Məhkəmə qərarları › İş №2(074)-1745/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1745/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1745/2025 22.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-127/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləğinin azaldılaraq, 130 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin məhkəmənin 2(074)- 419/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimentin məbləği 170 manata artırılmışdır. Artıq o, 170 manat məbləğində aliment ödəyir. Hazırda aylıq qazancı 549 manat təşkil edir və bu vəsaitlə həm öhdəliklərini yerinə yetirir, həm də, yeni doğulmuş xx.xx.2025-ci il təvəllüdlü digər azyaşlı övladının saxlanması ilə bağlı məsuliyyət daşıyır. Həmin məhkəmə qərarında da göstərilir ki, qarşı tərəf onun sosial vəziyyətinin yaxşılaşmasına sübut edə bilməmiş, lakin buna baxmayaraq, məhkəmə subyektiv şəkildə alimenti artırmışdır. Belə bir qərar onun maddi imkanlarını aşır. Cavabdehin ərizəsinə əsasən, aliment indeksasiya olunaraq minimum əmək haqqının 0,49 misli, yəni 196 manat müəyyən edilmişdir. Həmin məhkəmənin qərardadından şikayət versə də, şikayəti təmin olunmamış və ona izah olunmuşdur ki, maddi imkanı həmin alimenti ödəməyə kifayət etmirsə, alimentin azaldılması barədə əsaslı iddia qaldırsın. Bu da göstərir ki, onun maliyyə yükü artıq maksimum həddə çatdırılmış və əlavə artım ona həm də, digər övladına qarşı ədalətsiz yanaşma olacaqdır. Qarşı tərəf əvvəlki məhkəmə qətnaməsində (alimentin 120 manatdan 170 manat artırılması barədə) sosial vəziyyətinin yaxşılaşmasını sübut etmədiyi halda belə, məhkəmə tərəfindən iddia təmin olunmuşdur. Qarşı tərəf həmin qərarı təqdir etmiş və qüvvəyə minmiş qərarla razılaşmışdır. Belə olan halda, qarşı tərəfin qısa müddət sonra yeni indeksasiya tələbi ilə çıxış etməsi, hüquqi baxımdan “estoppel prinsipi”nə ziddir, çünki əvvəlki iddia və onun nəticəsində əldə etdiyi hüquqi mövqeyə zidd olaraq yeni tələblər irəli sürür. Bu cür yanaşma hüququn sabitlik və dürüstlük prinsiplərinə, həmçinin, ədalətli hüquq münasibətlərinin qorunmasına uyğun deyildir. İddiaçının iddiasında qeyd etdiyi “mənim borclunun 1 qəpiyinə də ehtiyacım yoxdur, amma övladını pulunu ödəsin” kimi ifadə açıq şəkildə göstərir ki, qarşı tərəf bu iddianı şəxsi emosiyalar fonunda irəli sürmüşdür. Bu yanaşma hüququn ədalət, sabitlik və hüquqi münasibətlərin qorunması prinsipləri ilə ziddiyyət təşkil edir. Həmçinin, qarşı tərəf əvvəlki aliment artımı ilə bağlı razılıq nümayiş etdirmiş, sosial durumumun yaxşılaşmadığı halda belə, məhkəmənin qərarını qəbul etmişdir. Belə olduqda, qısa müddətdə yeni artım tələbi ilə çıxış etməsi hüquqi zəmindən daha çox subyektiv yanaşma olaraq qiymətləndirilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, Cavabdeh iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın saxlanması üçün indeksasiya edilmiş alimentin məbləğinin azaldılması onun yaşayış təminatına ciddi zərər vura bilər. Həmçinin, uşağın səhhəti ilə bağlı götürdüyü kreditə görə hər ay 375 manat ödəniş edir və uşağın ayağında olan problemə görə hazırda tamamilə müalicəni bitirə bilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(074)-419/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və cavabdeh İddiaçı qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 8(074)-127/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(074)-1309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin məbləğinin indeksasiya olunmasına dair Cavabdeh ərizəsi təmin edilərək, hazırki iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya edilmişdir. Hazırda isə İddiaçı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin alimentin məbləğinin indeksasiyası həyata keçirildikdən sonra, ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair İddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Məhkəmə iddiaçının gəlirinin az olmasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, valideynin az gəlir əldə etməsi və ya heç bir yerdə işləməməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq, hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilən qanunvericilik normalarına əsasən, məhkəmə hazıki iş üzrə tərəflərin birgə nikahından olan uşağın saxlanılmasının hər iki valideynin üzərinə düşdüyünü nəzərə nəzərə alaraq və uşağın mənafeyini əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, mediasiya təşkilatında mediasiya xərci olaraq İddiaçı tərəfindən 50 manat məbləğində vəsait ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, İddiaçı 50 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar