Məhkəmə qərarları › İş №2(074)-384/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-384/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-384/2024 07.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 aprel 2021-ci il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurub. Nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olub. Dörd aydır ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlimtərbiyəsi ilə məşğul olmur. İddiaçı işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. Cavabdeh hazırda rəsmi işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. 2024-cü il üçün yaşayış minimumu haqqında Qanuna görə, uşaqlar üçün yaşayış minimummu 235 manatdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, aylıq 300 manat gəliri olur. Hər uşağa 100 manat aliment ödəyə bilər. Verilmiş suallara cavab olaraq bildirdi ki, əmək haqqı 500 manata yaxın olsa da, çıxılmaları və yol pulunu çıxdıqdan sonra özünə təxminən 300 manat pul qalır. Hər uşağa görə 100 manat aliment tutulmasını istəyir ki, qalan 100 manatla da özü dolansın. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin arayışında görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2021-ci il tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 aprel 2021-ci il tarixdə 102 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İsgəndərov”, arvada “İsgəndərova” soyadı verilmişdir. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin arayışında görünür ki, X2 28 yanvar 2022-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin arayışında görünür ki, X3 28 mart 2023-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, valideynin az gəlir əldə etməsi və ya başqa uşaqlarının olması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyibişləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28 yanvar 2022-ci il təvəllüdlü X2 və 28 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar