Məhkəmə qərarları › İş №2(074)-346/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-346/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-346/2023 08.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın və torpağın plan və ölçü sənədinin qismən ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Baharəddin oğlunun adına verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********14 və qeydiyyat nömrəsi **********0 olan DƏDR-dən çıxarışın, plan və ölçü sənədinin qismən, 0,05 ha hissədə ləğv olunması və cavabdehlə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli, 4ə- 1/161 saylı alqı-satqı müqaviləsinin etibarlı hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh2 Baharəddin oğlunun adına Daşınmaz Əmlakın Dövlət reyestrində dövlət qeydiyyatına alınmış xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********14 və qeydiyyat nömrəsi ********** olan DƏDR-dən çıxarışın etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən, Cavabdeh2 Baharəddin oğluna məxsus 0,24 ha torpaq sahəsindən 0,05 ha hissəsini almışdır. Müqavilə notariat qaydasında bağlanılmışdır. Müqavilə bağlanan zaman, etibarnamə üzrə Cavabdeh2 nümayəndəsi olan atası X3 iştirak etmiş və müqaviləni imzalamışdır. Həmin vaxt maddi imkansızlığa görə torpağa çıxarış almamışdır. Bu yaxınlarda reyestr xidmətinə müraciət edərək, həmin torpağa öz adına çıxarış almaq istəmiş, lakin ərizə qəbul edilməmişdir. Ona bildirilmişdir ki, hazırda həmin torpaq sahəsi başqasının mülkiyyətindədir. Məlum olmuşdur ki, cavabdeh həmin torpaqdan əlavə olaraq 0,12 ha hissəsini də başqasına satmış, sonra ona satdığı 0,05 ha hissə də daxil olmaqla, öz adına 0,12 ha sahə üçün çıxarış almışdır. Həmin torpağın 0,05 ha hissəsi əvvəllər ona satılmış olduğundan, cavabdeh yalnız ona qalan 0,07 ha hissəyə çıxarış ala bilərdi. Ona satılmış 0,05 ha hissənin yenidən Cavabdeh2 adına verilən reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan çıxarışa daxil olunması qanunsuzluqdur. Cavabdehlər Cavabdeh2 Baharəddin oğlu və X4 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdirlər ki, xx.xx.2007-ci il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,24 ha torpaq sahəsinə dair DƏDR tərəfindən adına (Cavabdeh2 Baharəddin oğlu) ******* nömrəli çıxarış verilmişdir. Nə özü, nə də ki, atası X4 ümumiyyətlə İddiaçı tanımamış, adına olan torpaq sahəsinin iddiaçıya satılması barədə heç bir razılıq verməmiş və iddiaçıdan heç bir pul vəsaiti alınmamışdır. Qeyd etdiyi torpaq sahəsinin adına çıxarış aldıqdan sonra, həmin sahənin plan və ölçüsünün (koordinat) alınması tələb olunmuşdur. Azərbaycanda olmadığından, həmin torpaq sahəsinin plan və ölçüsünü almaq üçün atası X2 adına etibarnamə vermişdir. Bundan sonra atası X4 adına olan 0,24 ha torpaq sahəsinin plan və ölçüsünü almaq üçün məşğul olmuşdur. Bu işlərdə atasına Vüqar adlı şəxs köməklik etmişdir. Düşünür ki, Vüqar adlı şəxs atasının etibarından sui-istifadə edərək, hansısa sənədlərə imza etdirmişdir. Bundan başqa, mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin bir hissəsini Şahid Abdulov tərəfindən zəbt edilmişdir. Bu səbəbdən, 2010-2012-ci illərdə Şahid Abdulov ilə məhkəmə mübahisəsi olmuş, nəticədə məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin 0,07 ha torpaq sahəsi Şahid Abdulovun ixtiyarana keçmiş, mülkiyyətində 0,17 ha torpaq sahəsi saxlanılmışdır. Bundan sonra mülkiyyətində saxlanılmış 0,17 ha torpaq sahəsinə dair adına 0,05 ha torpaq sahəsinə 17 sentyabr 2019-cu il tarixdə **********63 reyestr nömrəli DƏDRX tərəfindən çıxarış və A seriyalı 401264 №-li torpaq sahəsinin plan və ölçüsü və 0,12 ha torpaq sahəsinə 29 iyun 2021-ci il tarixdə **********14 reyestr nömrəli DƏDRX tərəfindən çıxarış və AA seriyalı 613411 №-li torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Bu müddət ərzində İddiaçı heç bir dəfə də olsun nə ona, nə də ki, atasına onlardan torpaq sahəsinin alınması barədə müraciət etməmişdir. Belə olan halda istəristəməz sual yaranır: «Əgər mübahisəli torpaq sahəsi ona satılsa və onun istifadəsində olsa idi, nəyə görə İddiaçı ən azından mənim Şahid Abdulov ilə məhkəmə mübahisəm olduğu zaman onunla alqı-satqı müqaviləsi bağlanılması barədə məlumat verməmişdir?» Uzun müddətdir ki, həmin torpaq sahəsi mülkiyyətindədir və tərəfindən istifadə olunur. Bu müddət ərzində İddiaçı iddia edən torpaq sahəsində bir dəfə də olsun olmamış və ona guya satılan topaq sahəsinin harada yerləşdiyini bilmir. Belə olan halda fərz etmək olar ki, iddiaçıya guya ona satılan 0,05 ha torpaq sahəsi Şahid Abdulovun ixtiyarına keçmiş 0,07 ha torpaq sahəsi ilə də üst-üstə düşə bilər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəki baxış iclasında iştirak etmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X5 izahat verib bildirmişdir ki, Ərazi İdarəsinin arxivində aparılan araşdırmalara əsasən, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən mübahisələndirilən 0,24 torpaq sahəsinə dair ilk olaraq, Şamaxı rayonu, Çuxuryurd Bələdiyyəsi ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə Cavabdeh2 Bəharədin oğluna həmin torpaq sahəsinin tam şəkildə satılması barədə alqı-satqı aktı bağlanmışdır. Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat üçün əsas hesab edilmiş həmin alqı-satqı aktı əsasında sözügedən torpaq sahəsinə 0.24 ha hissədə xx.xx.2007-ci il tarixdə dövlət reyestrindən çıxarış almışdır. İddiaçı etibarnamə ilə nümayəndəsi X11 isə qeyd olunan torpaq sahəsinin 0.05 ha hissəsini xx.xx.2008-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 etibarnamə ilə nümayəndəsi atası X3 tərəfindən əldə edilmişdir. Həmin alqı-satqı müqaviləsi isə xx.xx.2007-ci il tarixdə Cavabdeh2 verilmiş çıxarış əsasında bağlanmışdır. Lakin, torpağın faktiki tərəflərin faktiki olaraq 0.24 ha torpaq sahəsinin hansı hissəsini istifadə etməsi və hansı hissəsinin satıldığını müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildirmişdir ki, elektron baza məlumatlarında iddia olunan torpaq sahəsi boş olduğu üçün qeyd olunan torpaq sahəsinin 0.12 ha hissəsini Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixili qərarı əsasında X1. X13 həmin qərar əsasında xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində saxlanılan arxiv məlumatlarına əsasən, həmin torpaq sahəsinin 0,12 ha hissəsini Cavabdeh2 Bəharədin oğlu ilə X13 arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən, 0,05 ha hissəsinin Cavabdeh2 satılması müəyyən edilmişdir. X13 həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin yerdə qalan 0,07 ha hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə çıxarış və planölçü sənədləri almışdır. Cavabdeh2 isə X13 ilə bağlanmış qeyd olunan müqaviləyə əsasən, xx.xx.2019-cu il tarixdə 0,05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədləri almışdır. Hal-hazırda elektron baza məlumatlarına və arxiv sənədlərinə əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən mübahisəli 0.24 ha torpaq sahəsi müvafiq olaraq hissəli şəkildə aşağıda qeyd olunan şəxslərin mülkiyyəti kimi göstərilmişdir: 0.12 ha hissədə Cavabdeh2, 0.05 ha hissədə Cavabdeh2 və 0.07 ha hissədə X13. Qeyd olunan torpaq sahələrinin üzərində qeydiyyat qanuni əsaslarla aparılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Belə ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Hesab edirlər ki, İddiaçı iddia tələbinin Ərazi İdarəsinə qarşı hissəsi əsassızdır. Belə ki, İddiaçı xx.xx.2008ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün qeydiyyat orqanına müraciət etməmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,24 ha torpaq sahəsi Cavabdeh2 satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı, qeydiyyat tarixi xx.xx.2007-ci il olan çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,24 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan 17 aprel 2008-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Moskva şəhər DNK-nm xx.xx.2008-ci il tarixli, 4C- 3151 nömrəli reyestrlə qeyd edilmiş Cavabdeh2 Baharaddin oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən, onun adından çıxış edən Şamaxı şəhəri, Şərifzadə küçəsi, ev 2-də yaşayan xx.xx.1949-cu ildə doğulmuş Cavabdeh1 “Satıcı“ adlanan bir tərəf və Şamaxı rayon DNK-nm xx.xx.2008-ci il tarixli, 7E-4/1164 nömrəli reyestrlə qeyd edilmiş İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən, onun adından çıxış edən Şamaxı rayonunun Çuxuryurd kəndində yaşayan xx.xx.1967-ci ildə doğulmuş X11, gələcəkdə «Alıcı» adlanan digər tərəf arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, «Satıcı» Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci tarixli ******* nömrəli çıxarışa əsasən, Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən 0.24 hektar torpaq sahəsindən 0.05 hektar torpaq sahəsini «Alıcı»nın (İddiaçı) mülkiyyətinə verir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktı ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,24 ha torpaq sahəsi Cavabdeh2 satılmışdır. Həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı, qeydiyyat tarixi xx.xx.2007-ci il olan çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətindədir. xx.xx.2008-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Moskva şəhər DNK-nun xx.xx.2008-ci il tarixli 4C-3151 nömrəli reyestrlə qeyd edilmiş Cavabdeh2 Baharaddin oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən, onun adından çıxış edən Şamaxı şəhəri, Şərifzadə küçəsi, ev 2-də yaşayan Cavabdeh1, Şamaxı rayon DNK-nun xx.xx.2008-ci il tarixli 7E-4/1164 nömrəli reyestrlə qeyd edilmiş İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən, onun adından çıxış edən Şamaxı rayonunun Çuxuryurd kəndində yaşayan X8 xx.xx.2007-ci tarixli ******* nömrəli çıxarışa əsasən, Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən 0.24 hektar torpaq sahəsindən 0.05 hektar torpaq sahəsini satmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq, İddiaçı satılmış, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun tərtib və təsdiq edilmiş və işdə əqdin etibarsızlığına əsas verən hallar yoxdur. Mübahisəli torpaq sahəsi İddiaçı sahibliyində olduğu halda, onun iradəsinə zidd olaraq həmin torpaq sahəsi qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın xx.xx.1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi «X12rşı» işi üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli çıxarış etibarsız hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli çıxarış etibarsız hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar