Məhkəmə qərarları › İş №2(074)-1612/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1612/2025

23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1612/2025 23.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər uşağa görə 246 manat olmaqla, hər ay 738 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə Şamaxı rayon İHB-nın Çuxuryurd kənd icra nümayəndəliyinin akt qeydləri kitabında 03 nömrə ilə rəsmi dövlət qeydiyyatından keçməklə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2011ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-124/2024 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah qeydi ləğv edilmişdir. Həmin qətnamə ilə xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmaları qət edilmişdir. Cavabdeh övladlarının tərbiyyəsi, sağlamlığı ilə maraqlanmır və ümumiyyətlə onların qayğısına qalmır. Uşaqların saxlanması üçün xərcləri tək başına ödəyir. Övladları böyüyüb onların tələbatları artıb, o isə, uşaqların tələbatını tək başına qarşılaya bilmir və onların saxlanmasında çətinlik çəkir. Məhkəmə iclasında iştirak edək İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-124/2024 saylı qətnaməsi qəbul edilərkən aliment tələb etməməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-124/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2013cü il tarixdə Şamaxı RİHB-nın Çuxuryurd kənd icra nümayəndəliyində bağlanmış və bu barədə 80 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 ataları İddiaçı yanında qalması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş nikah pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh İddiaçı ilə X4 arasında xx.xx.2013-cü il tarixdə Şamaxı RİHB-nın Çuxuryurd kən icra nümayəndəliyində bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Ataları İddiaçı, anaları X2r (hazırda Fətaliyeva). Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahdan olan övladlarının valideyni olduğundan, iddiaçı övladlarının saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən, onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin yetkinlik yaşına çatmamış övladlarının valideyni olaraq, onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının Şamaxı rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(074)-124/2024 saylı qətnaməsi qəbul edilən zaman aliment istəməməsinə dair ərizə verməsi cavabdehi uşaqları saxlamaq vəzifəsində azad etmir. Məhkəmə eyni zamanda, hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli 200 manat (400 x 0.50 misli = 200 manat) təşkil etdiyindən tutulan aliment üzrə ödəmənin bir illik məcmusu 7200 manat müəyyən edilir. (hesablama qaydası: 200 manat x 3 uşaq = 600; 600 x 12 ay = 7200 manat). Belə olan halda, ödənilməli olan dövlət rüsumu 92 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli misli həddində sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 92 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar