Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-706/2023 17.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “boşanma və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış rəsmi nikahlarının pozulması, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 onun yanında qalması, Cavabdeh ilə onun birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və həm də uşağın 3 yaşı tamam olanadək hər ay əlavə 100 (yüz) manat xərclik pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 adında blir övladları doğulmuşdur. Ailə qurduqdan qısa müddət sonra Cavabdeh hər gün evdə tez-tez davadalaş salıb söz-söhbətlər yaratmağa başlamışdır. Valideynləri arasında ailələrinin qorunub saxlanmasına dair dəfələrlə müzakirələr aparılsa da heç bir nəticəsi olmamışdır. Görmüşdür ki, cavabdehlə onun xarakteri və xasiyyəti uyğun gəlmir. O və cavabdeh valideynlərinin razılığı ilə evlənib ailə həyatı qurmuşlar. Beləliklə, hər gün ailələrində baş verən narazılıq və söz-söhbət nəticəsində qəti qərara gəlmişdir ki, cavabdehlə onun arasında bağlanmış nikah müqaviləsi pozulmalı və onlar boşanmalıdırlar. Qərarı qətidir və ailələrinin bərpa edilməsi mümkün deyildir. Daha bundan sonra cavabdehlə barışıqdan söhbət gedə bilməz. Birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü bir uşaqları isə onun yanında qalmalıdır. Cavabdeh maddi imkanı və həyat şəraiti çox yaxşıdır. Hesab edir ki, o, Cavabdeh ilə boşandıqdan sonra onunla birgə nikahlarından doğulmuş bir uşağının onun yanında qalmaqla uşağın yetkinlik yaşınadək saxlanması üçün hər ay bir uşaq üçün 220 manat alimentin uşağın atası Cavabdeh alınıb ona verilməsi tam ədalətlidir. Çünki özü işsizdir, uşağı isə çox körpədir. Onun geyim, qida və səhiyyə xərclərinə hər ay xeyli məbləğdə pul lazımdır. Bundan əlavə, uşağın 3 yaşı tamam olanadək hər ay cavabdehdən əlavə 100 (yük) manat da xərclik pulunun alınıb ona verilməsini məhkəmədən xahiş edir. Ərizəyə daxil etdiyi ******* saylı, xx.xx.2023-cii il tarixli arayışın asilindən görünür ki, o hal-hazırda Şamaxı rayonunun Göylər kəndində qeydiyyatda olmaqla yaşayır. 2023-cü ildə yaşayış minimumu Azərbaycan Dövləti tərəfindən hər ay hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli rəsmi nikahlarının barışıq üçün vaxt verilmədən pozulması, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 xx.xx.2023-cü ildən başlayaraq, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olanadək hər ay əlavə 100 manat xərclik pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, boşanmağa fikri qətidir. Onlara vaxt verilməsini istəmir, çünki ailələrinin bərpası mümkün deyildir. Barışıq sazişi bağlanarkən mediator onu aldatmışdır. O, latın qrafikasında yaza və oxuya bilir. Barışıq sazişinin şərtləri ona oxunmuş o, isə həmin vaxt onu imzalasa da sonradan aldadıldığını bilmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Verilmiş suallara cavab olaraq bildirdi ki, barışıq sazişi bağlanarkən hansı formada aldadıldığını izah edə bilmir. Lakin mediator ona hər şeyin onun xeyrinə olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, iddiaçının boşanmağa fikri qətidir. Həmçinin cavabdeh iddiaçının 26 aprel 2023-cü il tarixdən evdən qovmuş və həmin vaxtdan onlara heç bir köməklik etməmişdir. Buna görə də aliment həmin vaxtdan tutulmalıdır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verib bildirdi ki, nikahın pozulmasına və birgə nikahdan doğulmuş uşaqlarının anasının yanında saxlanılmasına razıdır. Barışıq sazişi etibarsız hesab edilməmlidir. Belə ki, barışıq sazişi bağlanarkən hər ikisi orada iştirak etmiş, barışıq sazişinin şərtləri onlara dəfələrlə izah edilmiş və onlar həmin çərtlərlə razılaşdıqları üçün barışıq sazişi bağlanmışdır. Həmin vaxt onlara heç bir təsir olmamışdır. Sazişdə yalnız alimentin tutulma müddəti ilə iddiaçı hazırda razı deyil. Əgər belə idisə saziş bağlanarkən bunu orada bildirərdi. Eyni zamanda onun aylıq əmək haqqı 586 manatdır və əlavə gəliri yoxdur. Buna görə də uşağın üç yaşına çatanadək əlavə xərclik pulunun tutulmamasını xahiş edir. Buna görə də iddianın nikahın pozulması hissəsində təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 354864 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasındakı nikah 19 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Şamaxı rayonu Göylər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 sentyabr 2019-cu il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Xəlilov”, arvada “Xəlilova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ № 578352 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflər uzun müddətdir ki, ayrı-ayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Onlar nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Buna görə də məhkəmədən nikahlarının pozulmasını xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onları nikahı pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. İş materiallarından görünür ki, mediasiya prosesində tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən hər iki tərəf birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında yaşamasına razılaşmışlar. İddiaçı Əlimusa qızı xx.xx.2021-ci il təvəllüdlü X1 atası Cavabdeh ilə hər həftənin şənbə və bazar günü 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin iyulundan başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası İddiaçı ödəmək barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi onların maraqlarına uyğundur və həmin barışıq sazişinin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Buna görə də iddia tələbinin tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsi ilə bağlı tərəflər barışıq sazişi bağladıqlarından və həmin barışıq sazişinin etibarsız sayılması üçün məhkəmə iclasında heç bir əsas müəyyən edilmədiyindən iddia tələbi barışıq sazişinin etibarsız hesab edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə təmin edilməməlidir. Məhkəmə, iddianın “X1 3 yaşı tamam olanadək hər ay əlavə 100 (yüz) manat xərclik pulunun tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və X1 üç yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti 02 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə X1 üç yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən tutulmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək alimentin alınması üçün tədbirlər görülməsi lakin cavabdehin bundan boyun qaçırması ilə bağlı heç bir sübut iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə iclasında təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmalı, xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 19 sentyabr 2019-cu il tarixdə Şamaxı rayonu Göylər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 12 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 02 iyun 2023-cü il tarixdən başlayaraq 26 yanvar 2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-706/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-706/2023
17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver