Məhkəmə qərarları › İş №2(074)-354/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-354/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-354/2021 05.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində və uşağa qulluq etdiyi üçün onun 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə qeyri-rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuş, cavabdeh onu yubadaraq rəsmi nikaha daxil olmaqlarını gecikdirmişdir. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən üç aydan çoxdur ki, ayrılmışlar və bu müddət ərzində cavabdeh onlara maddi yardım göstərməmişdir. Eyni zamanda cavabdehin kran idarə etdiyini, sifarişlərinin həddindən artıq çox olduğunu, hər iş üçün 1000 manatdan çox pul aldığını və qazancının kifayət qədər yaxşı olduğunu bildirmişdir. Həmçinin özünün anasının yanında yaşadığını, qohumlarının maddi köməkliyi ilə Dənizin tələbatlarını qarşıladığını, Dəniz kiçik olduğundan işləyə bilmədiyini qeyd etmişdir. Odur ki, cavabdehdən xx xxxxxx 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində və uşağa qulluq etdiyi üçün onun 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək və iddianı qismən qəbul edərək izahat verib bildirdi ki, iddiaçı ondan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində və uşağa qulluq etdiyi üçün uşaq 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınıb ona verilməsini xahiş etmişdir. O, uşağa qulluqla bağlı uşaq 3 yaşına çatana kimi ondan İddiaçı xeyrinə hər ay 200 manat məbləğində aliment tutulması ilə razı deyil. Belə ki, iddiaçının onunla yaşadığı dövrdə heç bir maddi sıxıntısı olmamış, iddiaçının ondan ayrılması onun öz seçimi olmuşdur. O, mərhum X4 ilə nikahda olmuş, bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X7 anadan olmuşdur. Rəqsanə Zeynalova xx.xx.2015-ci il tarixdə vəfat etmiş, həmin vaxtdan etibarən iki uşağı da onun himayəsində qalmışdır. Cavabdeh həmçinin alimentin ödənilməsindən və qızı Dənizə atalıq borcundan boyun qaçırmadığını, miqrasiya xidmətində sürücü vəzifəsində işlədiyini və aylıq əmək haqqının 250 manat təşkil etdiyini, alimentin təyin olunması zamanı bunların nəzərə alınmasını, hər ay 100 manat məbləğində aliment ödəməyə maddi imkanının olduğunu və buna görə iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək öhdəsində körpə uşağının olduğunu və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV № 255228 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 776873 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 travmatik şok səbəbindən xx.xx.2015-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ № 969535 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan AZ-İİ № 700428 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər qeyri-rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuş və o, hazırda İddiaçı yanında qalır. Tərəflər faktiki olaraq ayrılmışdır. Cavabdehin əvvəlki nikahından arvadı vəfat etmiş, həmin nikahdan olan iki azyaşlı uşağı da onun himayəsindədir. Məhkəmə iddia tələbinin uşaq üç yaşına çatana kimi hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması hissəsinə münasinbətdə qanunvericiliyin tələbindən çıxış edərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah olmadığından tələb həmin hissədə əsassızdır. Bu səbəbdən də təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı iddiaçının yanında olduğundan, uşağın saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, eyni zamanda cavabdehin himayəsində əvvəlki nikahdan da iki azyaşlı uşağın olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar