Məhkəmə qərarları › İş №2(074)-1771/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1771/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1771/2024 05.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “uşaq, aliment və Mediasiya prosesi nəticəsində imzalanmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 Cavabdeh alınaraq ona verilməsi, uşaqların onun himayəsində saxlanılması üçün cavabdehdən hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat alimentin alınıb ona verilməsi, mediasiyada imzalanmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/01511 saylı barışıq sazişinin aldadılma yolu ilə imzalandığından etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat haqqında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin iş materiallarında olan rüsumun ödənilməsi barədə qəbzlərdən görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatına xx.xx.2024-cü il tarixdə ümumilikdə 170 manat rüsum ödəmişdir ki, həmin rüsum barışıq sazişinin bağlanması ilə əlaqədar olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizə üzrə ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəməli idi. Lakin, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “uşaq, aliment və Mediasiya prosesi nəticəsində imzalanmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar