Məhkəmə qərarları › İş №2(074)-61/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-61/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-61/2025 14.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərə görə 20407 manat və vurulmuş mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 25407 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış 20 aprel 2023-cü il tarixli MAS-5660 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2022-ci il buraxışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil müvəqqəti onun sahiblik və istifadəsinə verilmişdir. Həmin avtomobili 3-4 gün sürdükdən sonra, qohumu olan polis işçisi Cavabdeh müvəqqəti olaraq sürmək üçün ondan almışdır. Həmin vaxt Cavabdeh polis işçisi olduğuna görə, onun deməyinə baxmayaraq, avtomobili sürmək üçün etibarnamə götürməmişdir. 2023-cü ilin aprel ayından “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olmuşdur. Qeyd olunan avtomobil cavabdehin istifadəsində olduğu müddətdə, yol hərəkəti qaydalarını pozduğuna görə, bütün cərimələr onun adına gəlmiş və onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bu barədə o, cavabdehə xəbər verdikdə, cavabdeh hər dəfə bildirmişdir ki, “narahat olma bütün cərimələri sildirəcəm”. Cavabdeh polis işçisi olduğuna görə, yol polis əməkdaşları avtomobili ondan alıb cərimə meydançasına yerləşdirməmişdirlər. Cavabdehin yol hərəkəti qaydalarını pozması nəticəsində ona cəmi 19.500 manat məbləğində cərimə yazılmış və sürücülük hüququ məhdudlaşdırılmışdır. "xxxx" MMC ona qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsində "xxxx" MMC ondan cəmi 907 manat pul tələb etmişdir. Hal-hazırda “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsindədir və həmin avtomobili gizlədir. Həmçinin, cavabdehin onun avtomobilini alaraq, geri qaytarmaması nəticəsində, onun sürücülük hüququ məhdudlaşdırılmış, o, aylardı əsəb, stres keçirmiş, işə çıxa bilməmişdir. Bu məsələ ilə bağlı vaxtını itirmiş, əlavə xərclərə düşmüşdür. Bu səbəbdən, yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5660 saylı Daxili lizinq müqaviləsinə əsasən, 2022-ci il buraxılışlı, “Khazar SD minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış MAS-5660 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, İddiaçı bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, müxtəlif tarixlərdə “Yol hərəkəti haqqında” Qanunun tələbləri pozulduğuna görə, “Khazar SD minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi kimi İddiaçı barəsində inzibati cərimə növündə tənbehlər tətbiq edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, daxili lizinq müqaviləsinə əsasən, “Khazar SD minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırki iş üzrə İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verilmiş və yol hərəkəti qaydalarının tələbləri pozulduğuna görə, müxtəlif tarixlərdə İddiaçı barəsində inzibati cərimə növündə tənbehlər tətbiq edilmişdir. Hazırda isə iddiaçı həmin qayda pozuntularının onun sahibliyinə verilmiş avtomobilin cavabdehin istifadəsində olduğu müddətlərdə törədildiyini, nəticədə çoxlu sayda cərimələrin ödənilməməsi səbəbindən onun sürücülük hüququnun məhdudlaşdırıldığını, əsəb, stres, əzab və əziyyət keçirdiyini əsas gətirərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından görünür ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı yol hərəkəti qayda pozuntularının daxili lizinq müqaviləsinə əsasən, onun sahibliyinə verilmiş nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddətlərdə törədildiyini, nəticədə ona maddi və mənəvi zərər vurulduğunu göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən vurulmuş maddi zərərə görə 20407 manat və vurulmuş mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 25407 manat pulun alınaraq, iddiaçıya verilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərə görə 20407 manat və vurulmuş mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 25407 manat pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar