Məhkəmə qərarları › İş №2(073)-781/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-781/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-781/2024 20.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, cavabdehlərdən Cavabdeh2 onun oğlu Elsevər Şükürlünün həyat yoldaşı olmuş və onların birgə yaşadığı dövrdə bir övladları doğulmuşdur. Hal-hazırda oğlu Elsevər Şükürlü ilə Cavabdeh2 arasında rəsmi nikah olmasa da faktiki ayırlmışlar. Digər Cavabdeh1 isə Cavabdeh2 anasıdır. Belə ki, Cavabdeh2 oğlu Elsevər Şükürlüyə qarşı Cəlilabad rayon məhkəməsində atalığın müəyyən olunması və aliment tələbi ilə bağlı iddia qaldırmışdır. Qeyd edilən tələb üzrə o, oğlu Elsevər Şükürlünün etibarnamə üzrə nümayəndəsi qismində məhkəmədə iştirak etmək üçün xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon məhkəməsinə gəlmişdir. Həmin mülki işin hazırlıq iclası keçirildikdən sonra o, məhkəmənin inzibati binasının 2-ci mərtəbəsində olarkən gözləmədiyi anda cavabdehlər ona yaxınlaşaraq onu təhqir etməyə başlamışlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 ona yaxınlaşaraq üzünə tüpürmüş və ardınca ona qarşı “utanmaz”, “şərəfsiz” və s. kimi nalayiq sözlərdən istifadə etmişdir, elə həmin vaxt digər Cavabdeh2 da ona qarşı “alçaq”, “kaftar”, “şərəfsiz”, “oğraş” kimi təhqiramiz sözlər işlətmişdir. Onlar qadın olduqları üçün və həmin yer inzibati bina olduğundan o, cavabdehlərin hərəkətlərinə qarşı səbr və dözümlülük nümayiş etdirmiş, lakin buna baxmayaraq cavabdehlər aqressiv hərəkətlərindən və nalayiq ifadələr işlətməkdən əl çəkməmişlər. Bu hadisəni görən insanların köməkliyi ilə cavabdehləri çətinliklə də olsa ondan uzaqlaşdırmışlar. Həmin hadisədə cavabdehlər onun şərəf və ləyaqətini alçaltmışlar, cavabdehlərin hərəkətləri onu hal-hazırda dözülməz bir həddə çatdırmışdır. O, həmin vaxt çox kəskin mənəvi sarsıntı keçirmiş, hazırda özü də İİ qrup əlildir. Bu hal onun səhətində çox ciddi bir problemin yaranmasına səbəb olmuşdur. O, da cavabdehlərin bu qanunsuz hərəkətlərinə son qoyması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərin qanunsuz hərəkətlərini təsdiq edəcək şahidləri də vardır və həmin şahidlər məhkəmə iclasına çağrılacağı təqdirdə bu faktı təsdiq edə biləcəklər. Həmin hadisədə o, cavabdehlər tərəfindən şərəf və ləyaqətini alçaldılmış hesab etmişdir. Cavabdehlər əsassız yerə ona mənəvi ziyan vurduqları üçün, o, da cavabdehlərin qanunsuz hərəkətlərinə son qoymaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı onun keçmiş qudası olmuşdur. Belə ki, qızı Cavabdeh2 İddiaçı oğlu Elsevər Şükürlü ilə 29 may 2022-ci il tarixdə el adətinə uyğun toy edib, ailə qurmuşlar. Onların faktiki nikahından qız uşaqları 15 mart 2023-cü il təvəllüdlü Afra doğulmuşdur. Lakin sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. O, iddianı əsassız hesab edir ona görə ki, nə o, nə də ki, digər Cavabdeh2 İddiaçı heç vaxt təhqir etməmişik. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə bir yerdə işləyir. 2023-cü ilin sentyabr ayında işlədiyi sexin həyətində olarkən, İddiaçı məhkəmə iclasında iştirak etmək məqsədi ilə Cəlilabad rayon məhkəməsinə getmək istədiyini və şəkər xəstəsi olduğu üçün əlində vacib işi olmadığı təqdirdə onunla gedə biləcəyini soruşmuş, o, da öz növbəsində razılıq verərək İddiaçıla birlikdə Cəlilabad rayon məhkəməsinə gəlmişlər. O, məhkəmənin dəhlizində gözləmiş, İddiaçı məhkəmə iclas zalına girmişdir. İddiaçı məhkəmə iclas zalından dəhlizə çıxmış və onun ardı ilə iclas zalından çıxan iki qadın İddiaçı üzərinə gedərək onu təhqir etməyə başlamışlar. Həmin vaxat ilk öncə bir nəfər otaqdan çıxıb onları ayırmış, sonra o və məhkəmənin inzibati binasının dəhlizində olan insanların köməkliyi ilə cavabdehləri iddiaçıdan aralaşdırıb uzaqlaşdırmaqla mübahisəni sakitləşdirmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, İddiaçı rayon sakini kimi tanıyır, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə hazırki mülki iş üzrə yaranan mübahisə zamanı tanımışdır. O, 2023-cü ilin təxminən sentyabr ayında məhkəmənin arxivindən sənəd götürmək məqsədi ilə məhkəməyə gəlmişdir. Həmin gün məhkəmənin inzibati binasının ikinci mərtəbəsində sənədini almaq üçün gözləyərkən, İddiaçı məhkəmə iclas zalından dəhlizə çıxmış və onun ardı ilə iclas zalından çıxan cavabdehlər Cavabdeh1 və Cavabdeh2lar İddiaçı üzərinə gedərək onu təhqir etməyə başlamışlar. Həmin vaxat o və məhkəmənin inzibati binasının ikinci mərtəbəsinin dəhlizində olan insanların köməkliyi ilə cavabdehləri iddiaçıdan aralaşdırıb uzaqlaşdırmaqla mübahisəni sakitləşdirmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əvvəllər qohumluq əlaqələri olmuş və həmin qohumluq münasibətləri pozulduğundan, aralarında mülki mübahisə yaranmışdır. Belə ki, iddiaçının oğlu Elsevər Şükürlü ilə Cavabdeh2 faktiki nikah münasibətlərində olmuşlar, lakin sonradan ailə münasibətləri pozulmuş və nəticədə ayrılmışlar. İddiaçı Cavabdeh2 oğlu Elsevər Şükürlüyə qarşı Cəlilabad rayon məhkəməsində atalığın müəyyən olunması və aliment tələbi ilə bağlı oğlu Elsevər Şükürlünün etibarnamə üzrə nümayəndəsi qismində məhkəmədə iştirak etmək üçün məhkəmə iclasına gəldiyini və həmin mülki işin hazırlıq iclası keçirildikdən sonra onun məhkəmənin inzibati binasının 2-ci mərtəbəsində olarkən gözləmədiyi anda cavabdehlər tərəfindən təhqir olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənəvi zərərə görə 10000 manat alınaraq ona verilməsi tələbində haqlı deyildir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdehlər tərəfindən təhqir olunması, şərəf və ləyaqətinin alçaldılmasını qeyd etsə də, həmin hal iş materialları ilə təsdiq olunmur. Həmçinin iddiaçı tərəfindən məhkəməyə onun təhqir olunması, şərəf və ləyaqətinin alçaldılması barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X3 və X4 qarşı cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar