Məhkəmə qərarları › İş №2(074)-574/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-574/2020

13.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-574/2020 13.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, x6 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin təyin olunmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin təyin olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 noyabr 2016-cı il tarixdə doğulmuş Aqşin adlı oğlu və 16 mart 2020-ci il tarixdə doğulmuş Məryəm adlı qızının saxlanılması üçün ataları Cavabdeh hər ay hər uşağa görə 200 manat və Məryəm adlı uşağın 3 yaşına çatana kimi ona qulluq etməklə əlaqədar hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, o, cavabdehlə 2016-cı ilin fevral ayında qeyri-rəsmi, 12.01.2017-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 26.11.2016-cı il təvəllüdlü x4 və 16.03.2020-ci il təvəllüdlü x3 anadan olmuş, 2019-cu ilin aprel ayının əvvəlində cavabdeh işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin ilin iyun ayının 9-da o da cavabdehin yanına getmiş, 2019-cu ilin dekabr ayında Azərbaycana geri qayıtmış, həmin vaxt hamilə olmuş, cavabdeh onu uşaq olduqdan sonra Azərbaycana qayıdacağı ilə aldadmış, lakin geri qayıtmamışdır. Həmçinin qayıtmamaqla bərabər o və uşaqları ilə maraqlanmamış, maddi köməklik göstərməmiş, Balabanova şəhərində yerləşən mərkəzi bazarda paltar mağazasında, əlavə olaraq tikinti şirkətində işləməsinə və aylıq ən azı 1500 manat pul qazanmasına baxmayaraq 6 ay ərzində uşaqları üçün 30 manat pul göndərmişdir. Hal-hazırda hər bir uşağın saxlanılması üçün aylıq 150 manat pul xərclənir. Odur ki, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ № 176965 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə x2 arasındakı nikah 12.01.2017-ci il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12.01.2017-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qaniyev, arvada Qaniyeva soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 08.05.2020-ci il tarixli № 05/Q-317/69 saylı arayışından görünür ki, x426.11.2016-cı ildə Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV № 436493 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x3 16.03.2020-ci ildə Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər 2016-cı ilin fevral ayında qeyri-rəsmi, 12.01.2017-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 26.11.2016-cı il təvəllüdlü x4 və 16.03.2020-ci il təvəllüdlü x3 anadan olmuş, tərəflər faktiki olaraq ayrılmışlar. Uşaqlar iddiaçının yanında yaşayırlar. Həmçinin birgə nikahdan doğulmuş 16.03.2020-ci il təvəllüdlü x3 3 yaşına çatmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 09 iyun 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 26.11.2016-cı il təvəllüdlü x4 və 16.03.2020-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment, eyni zamanda 16.03.2020-ci il təvəllüdlü x1 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09 iyun 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 26.11.2016-cı il təvəllüdlü x4 və 16.03.2020-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment, eyni zamanda 16.03.2020-ci il təvəllüdlü x1 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar