Məhkəmə qərarları › İş №2(074)-87/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-87/2025

28.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-87/2025 28.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 onun (analarının) himayəsində saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsi ilə müraciət edildiyi gündən, ayda hər uşağa görə 235 manat olmaqla, hər ay 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment və uşaqların 3 yaşınadək qulluğu ilə bağlı hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla ayda 300 (üç yüz) manat müavinətin cavabdeh X3 tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh X7 rəsmi nikaha girmədən, el adəti ilə ailə qurmuşdur. Qeyri-rəsmi nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. İlk əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri kəskin surətdə pisləşmiş, o, uşaqları ilə valideyinlərinin yanına Şamaxı rayonu, Məlikçobanlı kəndinə qayıtmışdır. Cavabdeh X7 ilə birgə qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 uşaqlarının yaşayışının təmin edilməsi üçün heç bir maddi köməklik göstərmir, o işləmədiyi üçün uşaqlarının və onun ehtiyacını valideyinləri ödəmək məcburiyyətindədir. Cavabdeh X7 birgə qeyri-rəsmi nikahlarından doğulmuş övladılarının yaşaması üçün heç bir maddi kömək göstərməmiş və ümumiyyətlə övladları ilə maraqlanmır. Hal-hazırda azyaşlı körpə uşaqları onun himayəsindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uşaqların saxlanılması üçün hər hansı maddi köməklik göstərmir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə izahat verərək bildirdi ki, satıcı işləyir və 350 manat maaş alır. Onu da uşaqlarına xərcləyir. Onlarla maraqlanır. Buna görə də əmək haqqının məbləği və öz dolanışığıda nəzərə alınaraq az miqdarda aliment tutulmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 704867 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 938934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 408013 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2022-ci ildə vətəndaş İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ 454665 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2023-cü ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli, 5-75/2-50/2025 saylı Şamaxı rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının rəyindən görünür ki, Komissiya xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılmalarını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın az yaşlı olması, ana qayğısına daha çox ehtiyacının olması və digər mənafeləri, həmçinin qəyyumluq və himayəçilik üzrə komissiyanın rəyi nəzərə alınaraq, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, eləcə də iddiaçının da bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 sentyabr 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Məhkəmə, iddianın “uşaqlar üç yaşına çatana kimi onlara qulluq etməklə əlaqədar hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat müavinətin cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, keçmiş ərdən aliment almaq üçün AM-nin 85.1.1-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması müəyyən edilməmiş, iddiaçı bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılmalı və onların yetkinlik yaşına çatanadək saxlanması üçün 25 sentyabr 2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 60,12 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 02 iyul 2022-ci il təvəllüdlü X5 və 09 dekabr 2023-cü il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılsın. 25 sentyabr 2024-cü il tarixdən başlayaraq 02 iyul 2022-ci il təvəllüdlü X2 və 09 dekabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 60,12 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar