Məhkəmə qərarları › İş №2(074)-1547/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1547/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1547/2024 15.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atanın saxlanılması üçün aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə onun və ya cavabdehin maddi vəziyyəti dəyişənə qədər hər ay 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Quşçu kəndində yaşayan 01 avqust 1999-cu il təvəllüdlü vətəndaş Cavabdeh onun oğludur. O, xəstə olduğu üçün əmək qabiliyyətli deyil, işləmir və başqa gəlir yeri olmadığına görə maddi yardıma ehtiyacı var. Valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmayıb və valideynlik hüquqlarından məhrum olunmamışdır. Ona məlumdur ki, cavabdehin yetərincə maddi vəsaiti var, onu saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyil. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, xəstə olduğu və iş qabiliyyətini itirdiyi üçün, Cavabdeh hər ay 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq, bildirdi ki, o, işləmir, Cavabdeh onu evinə buraxmır. Həmçinin cavabdeh onun bütün heyvanlarını ələ keçirmişdir. Buna görə də bilir ki, onun maddi imkanı yaxşıdır. Onun ümumilikdə 10 uşağı var. Hazırda xəstədir və heç bir yerdə işləmir. Həmçinin hazırda pensiya almır. Cavabdehin dediyi texnika ona məxsus deyil, qonşuların texnikalarında olan nasazlıqları aradan qaldırıb pul qazanır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, hazırda işləmir. Atası, yəni İddiaçı özü 17 ildir qeyri-rəsmi olaraq başqa bir qadınla Şamaxı rayonu, Quşçu kəndində yaşayır. İddiaçının dediyi evdə o, istədiyi vaxt gəlib yaşaya bilər. O, müharibə iştirakçısıdır və 80 manat pensiya alır. Başqa gəliri yoxdur. Anacaq iddiaçının texnikası var və texnika üzərində işlər gördüyü vaxt onu videoya çəkmişdir. Həmin diski məhkəməyə təqdim edir və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan məşğulluq haqqında arayışın surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan vətəndaş İddiaçı işsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-75-38/2-402/2024 saylı arayışının surətindən görünür ki, İddiaçı Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatdadır və faktiki olaraq nümayəndəlik ərazisində işləmir. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-72/2-Z-11xx-xx-1964/2024 saylı arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində “İ20.8-Stenokardiyanın digər formaları” diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının TTTY Şöbəsində həkim müayinəsində olmuşdur. İş materiallarında olan Cavabdeh gəlirləri üzrə axtarış məlumatlarından görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçılarına verilən 80 manat pensiya alır. Cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş, baxış zamanı İddiaçı sepli traktora yanacaq tökdüyü görünür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5-ci maddəsinə əsasən, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6-cı maddəsinə əsasən, uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Göründüyü kimi əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduğunu qanunvericiliklə müəyyən edilmişdir. Lakin iddiaçı əmək qabiliyyətinin olmamasını təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmiş, həmçinin məhkəmə iclasında təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “atanın saxlanılması üçün aliment tutulması”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “atanın saxlanılması üçün aliment tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar