Məhkəmə qərarları › İş №2(074)-1531/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1531/2025

17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1531/2025 17.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 saylı, xx.xx.2025-ci qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin azaldılması, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay onun pensiyasının ½ və ya 50%-i məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurub. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2017ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Onunla Cavabdeh arasında olan nikahları xx.xx.2019-cu ildə pozulub, birgə nikahdan doğulmuş xx.xx.2017ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 Cavabdeh yanında qalması və onların saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ayda hər uşaqa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində indeksasiya edilmişdir. O, epilepsiya xəstəsidir. Bundan başqa onda bir sıra xəstəliklər mövcuddur. Onun aylıq müalicəsi və müayinəsi üçün kifayət qədər böyük vəsait sərf olunur. Alimentin miqdarının həcminin həddən artıq çox olması həmin xərcləri tam qarşılamağa imkan vermir. Odur ki, təyin edilmiş alimentin miqdarının həcmi azaldılmalıdır. O, boşanandan sonra ailə qurub. Hesab edir ki, pensiyasının (qazancıbın) ½ hissəsinin (50%) Cavabdeh ödənilməsi məqsədə müvafiqdir. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmayıb, mediatorun bu barədə arayışını iddia ərizəsinə əlavə edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun yoldaşı xəstədir. Alimenti ödəməyə imkahı çatmır. 250 manat pensiya alır. Ondan başqa gəliri yoxdur. O işləmir, çünki, onu tək qoya bilmir. Əvvəl hər uşağa görə çətinliklə 100 manat ödəyirdilər, daha sonra 160 manat olub. Qarşı tərəf işləyib uşaqlarına baxa bilər. Onun yoldaşı imkanı çatan qədər köməklik edir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə izahat verərək bildirdi ki, alimentin azalmasına etiraz edir. Uşaqların tələbatları artır. Vaxtlı-vaxtında alimenti ödəmir. 5576 manat aliment borcu var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 354893 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahı 29 noyabr 2019-cu il tarixində Şamaxı RİHB-nın Nağaraxana kənd inzibati dairəsi üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 noyabr 2019-cu il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə “Yusifov” arvada isə “Yusifova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 315084 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Yusifov, qadına Orucova soyadı verilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Forma 88 üzrə axtarış üzrə çıxarışdan görünür ki, İddiaçı “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya xəstəliyi həftədə 4-5 dəfə” diaqnozu qoyulmuşdur, orqanizm funksiyalarının pozulması faizi 65%-dir və o, ikinci dərəcəli əlildir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 saylı, 06 may 2025-ci il tarixli qərardadından görünür ki, ərizənin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1104/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2017ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur, əlavə olaraq Şamaxı Rayon Məhkəməsinin 8(074)-89/2025 saylı, 06 may 2025-ci il tarixli qərardadı ilə, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya edilmişdir. Hazırki iş üzrə İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iddiaçının hazırda heç bir yerdə işləməməsi və gəlirinin olmamasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, valideynin az gəlir əldə etməsi və ya heç bir yerdə işləməməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə uşaqların saxlanılmasının hər iki valideynin üzərinə düşdüyünü nəzərə nəzərə alaraq və uşaqların mənafeyini əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar