Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-903/2021 02.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğvinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayon Notariat kontorunda onunla Cavabdeh1 arasında 17.07.2018-ci il tarixli 4ə-546 saylı alqı-satqı müqaviləsinin ləvğ olunması və həmin torpaq sahəsi üzərində hüquqlarının bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh də müqavilənin ləğvinə razıdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə yazılı bildiriş göndərilməsi, cavabdehin bundan imtina etməsi və ya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ondan cavab almamasına dair heç bir sübut əlavə edilməmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 17 iyul 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıda isə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmiş və həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmişdir. Buna görə də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Cavabdeh1 məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, da iddiaçı ilə arasında bağlanmış müqavilənin ləğv edilməsinə etiraz etmir. Bununla bağlı məhkəmə tərəflərə izah edir ki, hər iki tərəf aralarında bağlanmış müqavilənin ləğv edilməsinə razı olduğundan bununla bağlı onlar müvafiq notariat kontoruna müraciət edə bilərlər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Şamaxı Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğvinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-903/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-903/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver