Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1347/2021 16.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızının, Cavabdeh iştirakları ilə İddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızının Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 28 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay 175 manat alimentin, həmçinin uşağa 3 yaşına çatanadək qulluğa görə hər ay 100 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 yanvar 2017-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuş, 28 oktyabr 2019-cu il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan cavabdehin ailəsinə biganəliyi ilə əlaqədar münasibətləri pisləşmişdir. Lakin nikahları pozulmamışdır. Hazırda övladı ilə birlikdə atası evində yaşayır. O, təkbaşına himayəsində olan uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh da bir ata kimi uşaqların normal qidalanması, geyiminin təmin edilməsində, xəstələndikdə müalicə olunmasında iştirak etməlidir. Cavabdeh yaxşı qazancı var. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızı iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh uşaq dünyaya gələrkən lazım olan əməliyyat pulunu ödəmədiyindən uşaq şikəst doğulmuşdur. Hazırda uşağın əməliyyata ehtiyacı vardır. Bundan başqa cavabdehin hər ay 1000-1500 manat qazancı olur. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, həqiqətən 12 yanvar 2017-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə iddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızı ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 28 oktyabr 2019-cu il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. O, ailəsinin dağılmasını istəmir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, onun daimi iş yeri və gəliri yoxdur. İş olandanolana işləyir. Lakin hər ay sabit pul məbləğində 175 manat aliment ödəyə bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 12 yanvar 2017-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və Saatova (Mürşüdova) Fərqanə Nizami qızı arasında 12 yanvar 2017-ci il tarixdə bağlanmış nikah 01 nömrə ilə qeydə alınmışdır. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən 28 oktyabr 2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 28 oktyabr 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə Saatova (Mürşüdova) Fərqanə Nizami qızıdır. Məhkəmə iclasında mülki proses tərəflərinin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızı 12 yanvar 2017-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 28 oktyabr 2019-cu il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmişdir. Lakin nikahları pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı 175 manat həcmində qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, Saatova (Mürşüdova) Fərqanə Nizami qızının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 28 oktyabr 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızının xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı 28 oktyabr 2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək baxmağı üçün cavabdehin maddi cəhətdən kömək etməsi üçün 100 manat pulun hər ay tutularaq ona verilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilmədiyindən iddianın əlavə xərclər tələbinə dair hissəsini məhkəmə əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 28 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat aliment Cavabdeh tutulub iddiaçı Saatova (Mürşüdova) Fərqanə Nizami qızına verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 17 iyun 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat aliment Cavabdeh qızından tutularaq Saatova (Mürşüdova) Fərqanə Nizami oğluna verilsin. Alimentin tutulmasının əvvəli 17 iyun 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1347/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1347/2021
16.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver