Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-281/2021 02.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-547/2020 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan anadan olmuş övladlarının saxlanılması üçün hər bir uşaq üçün müəyyən edilmiş 85 manat aliment məbləğinin dəyişdirilərək, birgə nikahdan anadan olmuş övladlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X4 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 547/2020 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar X3 himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər birinə 85 manat olmaqla cəmi 170 manat məbləğində alimentin ondan tutularaq X4 verilməsi qət edilmişdir. Nikahın pozulmasına səbəb cavabdehin onun atası ilə qeyrietik, ailə dəyərlərinə xələl gətirən münasibəti, başqa sözlə xəyanəti olmuşdur. Belə ki, o, uşaqlıqda serebral iflic keçirmiş və hal hazırda da daimi olaraq həkim müalicə və müayinələrindən keçməklə daimi müalicədədir. Əmək qabiliyyəti yoxdur. Hazırda onun səhhəti ilə anası məşğul olur. Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 547/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini ödəyə bilmir. Aliment məbləğini ödəyə bilmədiyim üçün alimentlə bağlı borc yaranmışdır. Əmək qabiliyyətli olmadığından hər hansı bir yerdə işləyə bilmir və hər hansı qazanc əldə edə bilmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmədiyim üçün qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinə zərurət yaranmışdır. Aliment indiyə kimi sabit formada tutulub, hazırda isə nisbi formada tutulması üçün əsas mövcuddur. Belə ki, alimentin sabit formada tutulması müəyyən edildikdən sonra, eləcə də həmin dövrdə səhhətində ciddi sağlamlıq problemləri mövcud olmuş və ona 2-ci qrup müddətsiz əlillik təyin olunmuşdur. Hazırda müstəqil gəlir mənbəyinin (sahibkarlıq fəaliyyəti və digər fəaliyyətlə bağlı) olması, mülkiyyətimdə gəlir gətirə biləcək daşmar və daşınmaz əşyaların olması barədə heç bir sübut yoxdur. O, qazanc əldə etmək qabiliyyətinə malik olan, lakin buna təşəbbüs göstərməyən şəxs hesab edilə bilməz. Çünki hərəkət edə bilməyi üçün kənar şəxsin köməyinə ehtiyacı var. Həmçinin o, sağlamlıq problemi ilə bağlı tibbi xərcləri ödəməlidir. Belə vəziyyətdə alimentin sabit formada tutulması Ailə Məcələsinin 78-ci maddəsinin tələblərinə uyğun deyil. Sabit forma ən azı 3 məsələyə münasibətdə əsaslandırma tələb edir. 1) tərəflərin maddi vəziyyət 2) tərəflərin ailə vəziyyəti 3) uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanması. Qeyd edilənlər belə əsaslandırmanı mümkünsüz edir. Bundan fərqli olaraq nisbi forma belə əsaslandırma tələb etmir, mövcud olan və ya gələcəkdə ola biləcək qazancın və başqa gəlirlərin qanunda müəyyən edilmiş hissəsi kimi tutulur. Alimentin nisbi formada tutulması əks tərəfin mənafeyini pozmur. Belə ki, əks tərəf bildirmir ki, ata yüksək qazanca və başqa gəlirə malikdir. Əgər əks tərəf bunu təsdiq edən sübutları məhkəməyə təqdim edərsə aliment yüksək qazancın və başqa gəlirlərin hissəsi kimi sabit məbləğdə tutula bilər. Hesab edir ki, aliment 1/3 hissə kimi tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, o, 130 manat məbləğində pensiya alır. Aliment borcundan 100 manat ödəmiş, hal-hazırda isə aylıq 30-40 manat aliment ödəməyə maddi imkanı vardır. Evli olan vaxtlarda isə atası ilə anası maddi cəhətdən ona kömək etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbi ilə razı olmayaraq izahat verib bildirdi ki, uşaqlar üçün müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Çünki uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. İddia tələbinin əsassızdır olduğunu bildirirək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-547/2020 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə iddianın təmin edilməsi, İddiaçı ilə X7 arasında Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 301 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 cavabdehin (anasının)-X3 yanında qalması, İddiaçı xx xxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X4 verilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası xx xxx 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-547/2020 saylı qətnaməsi ilə cavabdehdən hər ay hər uşağa görə 85 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etmir. Belə ki, valideynin az gəlir əldə etməsi və ya heç bir yerdə işləməməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə uşaqların saxlanılmasının hər iki valideynin üzərinə düşdüyünü nəzərə nəzərə alaraq və uşaqların mənafeyini əsas götürərək hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-281/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-281/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver