Məhkəmə qərarları › İş №2(075)-1053/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1053/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1053/2021 04.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X7, Cavabdeh1, onun və digər cavabdeh Cavabdeh2 etibarnamə üzrə nümayəndələri (vəkilləri) X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2014-cü il doğumlu Uğur Nəriman oğlu və 08 mart 2018-ci il doğumlu Onur Nəriman oğlu adlarında uşaqlarının yetkinlik yaşına çatanadək hər uşağa 150 manat olmaqla, cəmi 300 manatın ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamil qızından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Cavabdeh2 Şamil qızı əsl cavabdeh olan Cavabdeh2 ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X2 ilə 24 oktyabr 2013-cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 487 nömrə ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 27 dekabr 2014-cü il doğumlu Uğur Nəriman oğlu və 08 mart 2018-ci il doğumlu Onur Nəriman oğlu adlarında iki oğlan övladları olmuşdur. Onlar ailə qurduqdan sonra ünvan 1 ünvanındakı ərazidə fərdi həyət evi inşa etdirərək köçüb həmin evdə yaşamaya başlamışlar. Qeyd olunan ünvanda onlarla birlikdə heç kim yaşamamışdır. Çünki hər kəsin özünün şəxsi ev-eşiyi olmuş, orada yaşamış, əri ilə xoşbəxt həyatları olmuşdur. X2 2020-ci ilin iyul ayında vəfat etmiş, onun sağlığında ailə daxilində və qohumları ilə arasında xoşagəlməyən hansısa hadisə və münaqişə olmamışdır. X2 ailəcanlı olmuş və uşaqlarını sevmiş, onlara maddi və ya mənəvi sıxıntı yaşatmamışdır. Əri vəfat etdikdən bir müddət sonra onun valideynləri – iş üzrə cavabdehlər evi tərk etsinlər deyə onu və uşaqlarını narahat etməyə, onları istifadələrində olan evdən qovmaq üçün müxtəlif hiylələr işlətməyə başlamışlar. Bu cür qeyri-etik davranışları ona və azyaşlı uşaqlarına qarşı heç düşmən də etməzdi. Cavabdehlər nəvələri olan azyaşlı uşaqları maddi yardımsız qoymaları bir yana, mərhum həyat yoldaşının yas mərasimi pandemiya səbəbindən qadağan olduğundan və keçirilmədiyinə görə mərhumun qardaşı siyahı tutaraq yığılan pulları ona verəcəyini vəd edərək bu pulları cavabdehlərə vermişdir. Beləliklə, cavabdehlərin qanunsuz və əsassız təzyiqlərindən onları qorumaq üçün valideynləri onları öz yanlarına aparmışlar. Ailə qurduqdan və evi inşa etdikdən sonra həmin ünvana rəsmi pasport qeydiyyatına alınmış və hazırda da bu ünvanda qeydiyyatdadırlar. Cavabdehlər ödəmə qabiliyyətlidirlər və hər uşağa müştərək qaydada ən azı 300 manat ödəmə imkanları vardır. Belə ki, qayınatası usta işləyir. Qayınanasının isə torpaq sahəsi var və əkib-becərir. Hesab edir ki, onun valideynləri nəvələrinə maddi yardım göstərdikləri, onlara mənəvi dəstək, sevgi və nəvaziş göstərdikləri kimi cavabdehlər də eynisini etməlidirlər. Aliment tələbi ilə bağlı cavabdehlərin digər hər hansı təklifləri olarsa, baxmaq olar; alimentin torpaq sahəsi ilə əvəzləşdirilməsi və s. O, uşaqları ilə bağlı dövlət tərəfindən maddi yardım və ya təzminat almır, valideynlərinin köməkliyi ilə nəsə edə bilir. Odur ki, hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 Elnarə Valəddin qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər nənə-baba kimi uşaqların normal qidalanması, geyiminin təmin edilməsində, xəstələndikdə müalicə olunmasında iştirak etməlidirlər. Bundan başqa əgər cavabdehlər iddiaçıya alimentlə əvəzləşdirilmək üçün hər hansı ağlabatan təklif irəli sürərlərsə, iddia tələbini geri götürməyə hazırdırlar. Məhkəmə iclası zamanı Cavabdeh1 izahat verərək göstərdi ki, İddiaçı onun gəlini, nəvələrinin anasıdır. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, oğlu vəfat etdikdən sonra iddiaçıya hər hansı təzyiq göstərməmiş və yaşamalarına maneə yaratmamışlar. Özü və həyat yoldaşı heç yerdə işləmir. Oğlunun vəfatından sonra xəstəliyə tutulmuş və dərmanlarına çətinliklə pul çatdırır. Maddi imkanı çox zəifdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndələri (vəkilləri) X5 17 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. İddiaçı iddia ərizəsində cavabdehlərin ödəmə qabiliyyətinin olmasını, hər uşağa müştərək qaydada ən azı 300 manat ödəmə imkanlarının olmasını, qayınatasının usta işləməsini, qayınanasının isə torpaq sahəsi olmasını və əkib-becərməsini qeyd etsə də, bu barədə heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində maddi imkanının olmamasını qeyd etsə də, Dövlət Məşğulluq Xidmətində işsizliklə bağlı qeydiyyata alınıb-alınmaması və işsiz statusunun olub-olmaması barədə sənədi də iddia ərizəsinə əlavə etməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, İddiaçı özü işləmir. Belə ki, maddi imkanı olduqca yaxşıdır. Əgər onun maddi imkanı həqiqətən də yaxşı olmasa idi, o işləyərdi. Lakin İddiaçı bu günə kimi heç bir yerdə bir gün belə işləməmişdir. Həmçinin, iddiaçı uşaqlarının maddi yardıma ehtiyacının olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində ərinin valideynlərinin maddi imkanının yaxşı olmasını qeyd etsə də, öz valideynlərinin maddi imkanları barədə heç bir məlumatı qeyd etməmişdir. Halbuki, iddiaçının və onun valideynlərinin maddi imkanları kifayət qədər yaxşıdır. Belə ki, Valəddin Cəfərov ustalıq edir və kifayət qədər maddi imkanı vardır. İddiaçı nə üçün işləmədiyini, nəyə görə qazanc əldə etmədiyini açıqlamamış, nə üçün özünün birbaşa vəzifəsi olduğu halda işləyərək öz övladlarına baxmaması barədə açıqlama verməmişdir. Göründüyü kimi iddia ərizəsində iddiaçı tərəfindən qeyd edilənlər onun formal mülahizələrindən ibarətdir və heç bir maddi sübuta əsaslanmır. Qeyd etdi ki, Cavabdeh2 Şamil qızı şəkərli diabet, Cavabdeh1 isə yüksək təzyiq xəstəliyindən əziyyət kəçir. Hər ikisi daima müayinə və müalicə olunur. Müayinə və müalicələr də kifayət qədər maddi imkan tələb edir. Cavabdehlərin xəstəliklə bağlı qəbul etdikləri dərmanlar da kifayət qədər bahalıdır. Cavabdehlərin mülkiyyətində heç bir daşınmaz əmlak mövcud deyil, bu barədə qeyd edilənlər tamamilə yalandır. Həmçinin, iddiaçı vəfat etmiş ailə başçısını itirməyə görə 240 manat pensiya alır. Lakin iddiaçı bunu məhkəmədən gizlədir. Özünü elə qələmə verir ki, guya maddi imkanı həddən artıq aşağıdır. Göründüyü kimi dövlət tərəfindən uşaqların saxlanılması üçün kifayət qədər pensiya verilir ki, bu da onların elə yaşayış minimumunu tamamilə ödəyir. Lakin iddiaçı bilərəkdən bunu gizlədərək qeyd edir ki, dövlət tərəfindən maddi yardım almır. Qanunvericilik uşaqların saxlanılması vəzifəsini birbaşa valideynlərin üzərinə atır. Lakin yaşayış minimumu 175 manat olmasına baxmayaraq İddiaçı uşaqların bütün saxlanılma xərclərini cavabdehlərdən tələb edir. Halbuki, uşaqları saxlamaq birbaşa valideynin borcudur. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş 02 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 06 iyul 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər İHB-nin Çələbixan məhəllə nümayəndəliyi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh1 (işləmir) aşağıdakı ailə üzvləri var: arvadı – Cavabdeh2 (işləmir). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın və iddianın qəbul olunmaması ilə bağlı faktın əsaslarını təsdiq etmək isə cavabdehlərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehlərdən alimentin tutulmasını tələb etmək hüququna malikdir. Lakin qeyd olunan normada baba və nənənin zəruri vəsaitə malik olması xüsusi olaraq göstərilmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərin kifayət qədər vəsaitə malik olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etmir. Eyni zamanda məhkəmə tərəfindən elektron məhkəmə sistemində verilmiş sorğular zamanı cavabdehlərin işləmələri, hər hansı vəsait almaları aşkar edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı «27 dekabr 2014-cü il doğumlu Uğur Nəriman oğlu və 08 mart 2018-ci il doğumlu Onur Nəriman oğlu adlarında uşaqlarının yetkinlik yaşlarına çatanadək hər uşağa 150 manat olmaqla, cəmi 300 manatın ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh1 və Cavabdeh2 Şamil qızından tutularaq ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar