Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1841/2025 20.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Qürur Abasov Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh böhtan xarakterli şikayət nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 oktyabr 2025-ci il tarixdə Cavabdeh ona qarşı bilərəkdən yalan və böhtan xarakterli məlumatlar yayaraq, Şamaxı RPŞ-nə əsassız şikayət ünvanlamışdır. Sözügedən şikayətdə onun guya qanunsuz hərəkətlərə yol verdiyi, daha dəqiq desək onu döyərək ona bədən xəsarətləri yetirməyi qeyd olunmuşdur. Lakin, aparılmış araşdırma, həmçinin mövcud sübutlar tam şəkildə göstərmişdir ki, cavabdehin şikayətləri reallıqdan uzaq, subyektiv, qərəzli və mənəvi zərər vurmaq məqsədilə irəli sürülüb. Bu hərəkətlər təkcə onun nüfuzuna deyil, həm də ailəsinin və ətrafının ona olan münasibətinə ciddi zərbə vurmuşdur. Nəticə etibarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Əvvəllər də cavabdeh tərəfindən oxşar əsassız iddialar irəli sürülmüş, bu barədə polis tərəfindən heç bir pozuntu aşkar edilməmişdir. Buna baxmayaraq, cavabdeh eyni məzmunlu, böhtan xarakterli iddialarını təkrar-təkrar polisə göndərməklə mənə qarşı məqsədyönlü təbliğat aparmışdır. Cavabdehin hərəkətləri onun ictimai nüfuzunun sarsılmasına, mənəvi gərginlik, psixoloji stress və ailə daxilində gərgin münasibətlərə səbəb olmuşdur. Hadisədən sonra o, yenə də uzun müddət əsəb pozğunluğu yaşayıb və hələ də yaşayır. Bu isə onun həm sosial, həm də psixoloji sabitliyinə ciddi mənfi təsir göstərib. Artıq xeyli müddətdir ki, cavabdehin qanunsuz hərəkətlərindən əziyyət çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh onun barəsində hüquqmühafizə orqanlarına əsassız şikayətlər edib. Cavabdeh hər yerdə onu görəndə təhqir edir, alçaldır. O, cavabdehin dediyi şəxsləri tanımır. Onu incitdiyi üçün o da, cavabdeh barəsində polisə müraciət edib. Cavabdeh onun iş yerinə yığıb, onu işdən çıxarmalarını deyir, buna görə onu işdən çıxarırlar. Buna görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, bütün övladlarına baxıb. Həmçinin, Seymura da qulluq edib. Onu xəstələnəndə həkimə aparıb. Evdən Seymurun şikayəti əsasında silahını aparıblar. Vəfalı, Kazım və Vahid adlı şəxslərlə onun ədavəti var, onlar Seymuru öyrədib onun üstünə salıblar. O, Seymura yaşamaq üçün ev verib. Seymur onun mülkünü, heyvanlarını satıb. Buna görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 HK-1/1166 saylı “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Polis şöbəsinin 18 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh müraciəti əsasında RPŞ-nin TB-da toplanmış HK- 1/1166 nömrəli material rayon prokurorunun sorğusuna əsasən prokurorluğa göndərilmişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında alınmış Şamaxı rayon polis şöbəsinin təhqiqat bölməsinin HK-1/1166 nömrəli materialına daxil olan Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh Şamaxı Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək 13 oktyabr 2025-ci il tarixdə oğlu Seymur onu döydüyü üçün ərizəsi üzrə lazımı tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında alınmış Şamaxı rayon polis şöbəsinin təhqiqat bölməsinin HK-1/1166 nömrəli materialına daxil olan İddiaçı izahatından görünür ki, İddiaçı izahatı belədir: “Cavabdeh adlı şəxs atası olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Zərinə ilə qardaşı Elşən arasında münasibətlər pisləşdiyinə görə onun da Alşanla münasibətləri pisləşib. Qardaşı Elşən həbsdə olduğuna görə onun adından mülk məsələlərində məhkəmədə etibarnamə əsasında çıxışlarını o, həyata keçirir. Həbsdə olan qardaşı Elşən Zülfüqarovun 13 oktyabr 2025-ci il tarixində daşınmaz mülkü ilə bağlı Şamaxı Rayon Məhkəməsində olduğu zaman məhkəmə zalında heç bir hadisə baş verməyib. Məhkəmə bitən kimi o və qardaşı Elşənin arvadı Tamilə qayınanası Bəsdi ilə Şamaxı Rayon Məhkəməsinin qarşısından çıxıb, evlərinə gediblər. Həmin günü hər hansısa bir hadisə baş verməmişdir. Sual: Həmin hadisə zamanı siz Cavabdeh qarşı hansı hərəkətləri etmişsinizmi? Cavab: Həmin hadisə zamanı Cavabdeh qarşı heç bir qanunsuz hərəkət etməyib. Sual: Həmin hadisə zamanı hadisə yerində kimlər var idi? Cavab: Həmin günü hər hansısa bir hadisə baş verməmişdir. Sual: Sizə qarşı Alşan hansı qanunsuz hərəkətlər etmişdir. Bu barədə nə deyə bilərsiz? Cavab: Mənə qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Sual: Baş vermiş hadisə neçə dəqiqə ərzində olmuşdur? Cavab: Hər hansısa bir hadisə baş verməmişdir.” Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi xakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 saylı Qərarının 2.2.14-cü bəndində göstərilir ki, “özünün pozulmuş hüquqlarının bərpası məqsədilə qarşı tərəfin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətlərin səlahiyyətli aidiyyəti orqana ünvanlanması bu müraciətlərin məzmunlarının aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilməyəcəkdir. Belə ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Lakin nəzərə alınmalıdır ki, bu müraciətlərin məzmunlarının onların ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamalı, şəxsin şərəf və ləyaqətinə və ya digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etməməlidir. Məsələn, şəxs öz hüquqlarının müdafiəsi məqsədilə qonşusunun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək, onun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, bununla yanaşı, müraciətinə onun nikahdan kənar münasibətləri barədə yalan məlumatlar da daxil etmişdir. Müraciətin birinci hissəsi ilə bağlı şəxsin məsuliyyəti istisna olunsa da, digər hal qarşı tərəfin şərəf və ləyaqətinə hüquqazidd müdaxilə hesab olunacaqdır.” Məhkəmə sorğusu əsasında alınmış Şamaxı rayon polis şöbəsinin təhqiqat bölməsinin HK-1/1166 nömrəli materiallarında olan Cavabdeh şikayət ərizəsinin və izahatının məzmunları aşkar surətdə iddiaçının şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi üçün, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Lakin məhkəmə iclasında iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı və Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-1841/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1841/2025
20.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver