Məhkəmə qərarları › İş №2(074)-591/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-591/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-591/2024 11.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı rayonu, Sis kəndində yerləşən 0,10 ha torpaq sahəsinin ona satılması barədə alqı-satqı müqaviləsinin 2008-ci il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Sis kəndində 0,10 ha torpaq sahəsini 2008-ci il tarixdə 6500 ABŞ dollarına Cavabdeh satın almışdır. Həmin torpaq sahəsinin satılmasına dair cavabdeh tərəfindən qəbz yazılaraq, ona verilmişdir. Sonra o, torpaq sahəsində ev tikdirmişdir. Həmin vaxt cavabdehin bütün ailə üzvləri həmin torpaq sahəsini satsın deyə, cavabdehə 2008-ci ildə etibarnamə vermişdirlər. 2018-ci ildə etibarnamənin vaxtı bitmişdir. O, cavabdehdən yenidən etibarnamənin müddətinin uzadılmasını xahiş etdikdə, sonuncu bildirmişdir ki, ailə üzləri ilə münasibəti olmadığından, həmin etibarnamənin müddətini uzada bilmir. Həmin evə qeydiyyat vəsiqəsi verilən zaman, ev ona məxsus olsa da, cavabdeh və onun ailə üzvlərinin adına qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Hal-hazırda cavabdeh özü də, etiraf edir ki, həmin torpaq sahəsini ondan almışdır. Torpaq sahəsi və sonradan tikilmiş fərdi yaşayış evi faktiki istifadəsindədir. Bu barədə şahidləri var, lazım olarsa, məhkəməyə dəvət edilib, dindirilə bilər. Aralarında olmuş alqı-satqı müqaviləsi cavabdehin təqsiri ucbatından bu günə kimi notariat qaydasında təsdiqlənməmiş qalmışdır. Ona görə də, bu alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN-002A seriyalı, kod 41010048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayonu, Sis kənd sakini X1 və onun ailə üzvləri olan X3, X6, X4, X5 və X2 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “...Əvvəlki MM-in 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsiəqdinetibarsızlığına səbəb olur. Əvvəlki MM-in 39-cu maddəsinin mahiyyətinə görə evin alqı-satqı müqaviləsi əqddir və belə əqdlərin notariat formasının məcburiliyi həmin Məcəllənin 230-cu maddəsində təsbit olunmuşdur. Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır”. Həmin Qərarda həmçinin qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir”. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma əldə olunmuş, lakin tərəflərin iradə ifadəsi notariat qaydasında təsdiqlənməmiş və ya əqdin hər hansı bir yazılı formada tərtib edilməsinə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar