Məhkəmə qərarları › İş №2(074)-900/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-900/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-900/2024 09.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Gündüzxanum Mamedova və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Gündüzxanum Mamedova və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN 178 seriyalı 41009028 kodlu Dövlət Aktında göstərilən 2,73 ha torpaq sahəsinə dair cavabdehlər ilə aralarında alqı-satqı müqaviləsinin 02 aprel 2001-ci il tarixdə bağlanmış hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Özbəkistan Respublikasının Əndican vilayətində doğulmuşdur. Məlum hadisələrlə bağlı Özbəkistandan Azərbaycana gəlmiş və Şamaxı rayonu İİ Cabanı kəndində məskunlaşmışdır. Kənddə qohumları və yaxınları var. 2001-ci ilin əvvəllərində ona demişlər ki, Cavabdeh1 evini satır. O, Cabbarla evi 9000 manata almağa razılaşmışlar. Pulu vermiş, akt tərtib etmişlər. Aktı cavabdehlər və orada iştirak edən qonşular imzalamışdırlar. O, pulu cavabdehlər Gündüzxanumun və qızı Ximayətin yanında Cabbara vermişdir. Cabbar JN 178 saylı 41009028 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktının əslini ona vermiş və demişdir ki, bu yaxınlarda notariusa gedib alqı-satqı müqaviləsini bağlayarlar. Fikirləşmişdir ki, əkin-biçindən sonra, müqaviləni rəsmiləşdirərlər. Az sonra Cabbar xəstələnmiş və onu Rusiyaya aparmışdırlar. Bundan sonra, onlar geri qayıtmamışdırlar. Həmin vaxtdan hal-hazıradək həmin torpaqdan istifadə edir və torpaq vergilərini də ödəyir. Kənddə hamı bilir ki, o, bu torpağı almış, şahidlər bunu məhkəmədə də təsdiq edə bilərlər. Hesab edir ki, cavabdehlərlə 2,73 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X2 izahat verib göstərdi ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi ilə bağlı araşdırma aparılmış, hər hansı bir məhdudiyyət, yüklülük və digər şəxslərin maraqlarına toxunması halı müəyyən olunmamışdır. Ona görə də, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehlər Cavabdeh1, Gündüzxanum Mamedova və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin rabitə orqanının “köçüb” qeydi ilə zərf geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Eyni zamanda, həmin Məcəllənin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 178 kod 41009028 nömrəli Dövlət Aktından görünür ki, Cavabdeh1, Mamedova Gündüzxanum, Cavabdeh3 Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 18 noyabr tarixli 30 saylı qərarı ilə 2,73 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin 29 aprel 2024-cü il tarixli məktubunda götərilir ki, 17 noyabr 1938-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.1991-ci ildən, 30 iyun 1977-ci il təvəllüdlü Cavabdeh3 11 may 1997-ci ildən və xx.xx.1952-ci il təvəllüdlü Mamedova Gündüzxanum 28 avqust 1978-ci il tarixdən 2001-ci il tarixədək Şamaxı rayonu İİ Cabanı kəndində yaşamaları müəyyən olunmuşdur. İş materiallarında olan Şamaxı RİHB-nın İkinci Cabanı kənd İƏD-si üzrə nümayəndəliyinin 18 mart 2024-cü il tarixli 39 saylı arayışından görünür ki, Cavabdeh1 2001-ci ilə kimi Şamaxı rayonu İkinci Cabanı kəndində yaşamış, sonra torpaq sahəsini İddiaçı sataraq, Rusiya Federasiyasına köçmüşdür. İş materiallarında olan 02 aprel 2021-ci il tarixdə Şamaxı rayonu İkinci Cabanı kəndində tərtib edilmiş aktda göstərilir ki, Cavabdeh1, Mamedova Gündüzxanum, Cavabdeh3, X5, X7, X6 və İddiaçı JN 178 saylı, kod 41009023 Dövlət Aktına əsasən, 2,73 ha torpaq sahəsini 9000 (doqquz min) manat məbləğinə Cavabdeh1, Mamedova Gündüzxanum, Cavabdeh3 İddiaçı almışdır. İş materiallarında olan Şamaxı rayonu İkinci Cabanı bələdiyyəsinin 18 mart 2024-cü il tarixli 1 saylı arayışında göstərilir ki, İddiaçı həqiqətən JN-178 kod 41009028 nömrəli dövlət aktı ilə olan 2,73 ha torpaq sahəsini 2001-ci ildən əkib-becərir və vergilərini ödəyir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 və onun ailə üzvləri Mamedova Gündüzxanum və Cavabdeh3 JN-178 seriyalı, kod 41009028 nömrəli dövlət aktı ilə verilən 2,73 ha torpaq sahəsini 9000 manat pul verməklə almışdır. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq sahəsindən fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri istifadə etmiş, torpaq vergisini ödəmiş və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq etdirməmişlər. Qeyd edilən səbəbdən, alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mübahisə edilən hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 34-cü (hazırda qüvvədə olan 88-ci maddə) maddəsinə əsasən, tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ da keçir. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “...Əvvəlki MM-in 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsiəqdinetibarsızlığına səbəb olur. Əvvəlki MM-in 39-cu maddəsinin mahiyyətinə görə evin alqı-satqı müqaviləsi əqddir və belə əqdlərin notariat formasının məcburiliyi həmin Məcəllənin 230-cu maddəsində təsbit olunmuşdur. Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır”. Həmin Qərarda həmçinin qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir”. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər torpaq sahəsinin satılmasına dair iradə ifadə etdiklərindən, torpaq sahəsindən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq, ona təhvil verərək, başqa ünvana köçüb getməklə, torpaq sahəsini satmaqla bağlı iradəsini bir daha nümayiş etdirdiyindən, iddia tələbi təmin edilməli, 2,73 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 178 seriyalı 41009028 kodlu Dövlət Aktında göstərilən 2,73 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Gündüzxanum Mamedova və Cavabdeh3 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi 02 aprel 2001-ci il tarixdə bağlanmış hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar