Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-396/2022 14.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı və Cavabdehun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan X2 adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat aliment, həmçinin uşağın 8 yaşına çatana kimi 100 manat məbləğində və ödədiyi dövlət rusumlarının tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 25 noyabr 2017-ci ildə faktiki olaraq yaşamışlar. 18.07.2018-ci ildə isə rəsmi nikah qeydə alınmışdır. Birgə nikahlarından 13.08.2018-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşağın təminatını ödəmək çətindir. 11 yanvar 2022-cı il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. 13.08.2018-ci il təvəllüdlü X2 adlı uşaqları onun himayəsinə verilmişdir. Cavabdeh şirkətdə sürücü vəzifəsində işləyir, onun orta aylıq gəliri 1500-2000 manatdan çox təşkil edir. 11 yanvar 2022-cı il tarixdən cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, uşaq onun yanındadır. Cavabdeh uşağın saxlanılmasına maddi yardım göstərmir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahat verib bildirdi ki, o, hal-hazırda işləmir və aliment ödəməyə maddi imkanı yoxdur. O, 80 manat aliment ödəyə bilər. Buna görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirkçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Rusiya Federasiyasının İİ-OM 514125 saylı doğum haqqında şəhadətnaməsinin tərcüməsindən görünür ki, X2 13.08.2018-ci ildə Rusiya Federasiyasının Tomsk şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Rusiya Federasiyasının İ-OM 717901 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Cavabdeh aralarındaki nikah 11 yanvar 2022-ci il tarixdə pozulmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış Ata adlı uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindəntərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, iddianın “uşağın səkkiz yaşına çatana kimi 100 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, ərdən aliment almaq üçün tərəflərin birgə nikahından doğulmuş uşaq üç yaşınadək olmalıdır. İş materiallarından isə görünür ki, tərəflərin birgə nikahından doğulmuş X2 13.08.2018-ci ildə anadan olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 17 fevral 2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 13.08.2018-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.08.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 fevral 2022 -ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-396/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-396/2022
14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver