Məhkəmə qərarları › İş №2(074)-658/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-658/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-658/2021 07.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 19.03.2003-cü il təvəllüdlü X7, 19.09.2004-cü il təvəllüdlü X6 və 19.11.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 19.03.2003-cü il təvəllüdlü X4 18 yaşının tamam olduğunu bildirərək, Cavabdeh birgə nikahdan doğulmuş 19.09.2004-cü il təvəllüdlü X6 və 19.11.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 iyul 2003-cü il tarixdə ailə qurmuş, bu nikahdan 19 mart 2003-cü il təvəlüldlü Rəsul, 19 sentyabr 2004-cü il təvəllüdlü Ayşən və 19 noyabr 2009-cu il təvəlüldlü Nurcan adlı övladları anadan olmuşdur. Ailə münasibətləri ailə quranduqdan sonra yaxşı olmuşdur. Lakin sonradan cavabdehin ona qarşı olan münasibəti get-gedə dəyişdiyindən nəticə etibarı ilə faktiki olaraq ayrı yaşamağa başlamış, münasibətlərinin yaxşı olmamasını görüb nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməli olmuş, Şamaxı rayon Məhkəməsinin 2(074)-2049/2017 saylı 11.09.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, cavabdeh uşaqların saxlanılmasında maddi yardım etdiyindən həmin ərəfədə aliment tələbi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, cavabadeh həmin vaxtlarda 3 uşağa görə 300 manat civarında maddi yardım edirmiş. Cavabdeh Rusiya Federasiyası bazarlarında ticarətlə məşğul olurdu. O, hal-hazırda da, oradadır. Lakin cavabdeh artıq son vaxtlar 3-4 ay olarki uşaqlarına maddi yardımı göstərməkdən yayınmağa başlamışdır. Bunun səbəbinin nə ilə bağlı olduğunu maraqlananda, o, COVİD-19 ilə bağlı onun orada olan işlərinin getmədiyini bildirmişdir. Özü isə işləmədiyi üçün uşaqlarını saxlamaqda çətinlik çəkdiyinə və uşaqların yaşları və tələbatları da, artdığına görə məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, uşaqlar onun yanındadır. Cavabdeh maddi yardım göstərmir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək iddianı qismən qəbul etdiyini və hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli 2(074)-2049/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01.07.2003-cü il tarixdə Şamaxı rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan AZ-İ № 255580 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 24.01.2018-ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan qadına “Əsgərova” soyadı verilmişdir. İş materiallarında olan Rusiya Federasiyasının № 574841 saylı doğum haqqında şəhadətnasinin surətindən görünür ki, X7 19.05.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan AZ-İ № 538432 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19.09.2004-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 374025 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19.11.2009-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış X6 və X2 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 07 may 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 19.09.2004-cü il təvəllüdlü X6 və 19.11.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 may 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 19.09.2004-cü il təvəllüdlü X6 və 19.11.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar