Məhkəmə qərarları › İş №2(075)-1219/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1219/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1219/2021 30.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 may 2009-cu il təvəllüdlü X4, 01 avqust 2011-ci il təvəllüdlü X5 və 29 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh bütün növ qazancından 2021-ci il yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumumdan az olmamaq şərtilə hər ay hər uşaq üçün 175 manat olmaqla, 525 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh el adəti ilə ailə qurmuş, nikahlarını 01 sentyabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan onların 26 may 2009-cu il təvəllüdlü X4, 01 avqust 2011-ci il təvəllüdlü X5 və 29 noyabr 2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. Belə ki, cavabdeh ailəsi və uşaqları ilə maraqlanmamış, onların saxlanılmasından boyun qaçırmışdır. O, təkbaşına himayəsində olan uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh da bir ata kimi uşaqların normal qidalanması, geyiminin təmin edilməsində, xəstələndikdə müalicə olunmasında iştirak etməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, o, həmişə ailəsi ilə maraqlanmış, təkbaşına ailənin bütün tələbatlarını qarşılamışdır. Ailəsinə çox bağlıdır. Mahiyyəti üzrə bildirdi ki, daimi iş yeri və gəlirləri yoxdur. Lakin uşaqlarını saxlamaqdan imtina etmir. Uşaqlarını saxlamaq bir ata kimi borcudur. Hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, 26 may 2009-cu il təvəllüdlü X4, 01 avqust 2011-ci il təvəllüdlü X5 və 29 noyabr 2015-ci il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə İddiaçıdır. Məhkəmə iclasında mülki proses tərəflərinin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 26 may 2009-cu il təvəllüdlü X4, 01 avqust 2011-ci il təvəllüdlü X5 və 29 noyabr 2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. İddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 26 may 2009-cu il təvəllüdlü X4, 01 avqust 2011-ci il təvəllüdlü X5 və 29 noyabr 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 26 may 2009-cu il təvəllüdlü X4, 01 avqust 2011-ci il təvəllüdlü X5 və 29 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 02 iyun 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 may 2009-cu il təvəllüdlü X4, 01 avqust 2011-ci il təvəllüdlü X5 və 29 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 02 iyun 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar