Məhkəmə qərarları › İş №2(074)-1088/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1088/2022

20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1088/2022 20.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş David adlı, xx.xx.2014-cü il tarixdə doğulmuş Bəxtiyar adlı iki oğlunun və xx.xx.2016-cı il tarixdə doğulmuş Nurcan adlı bir qızının saxlanmaları üçün ataları Cavabdeh hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 04 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahan xx.xx.2011-ci il tarixdə David adlı, xx.xx.2014-cü il tarixdə doğulmuş Bəxtiyar adlı iki oğlu və xx.xx.2016-cı il tarixdə doğulmuş Nurcan adlı bir qızı var. Evləndiyi ilk günlərdən münasibətləri elə də yaxşı olmamışdır. Amma üç uşağı olduğunu nəzərə alaraq dözmüş, buna görə də boşanmaq istəməmişdir. Cavabdeh başqa qadınlarla münasibət qurub, ailənin dağılmasını istəmədiyindən dözüb oturmuşdur. Amma son üç ayda münasibətləri tamam pozulmuşdur. Radim evə gəlmir. Münasibətdə olduğu həmin qadının yanında qalır, evə uşaqlarının yanına gəlmir, hətta gəlib onlarla birlikdə yaşayan yaşlı anasının da ziyarət etmir. Sonra da boşanma üçün ərizə verib. O, bir söz demir, boşanmaq istəyir, boşansın. Amma uşaqların onun yanında qalacaqlar. Onların saxlanması üçün Radimdən aliment alınaraq ona verilməsini istəyir. Radim qəbir daşı düzəldir, amma bir manat da olsun evə uşaqlarına pul göndərmir. Mediasiyaya müraciət etmiş. Ona telefonla dedi ki, üç uşağa 330 manat verə bilər. Amma o razılaşmayıb, heç olmasa 450 manat verməsini istəyib. Buna da o razı olmadı. Mediasiyada razılaşa bilməyiblər. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. O, üç uşağının saxlanması üçün hər ay Radimdən hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh uşaqlarla maraqlanmır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, xx.xx.2011-ci il tarixdə doğulmuş David adlı, xx.xx.2014-cü il tarixdə doğulmuş Bəxtiyar adlı iki oğlunun və xx.xx.2016-cı il tarixdə doğulmuş Nurcan adlı bir qızının saxlanmaları üçün hər ay hər uşağa görə 110 manat aliment ödəyə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 710988 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci ildə Şamaxı şəhəri anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ № 334993 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü ildə Şamaxı şəhəri anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ № 672740 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı ildə Şamaxı şəhəri anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 12 sentyabr 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 70.40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 12 sentyabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 70,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar