Məhkəmə qərarları › İş №2(074)-375/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-375/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-375/2021 22.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqının bağlanmış hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında ona məxsus Şamaxı şəhəri 25-ci məhəllədə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə dair 28 avqust 2001-ci il tarixdə alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,cavabdeh onun bacısının əridir. 2001-ci ilin avqust ayının 22-də uşaqlarına kiçik toy etmiş, Cavabdeh ailəsi ilə birlikdə toya gəlmiş, toydan sonra 5-6 gün onlarda qalmış, həmin vaxt Cavabdeh ona Şamaxı şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsini satmaq istədiyini və torpağı onun almasını bildirmişdir. O, əvvəlcə buna razı olmamış, lakin bacısı ilə Cavabdeh ona çox yalvarıbyaxarmış, onu həmin torpaq sahəsinə baxmağa aparmışlar. Onlar gedərək torpaq sahəsinə baxmışlar. Torpaq sahəsi Ağsu yolunun üstündə, Yolkalıq deyilən əraziyə yaxın bir yerdə yerləşirdi. O, 2001-ci ilin avqust ayının 28-də Cavabdeh 200000 manat pul vermiş, 20000 manatı da torpağı sənədləşdirdikdən sonra verəcəyi barədə razılaşmışdır. Lakin Cavabdeh onsuz evinə gedərək 20000 manat pulu da almış, o, dəfələrlə Cavabdeh torpağın sənədini istəsə də, Cavabdeh ona arxiv arayışı vermiş, həmin arayışa əsasən əmin olmuşdur ki, həqiqətən də torpaq Cavabdehdur. Həmin vaxtdan hal-hazıra qədər çalışsa da Cavabdeh sözügedən torpağı onun adına rəsmiləşdirməkdən boyun qaçırmışdır. Hətta ondan pul almasına və torpağı faktiki olaraq ona satmasına baxmayaraq gizli şəkildə Bəhlul adlı bir şəxsdən torpağı ona satmaq adı ilə 500 manat beh almışdır. Daha sonra o, Bəhlul adlı şəxsə Cavabdeh torpağı ona satdığını bildirdikdə Bəhlul adlı şəxs verdiyi behi geri almaq üçün dəfələrlə Cavabdeh xəbər göndərmiş, amma Rəşadət onun pulunu qaytarmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, o, əvvəlki valyuta ilə Cavabdeh 22 şirvan pul vermiş, daha sonra cavabdehdən torpaq sahəsinin sənədlərini almaq istədikdə cavabdeh ona sənədlərin ya onda, ya da özündə qalmasının bir fərqinin olmadığını bildirmişdir. O, sözügedən torpaq sahəsini cavabdehdən aldıqdan sonra oraya daşlar aparmış, yeri qazmış və ağac əkmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmayaraq izahat verib bildirdi ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tamamilə əsassızdır. Dediyi fikirlər böhtan və yalandır. Belə ki, o həqiqətən də toyun səhəri günü qeyd olunan torpaq sahəsini iddiaçıya göstərmiş, lakin ondan pul almamışdır. İddiaçının həyat yoldaşı onun həyat yoldaşına əvvəlki valyuta ilə 15 şirvan borc pul vermişdir. İddiaçı dələduzluq edərək yalan danışır. Həmçinin o, pula ehtiyacı olduğu üçün qeyd olunan torpaq sahəsini başqa şəxsə göstərərək 500 manat beh almışdır. 2001-ci ildə onunla iddiaçı arasında heç bir razılıq olmamış, iddiaçı arxiv arayışını onun evindən oğurlamışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan arxiv arayışından görünür ki, Şamaxı rayon XDS rəyasət heyətinin 04 avqust 1993-cü il tarixli 8 saylı iclas protokolundan çıxarışa əsasən Şamaxı şəhəri M.Əzizbəyov küçəsi 2-ci döngə 6 nömrəli evdə yaşayan Cavabdeh şəhərin 25 nömrəli məhəlləsindən 400 (dörd yüz) m2 həyətyanı torpaq sahəsi təhkim edilmiş və ona İ 45-42-72 seriyalı layihə əsasında fərdi ev tikməyə icazə verilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, 25 saylı məhəllədə yerləşən 0,04 ha torpaq sahəsi tam pay üzrə Cavabdeh mülkiyyətindədir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış Şamaxı rayon XDS rəyasət heyətinin 04 avqust 1993-cü il tarixli 8 saylı iclas protokoluna əsasən Cavabdeh ayrılmış 0,04 ha torpaq sahəsini 2001-ci ildə aralarında olmuş şifahi razılaşmaya əsasən aldığını, lakin cavabdeh əvvəl torpaq sahəsini satmaq istəsə də sonrda bu niyyətdin daşındığını və iddiaçı ilə aralarında torpaqla bağlı yazılı şəkildə heç bir razılaşma olmadığını bildirdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər 2001-ci ildə yarandığından mübahisənin həlli də həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2005-ci ilədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırki mülki iş üzrə daşınmaz əmlak olan mübahisəli torpaq sahəsinin tərəflər arasında alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır. İddiaçı özü iddia ərizəsində torpaq sahəsini şifahi müqavilə əsasında aldığını bildirir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alqısatqının bağlanmış hesab olunması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqının bağlanmış hesab olunması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar