Məhkəmə qərarları › İş №2(074)-49/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-49/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-49/2025 09.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Şamaxı Rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh5, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Şamaxı Rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Kontoru, Cavabdeh5, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, xx.xx.2023-cü il tarixində Şamaxı Rayon Dövlət Notariat Kontorunda bağlanmış 4ə-628 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış 4ə-1308 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd olunan müqavilələr əsasında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən aparılmış mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeydləri və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdirdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixində Şamaxı Rayon Dövlət Notariat Kontorunda bağlanmış 4ə-628 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış 4ə-1308 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd olunan müqavilələr əsasında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən aparılmış mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeydləri və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların (sənədlərin) ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdirdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 miras qalmış, iddiaçı ilə birgə mülkiyyətində olan DTXK-nin 0492 saylı akt əsasında verilmiş torpaq sahəsi ilə bağlı iddiaçı X8 xx.xx.2008-ci il tarixində etibarnamə verərək qeyd olunan ümumi 62627.48 ha torpaq sahəsindən 2.2568 ha torpaq sahəsinin satılmasını havalə etmişdir. X16 öz növbəsində iddiaçının etibarından sui-istifadə edərək, 2.2568 ha torpaq sahəsi yerinə, 400059,83 kv.m. torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satmışdır. İddiaçı uzun müddət 400059,83 kv.m. torpaq sahəsini istifadə etmiş və hər hansı 3-cü şəxs həmən torpaq sahəsi ilə bağlı tələblərini bildirməmişdir. İddiaçının istifadəsində olan 400059,83 kv.m. torpaq sahəsi satılması yalnız qeyd olunan torpaq sahəsi ilə bağlı notarius vasitəsilə vərəsəlik şəhadətnaməsinin alınması zamanı məlum olmuşdur. Qeyd olunan fakt məlum olan kimi, iddiaçı Şamaxı Rayon Məhkəməsinə müraciət edərək 23 may 2008-ci il tarixində 40-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsində iş araşdırılandan sonra xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 saylı qətnaməsi əsasında iddia tələbi tamamilə təmin edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixində qanuni qüvvəsini almışdır. Qeyd olunan qətnamə qanuni qüvvəsini alandan sonra icra edilməsi ilə bağlı icra şöbəsinə göndərilmişdir. Qətnamənin icra edilməsi ilə bağlı Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə məktub göndərmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmurun məktubuna cavab verərək bildirmişdilər ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)- 554/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 23 may 2008-ci il tarixində 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilməsi barədə qeydlər reyestrə daxil edilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçıya məxsus 4.006 ha torpaq sahəsi Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixində 4ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satıldıqdan sonra, qeyd olunan torpaq sahəsi Cavabdeh2 tərəfindən xx.xx.2013-cü il tarixində Şamaxı rayon notariat kontorunda bağlanmış 4-Ə-628 nömrəli alqı-satqı müqaviləsi əsasında digər şəxsə özgəninkiləşdirilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində mübahisəli torpaq sahəsi Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış 4ə-1308 nömrəli alqı-satqı müqaviləsi əsasında daha bir şəxsə satılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, yuxarıda qeyd olunan müqavilələrin ləğv edilməsi ilə bağlı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 saylı icra sənədində münasibət bildirilmədiyi üçün iddiaçının mülkiyyət hüququn bərpa edilməsi mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Cavabdeh2 tərəfindən qeyd olunan torpaq sahəsini digər şəxsə satılması ilə bağlı iddiaçının məlumatı olmamışdır. Şamaxı Rayon Məhkəməsində 2(074)-554/2023 saylı iş üzrə araşdırma aparılanda cavabdeh olan Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş və torpağın digər şəxsə satılması ilə bağlı məlumat verməmişdir. Qeyd olunan mübahisəli torpaq sahəsinin Cavabdeh2 tərəfindən 3-cü şəxsə və sonra əlavə olaraq digər şəxsə satılmasını Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubu əsasında məlumat vermişdir. Vəkil sorğusu əsasında məlum olmuşdur ki, Cavabdeh2 tərəfindən xx.xx.2013-cü il tarixində Şamaxı rayon notariat kontorunda bağlanmış 4-Ə-628 nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsi Cavabdeh3 satılmış, Cavabdeh3 isə öz növbəsində xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış 4ə-1308 nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini Cavabdeh5 satmışdır. Məhkəməyə bildirmək istəyirlər ki, mübahisəli torpaq sahəsi dövlət aktı ilə iddiaçıya ayrılandan sonra və bu günkü günədək iddiaçının istifadəsindədir və hər hansı 3-cü şəxs qeyd olunan torpaq sahəsi ilə bağlı pretenziyalarını və ya tələblərini irəli sürməmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-554/2023 saylı qətnaməsi əsasında 23 may 2008-ci il tarixində 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilmişdir, lakin həmin vaxt qeyd olunan torpaq sahəsinin digər şəxslərə satıldığı məlum olmadığından qeyd olunan digər müqavilələri iddia tələbində qeyd edilməmişdir. Qeyd olunan alqı-satqı müqavilələrində icra vərəqəsində qeyd edilməməsi nəticəsində İddiaçı Vasiliyevnanın mülkiyyət hüquqlarının bərpa edilməsində maneə törədir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(074)-554/2023 saylı qətnaməsi əsasında 23 may 2008-ci il tarixində 4Ə- 2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsini və onun əsasında verilmiş sənədləri etibarsız hesab edilmişdir, yəni faktiki olaraq Cavabdeh2 tərəfindən etibarsız hesab edilmiş müqavilə əsasında əldə etmiş çıxarış ləğv edilmişdir, eyni zamanda ləğv edilmiş çıxarış əsasında alqı-satqı müqavilələri əhəmiyyətsizdir və etibarsız hesab olunmalıdırlar, onların əsasında verilmiş çıxarışlar isə ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər alqı-satqı müqavilələrində vicdanlı alıcı kimi qəbul edilə bilməzlər. Cavabdeh5 məhkəməyə müraciət etməyib. Əgər həqiqətən hüquqları pozulmuşdusa, bu barədə məhkəməyə müraciət edə bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı saxta etibarnamə ilə ölmüş həyat yoldaşının adından Saleh adında şəxsə etibarnamə verib. Yəni Anna etibarnamə verərkən həyat yoldaşının ölməsi ona məlum idi. 2008-ci ildə torpaq sahəsini Cavabdeh2, 2013-cü ildə Cavabdeh3, 2022-ci ildə isə Cavabdeh5 alıb. Məhkəməyə müraciət olunmamasının səbəbi Cavabdeh5 İddiaçı torpaqdan istifadə üçün 1 illik icazə verməsi olub. Daha sonra isə İddiaçı tərəfindən məhkəməyə müraciət olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verib bildirdi ki, o, İddiaçı tanıyır. Onun nəvəsi Yurya ilə şərik mal-qara saxlayırlar. Həmçinin onun ünvan 2ində yerləşən torpaq sahəsini 15 ildir ki, o, əkir. Bu il əkməyib. Almabağı olan 2 ha ərazini əkmir. O, 4 ha olan ərazini əkir. Katya Yuryaya məlumat verib ki, torpaq sahəsi şumlanır. Sonra isə Yurya ona deyib ki, məsələ qarışıqdır. O, da qarışıqlığa görə bu il torpağı əkməyib. Afiq adında adam sahəni şumlayıb. Subsidiyanın nə olmasını bilir, lakin həmin torpağa görə alıb-almadıqlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, o, Annanı tanıyır. Anna ilə uzun müddətdir ki, eyni kənddə yaşayıblar. İddiaçı torpağını heç vaxt o, əkməyib, Əziz əkib. Annanın torpaq satmasından və hansı ölçüdə satmasından xəbəri olmayıb. Bu barədə sonradan bilib. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan X26 İnkişaf Mərkəzinin 18 noyabr 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh5 mülkiyyətində olan **********39 saylı Daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən 4.006 ha torpaq sahəsində 2023-2024 və 2024-2025-ci əkin ilində buğda əkini aparmış, X18 İnformasiya Sistemində bəyan edilmişdir. Əkdiyi əkinə görə müvafiq subsidiya əmsalına uyğun subsidiya almışdır. İş materiallarında olan X26 İnkişaf Mərkəzinin 03 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq X18 İnformasiya Sistemi 2019-cu ildə yaradılmışdır. Araşdırma zamanı İddiaçı əkin sahəsi barədə bəyan qeydiyyatı 2019-2025-ci illər ərzində müəyyən olunmamışdır. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, icra sənədində qeyd olunan Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4ə-2/263 reyetr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə müvafiq qeydlər daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmişdir. Eyni zamanda bildirilir ki, X10 məxsus olan 4.006 ha torpaq sahəsi Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında Cavabdeh2 satıldıqdan sonra, qeyd olunan torpaq sahəsi sonuncu tərəfindən 14 oktyabr 2013-cü il tarixdə Şamaxı rayon notariat kontorunda bağlanmış 4-Ə-628 nömrəli alqı-satqı müqaviləsi əsasında digər şəxsə özgəninkiləşdirilmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə mübahisə predmeti olan 4.006 ha torpaq sahəsi Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış 4ə-1308 nömrəli alqı-satqı müqaviləsi əsasında daha bir şəhsə özgəninkiləşdirilmişdir. Qeyd olunan müqavilələrin ləğv edilməsinə Şamaxı Rayon Məhkəməsinin 2(074)-554/2023 saylı, 25 09.2023-cü il tarixli İcra sənədində münasibət bildirilmədiyi üçün, iddiaçı X7 mülkiyyət hüququnun bərpası mümkün olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 29 may 2024-cü il tarixli məktubundan görünür ki, Daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Ərizənin icrasını təmin etmək məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2i ərazisində yerləşən torpaq sahələri başqa şəxsin mülkiyyətində olduğuna görə ərizənin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan JN-0492, Kod 41003018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, ünvan 2 sakini X10 və X15 Şamaxı Rayon Dövlət Notariat Kontorunun 14 mart 2005-ci il tarixli, 4Ə/186 saylı alqı-satqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 6,26 ha kənd təsərrüfatlı məhsullar istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə-628 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 4,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2 Cavabdeh3 satmışdır. İş materiallarında olan Seriya MH № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il qeydiyyat tarixli ünvan 2i ünvanında yerləşən 4,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 məxsusdur. İş materiallarında olan Seriya MH № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********39, qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il qeydiyyat tarixli ünvan 2i ünvanında yerləşən 4,006 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 məxsusdur. İş materiallarında olan Seriya MH № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il qeydiyyat tarixli ünvan 2i ünvanında yerləşən 2,2568 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X15 məxsusdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)- 554/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Şamaxı rayon dövlət notariat ofisində 23 may 2008-ci il tarixdə 4Ə-2/263 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********39, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cq il qeydiyyat tarixli ünvan 2i ünvanında yerləşən 4,006 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 məxsusdur. İş materiallarında olan 23 may 2008-ci il tarixli AN-İ, ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19, X17 tərəfindən verilmiş etibarnaməyə əsasən onların adlarından çıxış edən X2 Torpaq Komitısi tərəfindən verilmiş JN 0492 kod 41003018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində yerləşən ümumi sahəsi 6.26 ha torpaq sahəsindən 40059,83 kv.m torpaq sahəsini Cavabdeh2 4050 manata satmışdır. İş materiallarında olan Şamaxı Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-1308 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 4,006 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh3 Cavabdeh5 satmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nin Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında JN-0492 KOD 41003018 nömrə ilə qeyd olunan Şamaxı rayon DNK-nin xx.xx.2005-ci il tarixli 4ə/186 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı və onun ailə üzvlərinə verilmiş 40059.83 kv.m torpaq sahəsi xx.xx.2005-ci il tarixdən İddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 18 fevral 2025-ci il tarixli məktubundan görünür ki, **********68 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış İddiaçı 20 fevral 2023-cü il tarixdə sənədlərin verilməsi jurnalına imza etdirməklə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, JN 0492 saylı, KOD 41003018 Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 2ində yerləşən 6,26 hektar torpaq sahəsi İddiaçı və X11 mülkiyyətində olmuşdur. xx.xx.2008-ci il tarixdə isə həmin torpaq sahəsinin 40059,83 kv.m. hissəsi Cavabdeh2 satılmışdır. Bundan sonra həmin torpaq sahəsi Şamaxı Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsi əsasənda Cavabdeh2 tərəfindən Cavabdeh3, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh3 tərəfindən Cavabdeh5 satılmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin tərəfi Cavabdeh3 və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfi Cavabdeh5 vicdanlı əladə edənlər olmuşdur. Belə ki, İddiaçı və X17 və digərləri tərəfindən X5 onlara verilmiş torpaq sahələrinin satılması ilə bağlı xx.xx.2008-ci il tarixdə verilmiş etibarnamədə İddiaçı məxsus 6,26 hektar torpaq sahəsinin 40059,83 kv.m. hissəsinin satılması qeyd edilməmişdir. Həmçinin həmin etibarnamə X17 tərəfindən imzalanmışdır. X11 xx.xx.2006cı ildə dünyasını dəyişməsi onun həyat yoldaşı olmuş və həmin etibarnaməni imzalamış İddiaçı bəlli idi. Lakin Cavabdeh3 və Cavabdeh5 onlarla bağlanmış alqı-satqı müqaviləsinin tərəfi olmamış X11 2008-ci il torpaq sahəsi satılarkən artıq dünyasını dəyişməsini və İddiaçı həmin vaxt torpaq sahəsinin 40059,83 kv.m. hissəsini satmaq fikrində olmasını bilmirdilər və bilməli də deyildilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarının 7.9-cu bəndinə əsasən, bəzən məhkəmə təcrübəsində ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilməsi barədə onlardan biri tərəfindən bağlanmış əqdlərdə vicdanlılığı istisna edən qayda əldə edən tərəfindən sonrakı əvəzli özgəninkiləşdirmə əqdlərinə də tətbiq edilir və əşyaya dair bağlanmış sonrakı bütün əqdlər etibarsız hesab edilərək, əşya ər-arvadın birgə mülkiyyətinə qaytarılır. Halbuki Mülki Məcəllənin 225.6-cı maddəsi ər-arvaddan birinin razılığı olmadan sərəncam əqdi bağlandığı halda, əldə edənin vicdanlılığını istisna edir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığı qorunur. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyektlərdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Şamaxı Rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh5, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Şamaxı Rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh5, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar