Məhkəmə qərarları › İş №2(075)-1141/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1141/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1141/2021 02.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 17 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay 300 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 aprel 2016-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuş, 17 iyul 2017ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. Hazırda övladı ilə birlikdə atası evində yaşayır. O isə təkbaşına himayəsində olan uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh da bir ata kimi uşaqların normal qidalanması, geyiminin təmin edilməsində, xəstələndikdə müalicə olunmasında iştirak etməlidir. Cavabdeh fərdi əməklə məşğul olmaqla, yaxşı qazancı var. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaq müxtəlif xəstəliklərdən əziyyət çəkir. Onun müayinə və müalicəsi üçün çoxlu xərc tələb olunur. Odur ki, alimentin təyin edilməsi zamanı bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh 29 iyun 2021-ci il tarixdə ərizə göndərərək bildirmişdir ki, Laçın rayonundan məcburi köçkündür. Heç yerdə işləmir. Məhkəmə iclaslarına gəlmək üçün maddi imkanı yoxdur. Lakin övladını saxlamaqdan yayınmır və hər ay 100 manat aliment ödəyə bilər. Həmçinin qeyd etmişdir ki, iddiaçı ilə birgə nikahları dövründə Şəki şəhərində ev almışlar. Həmin evə dair tələb irəli sürmür. Ona görə ki, ata kimi övladı qarşısında öhdəlikləri var. Odur ki, aliment təyin olunarkən həyat şəraitinin və maddi imkanının nəzərə alınmasını xahiş etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və Hüseynova (Səfərova) Elnarə İlham qızı arasında 29 aprel 2016-cı il tarixdə bağlanmış nikah 32 nömrə ilə qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 17 iyul 2017-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 17 iyul 2017-ci il təvəllüdlü X4 müxtəlif xəstəliklərlə bağlı müayinə və müalicə alır. Məhkəmə iclasında iddiaçının və onun vəkilinin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 29 aprel 2016-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 17 iyul 2017-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Lakin nikahları pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə ərizə göndərərək iddianı 100 manat həcmində qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı qızının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 17 iyul 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Həmçinin, cavabdehin daimi iş yerinin olmaması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 17 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 21 may 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 21 may 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar