Məhkəmə qərarları › İş №2(074)-1548/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1548/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1548/2024 15.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay onun və ya cavabdehin maddi vəziyyəti dəyişənə qədər hər ay 270 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, xəstə olduğu və iş qabiliyyətini itirdiyi üçün, Cavabdeh hər ay 270 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Quşçu kəndində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh onun oğludur. Xəstə olduğu üçün, əmək qabiliyyətli deyil, işləmir və başqa gəlir yeri olmadığına görə, maddi yardıma ehtiyacı vardır. Valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmamış və valideynlik hüquqlarından məhrum olunmamışdır. Cavabdehin yetərincə maddi vəsaiti var və onu saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyil. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, xəstəliyi olmasına baxmayaraq, ağır fiziki güc tələb etməyən işlərlə məşğul olur, kənd təsərrüfatı texnikalarının istismarı ilə bağlı məsləhətlər verir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edib göstərdi ki, İddiaçı onun atasıdır. İddiaçı əmək qabiliyyətlidir, traktorçu işləyir, qazancı yaxşıdır, onun isə ailəsu böyükdür, 4 uşağı var, ailədə tək qazanc gətirəndir. Maddi imkanı çatdığı qədər, iddiaçıya köməklik edər. Lakin, ondan hər ay sabit pul məbləğində alimentin tutulmasına etiraz edir. Odur ki, iddianı əsassız hesab edərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunvericilikdə yetkinlik yaşına çatmış övladın valideyni saxlamağa və ona qayğı göstərməyə borclu olması üçün, valideynin maddi yardıma ehtiyacı olması və əmək qabiliyyəti olmaması əsas kimi göstərilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı “Stenokardiyanın digər formaları” diaqnozu ilə həkim müayinəsində olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı həkim müayinəsində olması, onun əmək qabiliyyətli olmaması anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də, çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından görünür ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı xəstə olduğu üçün, əmək qabiliyyətli olmamasını, işləmədiyini və başqa gəlir yeri olmadığına görə, maddi yardıma ehtiyacı olduğunu göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh hər ay 270 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya ödənilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar