Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-782/2022 15.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2019-2021-ci illər üçün hər ay 150 manat olmaqla, cəmi 5.400 manat alimentin birdəfəlik tutularaq, eləcə də xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 196 manat sabit pul məbləğində aliment, eləcə də mediasiya üçün ödənmiş 50 manatın tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti ilə evlənib ailə qurmuş, o, hamilə vəziyyətində olanda onu evdən qovmuşlar, sonra xx.xx.2015-ci il tarixdə uşağı anadan olmuşdur. Rəsmi nikahı olmadığı üçün uşağa doğum haqda şəhadətnamə ala bilməyib. Cavabdehə dəfələrlə atalığın müəyyən edilməsi üçün müraciət etsə də, bundan imtina etmiş, o, da imkansızlıqdan bu işləri həll edə bilməyib. Sonra yaxşı insanlar ona bunun yolunu başa salmışlar. O, məhkəməyə atalığın müəyyən edilməsi üçün müraciət etmiş və məhkəmə qətnaməsi ilə uşağının atalığı müəyyən etmişdir. Uşağa doğum haqda şəhadətnamə almış və indi yalnız aliment tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Əvvəlcə cavabdehə mediasiya təklif etmiş, heç bir cavab verməmişdir. Mediasiya Şurasına müraciət etmiş və o prosesə də cavabdeh gəlməmişdir. Bu barədə mediator arayış tərtib etdi və o mediasiya üçün 50 manat rüsum ödəmişdir. İndi isə məhkəməyə müraciət etmişdir. Uşağı saxlamaq hər bir atanın borcudur. Amma cavabdeh illərdir nəinki uşağına maddi yardım etmir, hətta uşağı da etiraf etmirdi və atalıq vermirdi. O, isə bu 7 ildə uşağını min əziyyətlə, nökərçiliklə saxlayıb. Hüquqi cəhətdən bu işlərin yolunu da bilməyib və buna maddi imkanı da yox idi. Nəhayət 7 ildən sonra cavabdehin atalığını məhkəmə qaydasında təsdiq etdirə bilmişdir. Cavabdeh yanacaq doldurma məntəqəsində işləyir və kifayət qədər normal qazanır. Ona görə də cavabdeh uşağın saxlanması üçün xərcələrdə iştirak etməlidir. Qanuna görə aliment ərizə məhkəməyə daxil olan gündən hesablanır. Amma iddiaçıdan asılı olmayan və qarşısı alınmaz hallar olduqda, son 3 ilin də alimentini tələb etmək olar. Bu işdən də görünür ki, cavabdeh bilərəkdən atalığı etiraf etmir ki, aliment ödəməsin. Ona görə də belə hesab edir ki,cavabdehdən son 3 ilin də alimenti birdəfəlik qaydada alınmalı, indiki alimenti müddəti isə o mediasiyaya müraciət edən gündən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, iddiaçı 90 manat məbləğində aliment ödəyə bilər. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçınıı və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 705006 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2015-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(064)- 2470/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 atası olması müəyyən edilmiş, X2 doğum haqqında akt qeydində soyadı Rəhimov, atası Pənah və atası qrafasında Cavabdeh qeyd edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış Ümüd adlı uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağların valideyni olaraq onların saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, uşağların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 150 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddianın “2019-2021-ci illər üçün hər ay 150 manat olmaqla, cəmi 5.400 manat alimentin birdəfəlik tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən əvvəlki dövr üçün alimentin tutulması üçün iddiaçı cavabdehdən aliment tələb etmək üçün müvafiq tədbilər görməli, lakin cavabdeh bundan boyun qaçırmış olmalı idi. Lakin, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl aliment tələb etmək üçün cavabdehə müraciət etməsini, bu barədə lazımi tədbirlər görməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, bu vəziyyətdə alimentin məhkəməyə müraciət etməmişdən əvvəlki 2019-2021-ci illər üçün tutulması mümkün deyil. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 15 fevral 2015-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi ödənilmiş 50 (əlli) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-782/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-782/2022
15.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver