqini tapmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı cavabdehdən dəymiş mənəvi ziyana görə 10000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 16 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 120 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı cavabdeh X3 qarşı cavabdehdən dəymiş mənəvi ziyana görə 5000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3875/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3875/2025
27.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver