Məhkəmə qərarları › İş №2(073)-59/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-59/2023

16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-59/2023 16.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X19, Cavabdeh X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı 27 mart 2012-ci il təvəllüdlü X9 iddiaçının himayəsində yaşamasının müəyyən olunması və həmin uşağa münasibətdə aliment öhdəliyinə xitam verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 mart 2012-ci il təvəllüdlü X9 iddiaçının himayəsində yaşamasının müəyyən olunması və həmin uşağa münasibətdə aliment öhdəliyinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh soyadının Həsənova kimi yazılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, cavabdeh X13 ilə 06 iyun 2010-cu ildə faktiki evlənərək, nikahlarını 07 mart 2011-ci il ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 mart 2012-ci ildə Xədicə adlı uşaqları doğulmuşdur. Uzun müddət ailə kimi mehriban yaşasalar da, sonradan aralarında olan narazılığa görə ailə münasibətləri pozulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və uşaqları Xədicənin anasının yanında yaşaması müəyyən edilmişdir. Lakin Xədicə 2022-ci ilin aprel ayından keçmiş arvadı Nərminin nalayiq hərəkətlərinə görə könüllü olaraq anasından ayrılaraq onunla birlikdə yaşayır. Həmin vaxtdan həmişə uşağının qayğısına qalmış və bir valideyn kimi uşağının yaxşı yaşaması üçün əlindən gələni etmişdir. Cavabdeh isə uşağına qarşı biganə olmuş və uşağının qayğısına qalmamışdır. Uşaq onun yanında yaşadığı bu müddət ərzində həyatından və onun uşağa olan qayğısından məmnundur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatına Xədicə anası ilə qarşılaşmamaq üçün qəti olaraq getmək istəməmişdir və ona bunu məcbur edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X24 iddianı müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X13 iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, o, 2010-cu ildə İddiaçı ilə faktiki evlənərək, nikahlarını 07 mart 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 mart 2012-ci ildə Xədicə adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə ailə münasibətləri pozulmuş və bu səbəbdən o, Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və uşaqları Xədicənin onun yanında yaşaması müəyyən edilmişdir. Xədicə mütamadi olaraq atası ilə görüşüb ünsiyyətdə olmuş, həmçinin müəyyən müddətlərdə atası ilə qalmışdır. Lakin Xədicə 2022-ci ilin aprel ayının axırlarında həmişə olduğu kimi atası İddiaçıla görüşməyə getmiş və bundan sonra atası ilə birlikdə qalmışdır. O, həmişə qızı Xədicəyə yaxşı baxmış və bir valideyn kimi onun qayğısına qalmışdır. Lakin keçmiş əri, hazırki iş üzrə İddiaçı qızı Xədicəyə təsir göstərərək onunla qalmasına imkan vermir. Bu səbəbdən də o, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X6 və pedaqoq X1 iştirakları ilə fikri dinlənilmiş 27 mart 2012-ci il təvəllüdlü X16 bildirdi ki, 11 yaşı olmaqla 5-ci sinifdə oxuyur. Valideynləri uzun müddətdir ki, ayrılmışlar. Valideynləri ayrıldıqdan sonra o, anasının yanında qalmışdır. Hər il məktəb tətillərdə gedib atası ilə bir neçə müddət qalmışdır. Lakin sonuncu dəfə 29 aprel 2022-ci il tarixdə atası ilə qalmağa getmiş və anasına qayıtmaq istəməməsinin səbəbini nənəsinə bildirmişdir. Buna səbəb anasının ona qarşı etdiyi hərəkət və davranışlarından əzab çəkməsi olmuşdur. Hazırda atası ilə birlikdə yaşayır, nəinki anasının yanında yaşamaq istəyir, hətta anasının bəzi hərəkətlərinə görə onu görmək belə istəmir. Ekspertiza tədqiqatına anasını görmək istəmədiyi üçün getməmiş və bundan sonra da getməyəcəkdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X14 izahat verərək bildirdi ki, İddiaçı cavabdeh X8 qarşı 27 mart 2012-ci il təvəllüdlü X9 iddiaçının himayəsində yaşamasının müəyyən olunması və həmin uşağa münasibətdə aliment öhdəliyinə xitam verilməsi tələbi ilə əlaqədar olaraq iddiaçı və cavabdehin mənzil-yaşayış şəraiti və gəlirləri araşdırılarkən müəyyən olundu ki, İddiaçı Cəlilabad rayonu Günəşli kəndində atasına məxsus evdə yaşayır. Evin bütün kommunal şəraiti var. İddiaçı Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbdə texnalogiya müəllimi işləyir və ayda 575 manat əmək haqqı alır. X3 təqaüdçüdür, ayda 500 manat təqaüd alır, X4 da təqaüdçüdür, ayda 325 manat təqaüd alır. Cavabdeh Cəlilabad şəhəri, H.Əliyev prospekti ev 205, mənzil 11-də bina evində kirayədə yaşayır və evin bütün kommunal şəraiti vardır. Cavabdeh “Nuranə” tibb mərkəzində işləyir və ayda 345 manat əmək haqqı alır. Yetkinlik yaşına çatmayan 27 mart 2012-ci il təvəllüdlü X16 atası İddiaçıla birlikdə yaşayır və Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbinin 5-ci sinifində oxuyur. Komissiyada yetkinlik yaşına çatmayan Xədicə Çobanova ilə söhbət aparılmışdır. O, söhbət zamanı atası İddiaçı ona daha yaxşı baxdığını və bundan sonra da atası ilə birlikdə qalmaq istədiyini bildirmişdir. Ona görə də uşağın atasının yanında yaşaması məqsədəmüvafiqdir. Məhkəmə iş üzrə tərəflərin izahatını, Xədicə adlı uşağı dinləyərək, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qanunvericiliyin tələbləri baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(073)-2814/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən cavabdeh İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 27 mart 2012-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh verilməsi, alimentin tutulmasının 17 oktyabr 2018-ci il tarixdən hesablanması və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(073)- 140/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 07 mart 2011-ci il tarixli nikahın pozulması, iddiaçı Cavabdeh nikahdan əvvəlki Hüseynova soyadını daşımaq hüququnun verilməsi, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən 15 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutulması və iddiaçı Cavabdeh həmin xərcdən azad edilməsi, 27 mart 2012-ci il tarixdə anadan olmuş X9 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 268/12 saylı doğum haqqında arayışdan görünür ki, X16 27 mart 2012-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası isə X7r. İşdə olan Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının 03 mart 2023-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik komissiyası iddiaçının və cavabdehin məişət şəraitini və gəlirlərinin vəziyyətini öyrənib tədqiq etmiş və məsələyə ilk növbədə yetkinlik yaşına çatmayan Xədicə Çobanovanın mənafeyi baxımından yanaşmışdır. Müəyyən edilmişdir ki, İddiaçı Cəlilabad rayonu Günəşli kəndində atasına məxsus evdə yaşayır. Ev aşağı hissəsi daşdan, yuxarı hissəsi isə çərçivədən tikilmiş birmərtəbəli, ümumi sahəsi 90 m2 olan bir otaq, bir eyvan və bir mətbəxdən ibarətdir. Bütün kommunal şəraiti var. Həyətyanı sahə 1 ha təşkil edir. İddiaçı Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbdə texnalogiya müəllimi işləyir və ayda 575 manat maaş alır. X3 təqaüdçüdür, ayda 500 manat təqaüd alır. X4 təqaüdçüdür, ayda 325 manat təqaüd alır. Cavabdeh Cəlilabad şəhəri, H.Əliyev prospekti ev 205, mənzil 11-də bina evində kirayədə yaşayır. Ev üç otaq və bir mətbəxdən ibarətdir. Bütün kommunal şəraiti vardır. Cavabdeh “Nuranə” tibb mərkəzində işləyir və ayda 345 manat maaş alır. Yetkinlik yaşına çatmayan 27 mart 2012-ci il təvəllüdlü X16 atası İddiaçıla birlikdə yaşayır və Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbinin 5-ci sinifində oxuyur. Komissiyada yetkinlik yaşına çatmayan Xədicə Çobanova ilə söhbət aparılmışdır. O, söhbət zamanı atası İddiaçı ona daha yaxşı baxdığını və bundan sonra da atası ilə birlikdə qalmaq istədiyini bildirmişdir. Komissiya göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsini nəzərə alaraq Xədicə Çobanovanın atası İddiaçıla birlikdə qalmasını məqsədəmüvafiq hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, 11/542 nömrəli rəydən görünür ki, Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində 27 mart 2012-ci il təvəllüdlü X9 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Cavabdeh psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosional-iradi sferasında normadan kənara çıxma halları müəyyən olunmur. İddiaçı məhkəmə-psixoloji müayinəyə təqdim edilmədiyindən onun barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. 27 mart 2012ci il təvəllüdlü X16 məhkəmə-psixoloji müayinəyə təqdim edilmədiyindən onun barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 06 iyun 2010-cu ildə faktiki evlənərək, nikahlarını 07 mart 2011-ci il ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 mart 2012-ci ildə Xədicə adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər faktiki olaraq ayrılmışlar, Cəlilabad Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(073)-2814/2018 saylı qətnaməsi ilə İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 27 mart 2012-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(073)-140/2019 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış 07 mart 2011-ci il tarixli nikah qeydi pozulmuş və 27 mart 2012-ci il tarixdə anadan olmuş X9 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. 2022-ci ilin aprel ayından tərəflərin birgə nikahlarından doğulmuş 27 mart 2012-ci il təvəllüdlü X16 atasının himayəsində yaşamış və həmin müddət ərzində iddiaçı öz uşağına münasibətdə valideynlik vəzifələrini yerinə yetirmişdir. X9 hazırda atası İddiaçı qarşı emosional bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müşahidə olunur. X2 hazırda anası Cavabdeh qarşı emosional bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmır. X16 atası İddiaçı yanında qalaraq daha çox atası ilə ünsiyyətdə-təmasda olur və bu şəraitdə mövcud həyat tərzinə adaptasiya (uyğunlaşma) olunur. Məhkəmə iclasında Xədicə məhkəmə psixoloji ekspertizasına getmək istəmədiyini və bundan sonra da getməyəcəyini bildirmişdir. Ailə Məcəlləsinin 60-cı maddəsinin dispozisiyasına əsasən, uşağın yaşayış yeri barəsində mübahisəni həll edən məhkəmə ilk növbədə uşağın mənafeyindən çıxış etməlidir. Bununla belə, vacib amillərdən biri valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə görə uşağı daha yaxşı tərbiyə edəcəyinin müəyyən olunmasıdır. Həmçinin, məhkəmə valideynlərin uşağa münasibətini, uşağın yaşını, sonuncunun valideynlərə bağlılığını, onun istəyini nəzərə almalıdır. Beləliklə uşağın yaşayış yerinin müəyyən olunması üçün əsas şərt valideynin tərbiyəvi keyfiyyətidir. Bununla əlaqədar olaraq onun mənəvi dəyərlərinə qiymət verilməli, həmçinin uşağın tərbiyəsinə və inkişafına şəraitin yaradılması imkanı araşdırılmalıdır. Bundan başqa, məhkəmə uşağın valideynlərdən hər biri ilə münasibətlərini aydınlaşdırmalıdır. Qeyd olunmalıdır ki, tərbiyə prosesi bir sıra əsasən pedoqoji xarakterli məsələləri ehtiva edir. Bununla əlaqədar olaraq valideynlərin tərbiyəvi keyfiyyətləri-irəli sürülmüş iddianın taleyinin müəyyən olunmasında vacib meyardır. Beləliklə, məhkəmə hesab edir ki, valideynlər uşağa münasibətdə barəbar hüquq və vəzifələrə bərabər olsalar belə, üstünlük o, valideynə veriləmlidir ki, uşağın lazımi qaydada tərbiyə olunması üçün daha əlverişil şərait yaradır və yarada bilər. İş materiallarından da Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının 03 mart 2023-cü il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 11/542 nömrəli rəylərindən göründüyü kimi İddiaçı Cəlilabad rayonu Günəşli kəndində atasına məxsus evdə yaşayır. Həmin evin aşağı hissəsi daşdan, yuxarı hissəsi isə çərçivədən tikilmiş birmərtəbəli, ümumi sahəsi 90 m2 olan bir otaq, bir eyvan və bir mətbəxdən ibarət olmaqla bütün kommunal şəraiti var. Evin həyətyanı sahəsi 1 ha təşkil edir. İddiaçı Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbdə texnalogiya müəllimi işləyir və orta aylıq əmək haqqı 575 manat təşkil edir. Yetkinlik yaşına çatmayan 27 mart 2012-ci il təvəllüdlü X16 atası İddiaçıla birlikdə yaşayır və Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbinin 5-ci sinifində oxuyur. Eyni zamanda müəyyən oldunduğu kimi X15 atasına daha çox emosional bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq kimi) vardır və onunla yaşamaq istəyir. Lakin anası Cavabdeh qarşı emosional bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq kimi) bağlılığı üzə çıxmır. X21 atası ilə yaşadığı müddətdə anası ilə ünsiyyətdə olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, X15 anasına verilməsi əsəb sarsıntısına və digər mənfi nəticələrə səbəb ola bilər, çünki uşaq anasını yad bir insan kimi qəbul edəcək. Bu isə X15 hüquqlarının əhəmiyyətli pozuntusuna gətirib çıxaracqdır, halbuki uşağın hüquqlarının müdafiəsi valideynlərinin hüquqlarının müdafiəsinə münasibətdə daha üstündür. X15 öyrəşdiyi həyat şəraitinin dəyişdirilməsi də göstərilən nəticələrə səbəb ola bilər, halbüki uşağın yaşayış səviyyəsi valideynlərdən birinin istəyi ilə pisləşdirilə bilməz. Göründüyü kimi X15 atası İddiaçı yanında yaşaması üçün daha yaxşı və əlverişli şərait vardır. Odur ki, məhkəmə tərəflərin birgə nikahından doğulmuş 27 mart 2012-ci il təvəllüdlü Xədicə adlı uşağın atasının yanında yaşamasının müəyyən edilməsi ilə bağlı qəti nəticəyə gəlir. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, uşağın atasında qalması onun anası olan Cavabdeh ilə görüşməsinə məhdudiyyət kimi başa düşülə bilməz. Cavabdeh gələcəkdə uşağı ilə görüşməyin şərtləri və qaydaları ilə bağlı məhkəməyə müraciət hüququna malikdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikaksı Konistitusiya Məhkəməsi Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına uyğunluğunu yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Antonyuk Rusiya Federasiyasına qarşı işi üzrə» 01 avqust 2013-cü il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, bu mülki araşdırma zamanı iki qanuni valideynin maraqları qarşı-qarşıya gəlmişdir. Rusiya Hüququnda uşağın yaşayış yeri müəyyən edilərkən geniş alternativ imkanlar nəzərdə tutulmadığından mili hakimiyyət orqanlarının valideynlərdən birinin xeyrinə qərarı qəbul etməkdən başqa seçimi olmamışdır. Bu halda, …..ölkə məhkəmələri ərizəçinin maraqlarının müdafiəsini təmin etməli, eləcə də araşdırmanın digər tərəfi, uşaqların atasının maraqlarını nəzərə almalıdırlar. Bundan başqa, nəyin uşağın ən yaxşı mənafelərinə cavab verməsi məsələsinin nəzərdən keçirilməsi bütün bu cür işlərdə həlledici əhəmiyyətə malikdir. ….«Avropa Məhkəməsi xatırlatmışdır ki, işdə uşağın ən yaxşı maraqlarına cavab verən halların müəyyən edilməsi başlıca əhəmiyyətə malikdir. Bu tələbin yerinə yetirilməsi üçün uşaqların yaşayış yerinin müəyyən edilməsi zamanı onların anna ilə yaşamasının mənfi nəticələrə səbəb olacağı və onların həyatı üçün ehtimal olunan təhlükəli məsələləri… məhkəmə tərəfindən yüksək diqqətlə araşdırma tələb edir. Məhkəmə iclasında müəyyən edildiyi kimi 2022-ci ilin aprel ayından tərəflərin birgə nikahlarından doğulmuş 27 mart 2012-ci il təvəllüdlü X16 atasının himayəsində yaşamış və iddiaçı öz uşağına münasibətdə valideynlik vəzifələrini yerinə yetirmişdir və ona görə də iddiaçının Xədicə adlı uşağa görə alimenti ödəməkdən azad edilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahlarından doğulmuş 27 mart 2012-ci il təvəllüdlü X9 29 aprel 2022-ci il tarixdən İddiaçı himayəsində yaşaması müəyyən olunmalı və İddiaçı Xədicə adlı uşağına görə alimentin ödənilməsi öhdəliyinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 120 (bir yüz iyirmi) manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X5 birgə nikahlarından doğulmuş 27 mart 2012-ci il təvəllüdlü X9 İddiaçı himayəsində yaşaması müəyyən olunsun. İddiaçı Çobanov X10 Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(073)- 2814/2018 saylı qətnaməsi üzrə 27 mart 2012-ci il təvəllüdlü X12 münasibətdə alimentin ödənilməsi öhdəliyinə xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 120 (bir yüz iyirmi) manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar