Məhkəmə qərarları › İş №2(075)-1334/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1334/2020

29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1334/2020 29.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2017-ci il təvəllüdlü X4 və xx xxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin, həmçinin xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 müalicə və əməliyyat xərcləri üçün 3000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2015-ci il tarixdə Cavabdeh ilə dini nikah kəsdirməklə ailə qurmuş, birgə nikahdan onların xx xxxxxxxx 2017-ci il tarixdə X4 və xx xxx 2019-cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. xx xxxxxxxx 2017-ci il təvəllüdlü X4 anadangəlmə katalepsiya xəstəsidir və təcili əməliyyata ehtiyacı var. Cavabdeh ailəsi və uşaqları ilə maraqlanmır və onların saxlanılmasından boyun qaçırır. O, təkbaşına himayəsində olan uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh da bir ata kimi uşaqların normal qidalanması, geyiminin təmin edilməsində, xəstələndikdə müalicə olunmasında iştirak etməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2017-ci il və xx xxx 2019-cu il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, xx xxxxxxxx 2017-ci il təvəllüdlü X4 və xx xxx 2019-cu il təvəllüdlü X3 ataları Cavabdeh, anaları isə İddiaçıdır. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx xxxxxxxx 2017-ci il tarixdə X4 və xx xxx 2019-cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxxxx 2017-ci il təvəllüdlü X4 və xx xxx 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın Cavabdeh xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 müalicə və əməliyyat xərcləri üçün 3000 manatın alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı tərəfindən xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 müalicə və əməliyyat xərcləri ilə bağlı heç bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə hesab edir ki, xx xxxxxxxx 2017-ci il təvəllüdlü X4 və xx xxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2017-ci il təvəllüdlü X4 və xx xxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar