Məhkəmə qərarları › İş №2(074)-849/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-849/2021

06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-849/2021 06.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 08.04.2006-cı il təvəllüdlü Amil, 05.13.2007-ci il təvəllüdlü Şahanə və 29.01.2015-ci il təvəllüdlü Amin adlı uşaqlarının saxlanılması üçün Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada hər ay 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 15.12.2004-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 08.04.2006-cı il təvəllüdlü X5, 05.12.2007-ci il təvəllüdlü X2 və 29.01.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Evliliklərinin əvvəllərində münasibətləri yaxşı olmuş, lakin sonradan cavabdehin ona qarşı olan münasibəti pisləşmişdir. O, uşaqlarına və böyüklərinin sözünə qulaq asaraq cavabdehə dözməli olmuş, ailəsinin dağılmasını istəməmişdir. Lakin cavabdehin ona qarşı olan bu münasibəti dəyişməmişdir. Dəfələrlə təhqirlərə və döyülmələrə məruz qalmışdır. Cavabdehin ailəsinə qarşı bu cür laqeydliyinə dözə bilmədiyi üçün uşaqları ilə birlikdə atasının evinə getməli olmuşdur. Cavabdeh ailədə bir ailə başçısı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, demək olar ki, uşaqların böyüdülüb tərbiyə olunmasında iştirak etməmişdir. Bir müddət Rusiya Federasiyasında işləsə də, orada qazandığı puldan zorla ailəsinə göndərmişdir. Hal-hazırda maddi imkanı zəif olduğundan uşaqları saxlaya bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh uşaqlarla maraqlanmır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 06.07.2021-ci il tarixli № 05/Q-567/69 saylı arayışından görünür ki, X1 ilə İddiaçı arasındakı nikah 15.12.2004-cü il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15.12.2004-cü il tarixdə 112 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hacıyev”, arvada “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 755607 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08.04.2006-cı ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 317389 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05.12.2007-ci ildə Rusiya Federasiyasında anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ № 486475 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29.01.2015-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 09 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 09 iyul 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 08.04.2006-cı il təvəllüdlü X5, 05.12.2007-ci il təvəllüdlü X2 və 29.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09 iyul 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 08.04.2006-cı il təvəllüdlü X5, 05.12.2007-ci il təvəllüdlü X2 və 29.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar