Məhkəmə qərarları › İş №2(074)-509/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-509/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-509/2022 17.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1lə və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən, JN 258 nömrəli kod ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 7,89 ha torpaq sahəsinin ona satılması barədə alqı-satqı müqaviləsinin 25 yanvar 2003-cü il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildə Şamaxı rayonu Astraxanovka kəndində cavabdehə və ailə üzvünə Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş 7,89 ha kənd təsərrüfat məhsulları istehsalı üçün olan torpaq sahəsini onlardan pulunu verməklə almış, bu barədə icra nümayəndəliyində 25 yanvar 2003-cü ildə Şamaxı rayonu Qızmeydan kənd sakinləri X6, Məhəmməd Sadıqov, Elman Mirzəyev, Cavabdeh1 və onun iştirakı ilə akt tərtib olunmuşdur. Elə həmin aktda göstərilir ki, Cavabdeh1 JN № 258 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş 7,89 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsini ona satmışdır. 2003-cü ildə aldığı torpaq sahəsi faktiki istifadəsindədir. Lakin, cavabdehlər Rusiya Federasiyasına öz qohumlarının yanına köçdüyündən onlar alqı-satqını tamamlaya bilməmişlər. İllərdir onları axtarır heç bir nəticəsi yoxdur. Həmin vaxt onlar pensiyaçı idilər. Bu günə kimi bir əlaqə yarada bilməmişdir. 18 ildir ki, torpaq sahəsinə sahiblik edir, həmin torpaq sahəsindən istifadə edir, torpaq sahəsi üçün vergilər ödəyir. Bu barədə onun şahidləri var. O, alqı-satqı müqaviləsində alıcı olmuş, vəzifəsi aldığı torpaq sahəsinin dəyərini ödəmək və onu qəbul etmək olmuşdur ki, hər iki vəzifəni icra etmişdir. Cavabdeh1 isə bu müqavilədə satıcı tərəfdir. Bu öhdəlik üzrə onun vəzifəsi torpaq sahəsini alqı-satqı müqaviləsini rəsmiləşdirərək evi onun mülkiyyətinə sahibliyinə və istifadəsinə vermək olmuşdur. Cavabdeh torpaq sahəsini faktiki olaraq onun sahibliyinə və istifadəsinə vermiş, lakin aralarında olmuş alqı-satqı müqaviləsi cavabdehin təqsiri ucbatından bu günə kimi notariat qaydasında təsdiqlənməmiş qalmışdır. Ona görə də bu alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, həmin torpaq sahəsini cavabdehlərdən almış və daha sonra isə onun istifadəsində olmuşdur. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib bildirdi ki, 1988-ci ildən Şamaxı rayonu Qızmeydan kəndində yaşayır. İddiaçı və cavabdehləri tanıyır. Cavabdeh1 və Cavabdeh2 torpağı İddiaçı satıb sonra köçmüşlər. 2003-cü ildən o torpaq sahəsindən Siyavuş istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, 1980-ci ildən Şamaxı rayonu Qızmeydan kəndində yaşayır. İddiaçı Şamaxı rayonu Qızmeydan kəndində yerləşən torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 almışdır. Cavabdehlə alqı-satqı ilə bağlı akt tərtib olunmuş və həmin aktı oda imzalayıb. Sonradan cavabdehlər kənddən köçmüşlər. Məhkəmə iddiaçının izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2003-cü tarixli aktın surətindən görünür ki, JN № 258 Dövlət Aktına əsasən 7.89 ha torpaq sahəsini Cavabdeh1 İddiaçı satır. Aktın doğru və düzgünlüyünü X6, Məhəmməd Sadıqov, Elman Mirzəyev, Cavabdeh1 və İddiaçı imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 11 noyabr 2021-ci tarixli aktın surətindən görünür ki, Qızmeydan kənd sakinləri olmuş Cavabdeh1lə və Cavabdeh2 2006-cı ildə paylarına düşən 7.89 ha torpaq sahəsini İddiaçı satmış, həmin ildə Rusiya Federasiyasına köçmüş, köçdükləri zaman təqaüdçü olmuşlar. Aktın doğruluğunu İddiaçı, X1 və Səmədov Muradxan imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan JN-258 saylı 41003018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon AİK-nın 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə Cavabdeh1 və Cavabdeh2 7.89 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 30 iyul 2021-ci il tarixli **********57 saylı məktubdan görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-289F saylı 41011018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Evin yerləşdiyi 0,28 ha torpaq sahəsi başqa şəxsin mülkiyyətində olduğu üçün, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Baçısının Qızmeydan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13.05.2022-ci il tarixli № 02 saylı arayışından görünür ki, JN-258 nömrəli dövlət aktında qeyd olunan Cavabdeh1 məxsus 7.89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı istifadəsindədir və vergisi tam olaraq ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 və Cavabdeh2 25 yanvar 2003-cü il tarixdə ünvan 1 ərazisində yerləşən sonunculara məxsus 7.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısı barədə razılığa gəlmişlər. İddiaçı həmin torpaq sahəsinə görə müəyyənləşdirilmiş pulu cavabdehlərə ödəmiş, cavabdehlər torpaq sahəsini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq sahəsindən iddiaçı və onun ailə üzvləri istifadə və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1lə və Cavabdeh2 Şamaxı rayonu, Qızmeydan kəndi (keçmiş Astraxanovka) kəndində 7.89 ha torpaq sahəsinİ 25 yanvar 2003-cü iİ tarixdə İddiaçı faktiki olaraq satmışdır. Lakin, tərəflər torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, ünvan 1 7.89 hektar torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 25 yanvar 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şamaxı rayonu Qızmeydan kəndində (keçmiş Astraxanovka) 7.89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 25 yanvar 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar