Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1206/2021 12.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «alimentin bərpası» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ali məktəblərdə xərclərin həddindən artıq yüksək olmasını nəzərə alaraq dayandırılmış 100 (bir yüz) manat aliment məbləğinin ali məktəbi başa vuranadək, yəni 05 (beş) il müddətinə yenidən bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 29 iyun 2021-ci il tarixdə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, anası X4 2003-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə atası, yəni Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan xx xxxx 2003-cü il tarixdə o və 27 sentyabr 2005-ci il tarixdə bacısı Nigar anadan olmuşdur. Anası və atası əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş, nikahları 2011-ci il tarixdə pozulmuşdur. Məhkəmə qətnaməsi ilə 2 uşağın, yəni onun və bacısının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin atası Cavabdehdan alınaraq anası X3 verilməsi qət edilmişdir. 15 mart 2021-ci il tarixdə onun 18 yaşı tamam olmuş və onun üçün anasının xeyrinə ödənilmiş aliment öhdəliyi dayandırılmışdır. O, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Riyaziyyat və İnformatika müəllimliyi ixtisasında təhsil alır. Maddi cəhətdən təhsilini davam etdirməkdə çətinlik çəkir. Cavabdehin isə 100 manat alimenti ödəməyə imkanı var. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(075)-799/2021 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2 (075)- 480/2019 nömrəli qətnaməsi ilə Cavabdeh alınaraq xx xxxx 2003-cü il təvəllüdlü İddiaçı və 27 sentyabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 verilməli alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən edilmiş, alimentin artırılmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qərara alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(075)-799/2021 saylı qətnaməsindən görünür ki, X2 Cavabdeh qarşı ali məktəbdə xərclər daha da artdığına görə İddiaçı dayandırılan 100 manat alimentinin ali məktəbi bitirənə qədər, yəni 5 il müdddətində verilməsi tələbinə dair iddiası subyektiv hüququ olmadığına görə rədd edilmişdir. İşdə olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı tərəfindən verilmiş 18 may 2021-ci il tarixli, 01-14/209 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının dövlət hesabına əyani şöbəsinə qəbul olunmuş və hal-hazırda filialın İ (birinci) tədris ilində oxuyur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunvericilikdə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmamış, iddiaçı onun əmək qabiliyyəti olmayan olması barədə hər hansı bir mötəbər məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddianı əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin bərpası» tələbinə dair iddiası əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «ali məktəblərdə xərclərin həddindən artıq yüksək olmasını nəzərə alaraq dayandırılmış 100 (bir yüz) manat aliment məbləğinin ali məktəbi başa vuranadək, yəni 05 (beş) il müddətinə yenidən bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1206/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1206/2021
12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver