Məhkəmə qərarları › İş №2(074)-238/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-238/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-238/2025 24.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 Saylı Şamaxı Ərazi İdarəsi) qarşı “çıxarışın və alqı-satqı müqaviləsinin ləğv olunması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 Saylı Şamaxı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN-İ ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və Cavabdeh verilmiş Reyestr nömrəsi **********40 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, Seriya RX ******* olan çıxarışı ləğv edərək Şamaxı Rayon Mədrəsə Bələdiyyəsi tərəfindən 11 noyabr 2007-ci il tarixdə, 11 saylı qərarla 99 il müddətinə kənd təsərrüfatı məqsədilə ona icarəyə verilmiş 3 (üç) hektar torpaq sahəsinin onun istifadəsinə qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaq satılarkən ona da pul veriləcəyi deyilmiş, lakin sonradan ona heç bir pul verilməmişdir. Bu gün də o, pulunun verilməsini istəyir. Cavabdehin aldığı torpaq sahəsi ilə ona icarəyə verilmiş torpaq sahəsinin eyni sahə olduğunu zənn edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdeh və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 28A, mənzil 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsnin məzmunundan da göründüyü kimi iddiaçının əsas tələbi mübahisəli torpaq sahəsi ilə əlaqədar alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsidir. Mübahisəli torpaq sahəsinin qaytarılması isə həmin tələbdən doğan nəticədir. Başqa sözlə mübahisəli torpaq sahəsilə bağlı müqavilə və çıxarış ləğv edilərsə, bu həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə qaytarılmasına əsas olacaqdır. Lakin iddiaçı ləğv edilməsini xahiş etdiyi alqı-satqı müqaviləsi üzrə satılan torpaq sahəsinin onun istifadəsinə olmasına dair heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş və məhkəmə iclasında da təqdim edə bilməmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 Saylı Şamaxı Ərazi İdarəsi) qarşı “çıxarışın və alqı-satqı müqaviləsinin ləğv olunması” tələbi barədə iddiasına dair mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar