Məhkəmə qərarları › İş №2(074)-1123/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1123/2023

22.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1123/2023 22.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2012ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Mediasiya prosesi zamanı bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, hər iki tərəf nikahın ləğvinə razıdır və ikinci tərəf Cavabdeh hər ay 4 uşağa sabit pul məbləğində 240 manat aliment verməyə razıdır. Birinci tərəf İddiaçı 240 manat sabit pul məbləğində alimentin alınmasına razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında alimentin ödənilməsinə dair barışıq sazişi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Məhkəmə izah edir ki, Cavabdeh aralarında olan barışıq sazişinin icrasından yayınırsa İddiaçı barışıq sazişi məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar