Məhkəmə qərarları › İş №2(074)-341/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-341/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-341/2023 16.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən yaşama hüququnun verilməsi” tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ünvan 1ində yerləşən birgə nikah dövründə yaşadıqları evdən yaşama hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Gədəbəy rayon qeydiyyat şöbəsi tərəfindən 01 saylı nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyinə görə, cavabdehlə biryerdə yaşamaqları baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq bir müddətdir ki, kəsilmişdir. Hazırda iki azyaşlı övladları ilə birlikdə anasıgildə yaşayır. Çünki həyat yoldaşı Cavabdeh onu və övladlarını ünvan 1ində yerləşən evdə yaşamağa imkan vermir. O, heç bir yerdə işləmir, anasının maddi imkanı zəif olduğundan, onların da, orada yaşamaqları ailəyə artıq maddi yük olur və faktiki olaraq övladları ilə yaşayış yeri yoxdur. Həmçinin, övladları da böyüdükləri evdə yaşamaq istəyir və hazırda yaşadıqları ev də, rahat deyildir. Bu səbəbdən, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşayan İddiaçı məhkəməyə ünvanladığı müraciətində təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçının yaşadığı ünvandan məhkəməyə daxil olmuş Cavabdeh müraciətində qeyd olunur ki, o, təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir, iddiaçı övladları ilə birlikdə hazırda onun evində yaşayır, ona görə də, yaşama hüququnun verilməsinə etirazı yoxdur və iddiaçının iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin adından daxil olmuş müraciətin məzmununu inandırıcı hesab etməyərək, onun iddiaçı tərəfindən göndərilməsini qeyd edir. Belə ki, Cavabdeh məlum olan qeydiyyatda olduğu ünvan 1i ünvanına göndərilmiş içərisində məhkəmə bildirişi olan zərf rabitə orqanının “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonu Çayrəsullu kənd İƏD üzrə nümayəndəliyində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Süleymanov”, arvada “Süleymanova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X1 və xx.xx.2016-cı il tarixdə X3 doğulmuşdur. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda isə iddiaçı cavabdehlə nikah münasibətlərinin kəsildikdən sonra, övladları ilə birlikdə anasına məxsus yaşayış sahəsində yaşadığı əsas gətirərək, cavabdehin yaşadığı ünvan 1ində yerləşən evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur; ...yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda, mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir; yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu mənzil hüququnun əsası kimi, aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: - Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? - Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? - Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq, mənzil hüququ yaranmışdırmı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən, yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməmiş və beləliklə də, həmin evin mülki qanunvericiliyə əsasən, mülki dövriyyənin predmeti olub-olmaması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evdən yaşama hüququnun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar