Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1270/2023 23.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iş materiallarını nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin və mediasiya xərcinin yarısını təşkil edən 25 manat pulun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-1423/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh ünvanı Şamaxı rayonuna aid olduğundan, həmin mülki işə ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Qazax Rayon Məhkəməsi mülki işin aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsində haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə yaşayış yeri üzrə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda, həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Göründüyü kimi, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş seçim hüququndan istifadə edərək, iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan, onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Belə olan halda, hazırki mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı olduğundan, yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1270/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1270/2023
23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver