Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-881/2024 28.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi - Vəkil və cavabdeh Şamaxı Rayon "xxxx" Müəssisəsi MMC-nin nümayəndəsi Nümayəndə iştrakı ilə, İddiaçı cavabdeh Şamaxı Rayon "xxxx" MMC-yə (Şamaxı Rayon "xxxx" Müəssisəsi MMC) qarşı əmək haqqının və istifadə olunmamış illər üçün məzuniyyət pulunun hesablanaraq, ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şamaxı Rayon "xxxx" MMC-yə (Şamaxı Rayon "xxxx" Müəssisəsi MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqının və istifadə olunmamış illər üçün məzuniyyət pulunun hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən 4k saylı əmrlə işdən azad edilmişdir. Sonradan, Şamaxı Rayon Məhkəməsinin 2(074)-139/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Yaşıllaşdırma Müəssisəsi MMCnin onun barəsində olan xx.xx.2021-ci il tarixli, 04K saylı əmri ləğv edilmiş və iddiaçı həmin müəssisədə fəhlə vəzifəsinə xx.xx.2022-ci il tarixdə işə bərpa olunmuşdur. Lakin, həmin dövrdə ştat vahidi olmadığı üçün, sistemə xx.xx.2022-ci ildən daxil edilmişdir. İşə bərpa olunandan hər ay üçün əmək haqqı 325 manat olmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qanunsuz olaraq işdən azad edilmiş və bu müddət ərzində ona əmək haqqı ödənilməmişdir. Həmin dövr üçün əmək haqqı hesablanaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmamışdır. İddianın “məzuniyyət pulunun ödənilməsi” hissəsinə gəlincə, iddiaçı bildirir ki, həmin müəssisədə ümumilikdə 9 il işləmiş və bu müddət ərzində ümumiyyətlə məzuniyyət hüququndan istifadə etməmişdir. Beləliklə, iddiaçının məzuniyyət hüququ olmuş və bu məzuniyyətlərdən istifadə etmədiyi üçün məzuniyyət haqqı məhkəmə qaydasında hesablanaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Şamaxı Rayon "xxxx" Müəssisəsi MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab edərək bildirdi ki, İddiaçı xx.xx.2014-cü il tarixdə 5 saylı əmrlə Şamaxı Rayon "xxxx" MMC-yə fəhlə vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə 4 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad edilmiş, ona son haqq-hesab ödənilmişdir. Məhkəmənin icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdə müəssisəyə 1-ci dərəcəli fəhlə vəzifəsinə bərpa olunmuşdur. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 90 saylı sərəncamına əsasən, "xxxx" MMC "xxxx" MMC-yə birləşdiyi üçün, xx.xx.2022-ci il tarixdən 62 saylı əmr ilə fəhlə vəzifəsinə qəbul olunmuşdur. Hal-hazırda da, müəssisədə fəhlə vəzifəsində çalışır. İddiaçı məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında buna dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 139/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Şamaxı Rayon "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin olunaraq, Şamaxı Rayon "xxxx" MMCnin İddiaçı barəsində olan xx.xx.2021-ci il tarixli, 04K saylı əmrinin ləğv edilməsi və onun həmin müəssisədə fəhlə vəzifəsinə bərpa olunması qət edilmişdir. İş materiallarından görünür ki, cavabdeh Şamaxı Rayon "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MMC-nin direktoru X1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki mübahisə üzrə qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə işdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia müddəti ötürüldüyündən və iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən ərizə verildiyindən, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Şamaxı Rayon "xxxx" MMC-yə (Şamaxı Rayon "xxxx" Müəssisəsi MMC) qarşı əmək haqqının və istifadə olunmamış illər üçün məzuniyyət pulunun hesablanaraq, ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-881/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-881/2024
28.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver