Məhkəmə qərarları › İş №2(074)-724/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-724/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-724/2024 29.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-saqı müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN-İ № ******* saylı, 25 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və qanunla müəyyən edilmiş qaydada ona və ailə üzvlərinə məxsus Şamaxı rayonu, Çıraqlı kəndi ərazisində yerləşən və qeyri-qanuni olaraq satılmış 3,24 ha torpaq sahəsi üzərində hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkmə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır: Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə yazılı bildiriş göndərilməsi, cavabdehin bundan imtina etməsi və ya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ondan cavab almamasına dair heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinin tələblərinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinin tələblərinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş alq-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X1 ilə Cavabdeh1 arasında bağlanmışdır. İddiaçı isə həmin alqı satqı zamanı nümayəndə qismində iştirak edən Cavabdeh3 və Cavabdeh2 formal olaraq cavabdeh qismində göstərməklə mülki işin aidiyyətini dəyişdirmək istəmiş, lakin onlara qarşı heç bir tələb irəli sürməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (əməliyyat İD 428622891, GPP qəbz nömrəsi **********) 100 manat rüsum İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 267- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-saqı müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (əməliyyat İD 428622891, GPP qəbz nömrəsi **********) 100 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar