Məhkəmə qərarları › İş №2(073)-897/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-897/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-897/2024 17.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 5000 (beş min) manat mənəvi zərər və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu alınaraq ona ödənilməsinə tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat mənəvi zərər və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu alınaraq ona ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhəri Kommunal müəssisələr kombinatının direktoru vəzifəsində işləyir. Onun Cavabdeh ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh Şabanlı kənd sakini kimi qiyabi olaraq tanıyır. Cavabdeh xx.xx.2023-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası Prezidentinə və Prezident Administrasiyasına ərizə ilə müraciət edərək, “o işlədiyi yerdə yaxın qohumlarını işlədir”, əlavə olaraq “İsgəndərovlar xalqın qanını sovurur, İddiaçı oğulları həbsdədir” ifadələrini qeyd etmişdir. Cavabdeh onun barəsində qeyd etidyi şər və böhtan xarakterli sözləri onun şərəf və ləyaqətini alçaltmışdır. Həmin ərəfələrdə onun ali təhsilli oğlu dövlət orqanlarında işə düzəlmək üçün test və müsabiqələrdən keçmiş, lakin Cavabdeh bu böhtan və şikayətlərinə görə oğlunun işə düzəlməsi məsələsi həllini tapmamışdır. Bundan əlavə Cavabdeh onun Cəlilabad şəhərində yerləşən iş yerinə gələrək, oğluna, yeznəsinə və digər qohumlarına iş istəmiş, o, isə cavab olaraq “işə vətəndaş qəbul edə bilmirəm” demişdir. Bundan sonra isə Cavabdeh ona şər və böhtan atacağını bildirmişdir. Bu zaman onun yanında Bəxtiyar Paşayev və X3 da olmuşdur. O, bu barədə Cəlilabad rayon Polis Şöbəsinə öz konstitision hüququndan yararlanaraq müraciət etmişdir. Onun ərizəsi üzrə N 3-13-71/2-4742/2024 saylı xx.xx.2024-cü il tarixində Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elnur Kazımov cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək şərəf və ləyaqətin müdafiəsi üçün habelə böhtanla bağlı rayon məhkəməsinə müraciət hüququnun olduğunu izah etmişdir. Odur ki, şərəf və ləyaqətinin müdafiəsi üçün və böhtanla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə Cavabdeh ona qarşı hərəkəti nəticəsində o arzuolunmaz vəziyyətə düşmüş, xüsusi ilə ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. O, cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 5000 manat dəyərində qiymətləndirir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonunun Şabanlı kəndində yaşayır. İddiaçı Cəlilabad şəhəri Kommunal müəssisələr kombinatının direktoru vəzifəsində işləyir. Onun İddiaçıla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, iddiaçıya böhtan atmamış, nə yazıbsa düzünü yazmış. Bir vətəndaş kimi haqlı olaraq iddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə və Prezident Administrasiyasına müraciət etmişdir. O, İddiaçı iş yerinə getməmiş, nə də oğluna və digər qohumlarına iş istəməmişdir. O, iddiaçı ilə barışır, lakin iddiaçı barışmırsa özü bilər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş dövlət orqanlarının ünvanına yazılmış ərizələrin surətindən müəyyən olundu ki, Cavabdeh İddiaçı ünvanına şərəf və ləyaqəti ləkələyən məlumatlar bildirmiş və yaymışdır. Cavabdeh İddiaçı barəsində dövlət orqanlarına ünvanlamış ərizələrində qeyd etdiyi fikirlərlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş materiallarındakı sübutları tədqiq edərək, müəyyən etdi ki, Cavabdeh həmin ifadələrində İddiaçı şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə yol verilmiş, nəticə etibarı ilə cavabdehin yalan fikirləri Azərbaycan Respublikasını MM-nin 23cü maddəsi (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) ilə nizamlanan hüquq münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətini dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəfini və ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə idiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Eləcə də, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış və iddiaçını əsassız olaraq onun ailəsini dağıtmaqda ittiham etmişdir. Məlumatlardan isə görünür ki, ifadə olunmuş fikirlər İddiaçı şərəf və ləyaqətini ləkələyir, həmin yalan məlumatlar cəmiyyətdə iddiaçı haqda mənfi təsəvvürlərin formalaşmasına səbəb olur ki, bu da belə deməyə əsas verir ki, həmin düzgün olmayan məlumatlar iddiaçının şərəf və ləyaqətinə toxunur, onun işgüzar nüfuzuna xələl gətirir və mənəvi sarstıntılar keçirməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə və Prezident Administrasiyasına İddiaçı ünvanına şərəf və ləyaqətin alçaldan, işgüzar nüfuzuna ləkə gətirən və həqiqətə uyğun olmayan məlumatlar əks etdirən əsassız ərizələr yazmışdır. Nəticədə Cavabdeh 500 manat məbləğində vurulmuş mənəvi zərər alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat alınıb İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 (yetmiş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar