Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-997/2025 29.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi – Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-33/2025 nömrəli qərardadı ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının yarısı məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(074)-73/2017 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, ondan hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin alınıb, Cavabdeh verilməsi qət edilmişdir. Təyin olunmuş alimenti hər ay vaxtlı-vaxtında ödəmişdir. Lakin, Rəvanə yenidən məhkəməyə ərizə ilə müraciət edərək, alimentin miqdarının çox az olduğunu göstərərək, 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının müvafiq misli iiə indenksasiya olunmalı olduğunu tələb etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-33/2025 saylı qərardadı ilə ərizə qismən təmin olunaraq, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(074)-73/2017 saylı qətnaməsi ilə ondan xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilmişdir. Alimentin azaldılması üçün mediasiya təşkilatına müraciət edilmişdir. Lakin, Rəvanə mediasiya təşkilatına gəlməmişdir. Onun heç bir gəliri, məşğuliyyəti və iş yeri yoxdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi – Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, əvvəllər Rusiya Federasiyasında işləməklə kifayət qədər qazanc əldə edirdi, lakin hazırda bundan məhrum olmuş və daimi olaraq Şamaxı şəhərində valideynləri ilə birlikdə yaşayır. Anası ağır xəstədir, onun müalicəsinə xərcləri çox çıxır, atası isə təqaüdçüdür və atasının aldığı təqaüdün köməkliyi ilə əvvəlki aliment məbləği olan 117 manat pulu mütəmadi olaraq ödəmişdir. Onun başqa qazancı və gəliri, daşınar və daşınmaz əmlakı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının kifayət qədər maddi imkanının olmasını, bir neçə yerlərdə kommersiya obyektlərinin olduğunu göstərib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(074)-33/2025 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(074)- 73/2017 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvvəlüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, İddiaçı Şamaxı Rayon Məhkəməsinin 2(074)-73/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədinə əsasən, xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 117 manat sabit pul məbləğində aliment alınıb, X3 verilməsi qət olunmuşdur. İddiaçı yuxarıda göstərilən icra sənədi üzrə hər ay mütəmadi olaraq 117 manat alimenti X1 hesabına ödəmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilmişdir. İddiaçı artımdan sonra yaranmış fərqi ödəməmiş və indeksasiya məbləğindən borcu yaranmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra, uşaq anasının yanında qalmış və uşağın saxlanılması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində aliment alınıb, X3 verilməsi qət olunmuşdur. Daha sonra, tələbkar Cavabdeh müraciəti əsasında, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,01 misli həddində indeksasiya edilmişdir. Hazırda isə aliment ödəyən İddiaçı maddi vəziyyətində mənfiyə doğru dəyişikliklərin olmasını əsas gətirərək, alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən, onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən, indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə, maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, “məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən, məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddiaçının maddi vəziyyətini, öhdəsində əmək qabiliyyəti olmayan valideynlərin olmasını, bununla belə, uşağın əvvəlki təminatının səviyyəsinin saxlanılmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 8(074)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 8(074)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-997/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-997/2025
29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver