Məhkəmə qərarları › İş №2(075)-1351/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1351/2020

28.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1351/2020 28.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili X4, Cavabdeh3 Zəkəryə qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X9 iştirakları ilə İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və Cavabdeh3 Zəkəryə qızına qarşı «bağışlama müqaviləsinin ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 Zəkəryə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçının razılığı ilə cavabdeh Şəki rayon 2 saylı Dövlət Notariat Kontoru əsl cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq verilmişdir. Eyni zamanda adına Şəki rayonu Baş Göynük kəndində fərdi yaşayış evi mövcud olmuşdur. Həmin fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsi ilə ailə üzvləri ilə onun birgə mülkiyyətində olmuşdur. O, yaşlı adamdır. Qızı Cavabdeh3 Zəkəryə qızı və onun həyat yoldaşı X10 onun yaşlı olmağından istifadə edərək adına etibarnamə götürmüş, ona ömrümün sonuna kimi baxmaq adı ilə “Qarasov adlanan” ərazidə yerləşən pay torpağı satmaq adı ilə bir sıra sənədlərə qol çəkdirmişlər. Daha sonra eyni zamanda mülkiyyətində olan yaşayış evini də eyni adla qızı Cavabdeh3 Zəkəryə qızına bağışlanmasını təmin etmişlər. Onlar onun ahıl və huşsuzluğundan istifadə etmişlər. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra qızı Cavabdeh3 Zəkəryə qızı evin qapısını bağlayıb Bakı şəhərinə getmiş, onu da bayıra atmışdır. Hətta pensiya kartını da özlərində saxlayıb bu günə kimi mənimsəmişlər. Bu yaxınlarda kartını bankda bağlatdırmışdır. Hətta onu qocalar evinə yerləşdirməklə hədələmişlər. Bu gün də cavabdeh ona baxmır və maraqlanmır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili X16 iddianı müdafiə etdiklərini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh3 Zəkəryə qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X22 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı öz sərbəst iradəsi ilə özünə məxsus əmlakı Cavabdeh3 Zəkəryə qızına bağışlamışdır. Hazırda iddia ərizəsində qeyd edilənlər iddiaçının deyil, bunu qəbul etməyən digər şəxslərin iradə ifadəsindən irəli gələn bir tələbdir. Belə ki, cavabdeh və onun həyat yoldaşı 1997-ci ildən Bakı şəhərində yaşamaqlarına baxmayaraq, 15-20 ildir ki, cavabdehin atası – hazırkı iş üzrə iddiaçı X5 və anası X11 baxmış, hər ikisinin himayəsində durmuş və onların bütün xəstəliklərini müalicə etdirmiş, hər işini həll etmişlər. İddiaçının üç oğlu olmasına baxmayaraq, heç biri valideynlərinin yanında olmamış və onlarla maraqlanmamışlar. İddiaçının heç bir övladı kənddə həmin evdə qeydiyyatda deyildir. İddiaçının oğullarından Nümayəndə 1990-cı ildən kənddən çıxmış, X17 1992-ci ildən kənddən qeydiyyatdan çıxmış, X12 isə 1998-ci ildən Bakıda yaşayır. 20 ildir ki, cavabdeh və həyat yoldaşı Bakı-Göynük yolunda qalmışlar. İlin 3 ayını valideyninə Bakıda, qalan vaxtlarda işdən icazə alıb aylarla kənddə baxmış, gəlmədiyi aylarda da pullu baxıcı tutmuşlar. Cavabdeh mərhum anası X13 Bakıya sanatoriyalara, dəfələrlə özəl klinikalara, Naftalan sanatoriyasına, hər ikisini Şəkidə hər il əlillər sanatoriyasına, Bakıda quma aparmış, valideynlərini aparmadığı yer, etmədiyi müalicələr qalmamışdır. X1 2011-ci ildə əməliyyat olunmuş, lakin onu görmək üçün heç bir oğlu Bakı şəhərinə gəlməmişdir. Atasının yanında 10 gün o qalmış, sonra Bakıda evdə bir həftə də baxıb sağaldaraq kəndə gətirmişdir. Atası 2015-ci ildə gözündən əməliyyat olunmuş, yenə o, 10 gün evində atasına baxmış, hər gün xəstəxanaya aparıb-gətirmiş, müalicə etdirmiş, sonda evinə aparmışdır. Atasının 2016-cı ildə bağırsağına infeksiya düşmüş, cavabdeh atasını 10 gün “Semaşko” xəstəxanasına aparıb yoxladırmıı və müalicə etdirmişdir. Cavabdeh dəfələrlə üç qardaşını çağırıb tək-tək hamısına “Hansınız istəyirsiniz aparın atama baxın, onlar təkdir, onlara baxan istəyir” barədə fikirlərlə təklif etmiş, iddiaçının oğlu Fərman və yoldaşı Yasəmən, həmçinin digər oğlu Elman və yoldaşı İntizar hər dəfə heç nə istəmədiklərini bildirərək baxmaqdan imtina etmişlər. Digər oğlu İbrahim isə Bakıda ev tikərkən kənddəki evin onun olduğunu və atasına Bakıda aparıb baxacağını bildirsə də, sonradan baxmaqdan imtina etmişdir. Ona görə də ata və anasına baxan olmadığından cavabdeh baxmaqda davam etmişdir. 2013-cü ildən artıq anasının ayaqları işləməmiş, ona görə də evdə hər şəraiti ilə hamam və tualet tikdirmişdir. Kənddə bütün qonşular, qohumlar bilirlər ki, 10-15 ildir atasına cavabdeh baxır. 4-5 il əvvəl də anası dəfələrlə kənd icra nümayəndəliyinə gedərək icra nümayəndəsinin müavini Məmməd müəllimə oğullarının ona baxmaqdan imtina etdiyini bildirmiş, ya evini yandıracağını, ya da onun üstünə keçirəcəyəni bildirmişdir. Cavabdehin anası oğullarının bu işinə dözməyib özü 2017-ci ildə Şəki rayon 2 nömrəli Notariat Kontorunda qanuni yolla, öz xahişi ilə onu çağırıb 10 illik etibarnamə vermiş, yaşlı olduğunu bildirərək bütün işlərini ona etibar etmişdir. 2017-ci ildə kənddəki evin şəhadətnaməsi olduğunu bildirmiş və çıxarış almasını xahiş etmişdir. Ona görə də valideynlərinin xahişi ilə çıxarış düzəltdirmişdir. 2018-ci ilin may ayında isə ona Bakıdan gəlməyini xahiş etmiş, hər iki valideyni Şəki rayon 2 nömrəli Notariat Kontoruna gələrək qanuni yolla, heç bir təzyiq olmadan, kamera qarşısında suallara cavab verərək həmin əmlakı cavabdehə bağışlamışlar. Kənddə də bütün qonşular, qohumlar, hamı bunu bilmişdir. İddiaçının oğlu Bakıda qızına toy etmiş, lakin ana-atasınıı toya çağırmamış, o biri oğlu Fərman ayda ildə bir dəfə gəlib onda da anasını döyüb getmişdir. 2018-ci ildə anası cavabdehə zəng vurub Bakıdakı gəlinin ona hədə-qorxu gəldiyini, Fərmanın isə onu boğduğunu, söyüb-dəydiyini bildirmişdir. Cavabdeh dəfələrlə kənd icra nümayəndəliyinə şikayət etmiş, sahə müvəkkili bununla bağlı izahat almışdır. Həmçinin, həmin şikayətlə əlaqədar Fərmanı polis şöbəsinə çağırmışlar. O, may ayında da kənddə gedib yenə 1 ay atasına baxmış, Bakıya qayıdan kimi anası zəng vurub yaxşı olmadığını bildirmişdir. 2020ci ilin mart ayında qardaşı Fərmana zəng edib karantin olduğunu bildirmiş, anasına bir ay baxmasını xahiş etmişdir. Sonuncu bəzi şərtlə qoyaraq aparıb baxsa da, 15 gündən sonra xəstələndirib, gətirib kəndə atmışdır. Anasının vəziyyəti onda pisləşdiyindən o, yenə də gəlib iki ay baxmış, may syında Bakıya qayıtmışdır. Lakin anam zəng vurub yaxşı olmadığını bildirmiş, onu xəstəxanaya aparmağı xahiş etmişdir. Cavabdehin həyat yoldaşı Bakıdan gəlib anasını Mingəçevir şəhərinə özəl klinikaya aparmış, üç gün müalicə edib onlara baxmış, yenidən Bakıya qayıtmışdır. Onlar Bakıya qayıtdıqdan sonra digər bacısı Bakıdan gəlmiş, valideynlərinə baxmışdır. Bu qayda ilə anasına ölənə kimi də iki bacı baxmışlar. Anasının 2020-ci ilin iyun ayının 2-də vəziyyəti ağırlaşmışdır. Anası vəsiyyət etmişdir ki, o öləndə oğulları gəlməsinlər. Yenə də qonşular və qohumlar bunun düzgün olmadığını bildirərək onları çağırmışlar. Ölüm ayağında oğullar gəlsə də, lakin anası nə Fərmana, nə də İbrahimə halallıq vermişdir. Anası rəhmətə getdikdən sonra oğullar axşam meyitin yanında onları və qonşuları qoyub getmişlər. Fərman kənddə 1 il qabaq qonşu uşaqlarının qarşısında, atası və anası öləndə qəbrini qazacaq şəxs haqqında pis fikirlər bildirdiyi, söyüş qoyduğu üçün qonşular qəbri qazmamış, qəbir qazanları kənardan gətirmişlər. Səhəri gün qonşular kimi üç oğul da gəlmiş, meyit ortada olarkən, hələ heç kəfənlənməmiş Fərman və onun oğlu Elçin anasının sümüyünə, goruna söymüş, Elçin bəhanə ilə camaatın gözləri qarşısında onu döymüşdür. Meyit ortada olduğu üçün səssiz qalmış və anasını torpağa tapşırmışlar. Oğullar yadlar kimi yas mərasiminə gəlmiş, dəfn və bütün yas mərasimini iki bacı və onun əri yola vermişlər. Buna bütün qonşular və qohumlar şahiddirlər. Kənd icra nümayəndəliyindən yas mərasiminin keçirilməsini o etdiyimə görə arayış da verilmişdir. O, anasının ölümündən sonra polis şöbəsinə gedərək Fərmandan və İbrahimdən şikayət ərizəsi yazmışdır. Lakin qardaşlarını tutdurmaq istəmədiyi üçün ekspertə getməmişdir. Halbuki bədənində döyülmüş ləkələr mövcud olmuşdur. Sahə müvəkkili Ayxan müəllim Fərmanı polis şöbəsinə çağırsa da sonuncu gəlməmiş, həmçinin Elçin, İbrahim və Ayxan isə telefonla vasitəsilə onlarla işləri olmadığını bildirmişlər. Lakin yas mərasiminin 4-cü günü Bakıdakı qardaşı İbrahim qonşuların yanında iki bacının üstünə hücum çəkmiş, sonra gedib polisə ərizə vermişdir ki, guya onu bacıları, yeznəsi və iki oğlu hədə-qorxu gələrək döyüblər. Ərizə əsasında polis şöbəsində araşdırma aparılmış, qonşuların şahidliyi ilə onlardan və atasından izahat alınmışdır. Bundan sonra o, həyat yoldaşı və atası 40 gün kənddə bir yerdə yaşamışlar. Bu müddət ərzində heç bir oğlu gəlməmiş, anasının qəbir daşını da özü düzəltmişdir. Anasının qırx mərasimindən sonra qonşuların yanında atasına onlarla birlikdə Bakıya getməyi təklif etsə də, atası razılaşmadı və Fərmanla birlikdə Şəki rayonu Aşağı Göynük kəndində qalacağını bildirdi. Fərman da hamının yanında söz verdi və şərt qoydu ki, həyətdə olan evi ona versələr ölənə kimi atasına baxacaq. Onlar da razılaşmışlar. Lakin səhəri gün Fərman evin çıxarışını, açarlarını, torpağın sənədlərini vermədikləri təqdirdə atasını aparmayacağını bildirmişdir. Axşamüstü Fərman gəlib heç kimə heç nə demədən, atasının bütün şeylərini yığaraq, özünü də maşına qoyub aparıb getmişdir. Həmin gün axşam onlar da Bakıya yola düşmüşlər. Səhəri gün Fərman tezdən zəng bildirmişdir ki, əgər evin açarlarını gətirib verməsələr, onları polisə şikayət edəcək. Bütün kəndə məlumdur ki, Fərmanın məqsədi atasına baxmaq yox, onun əmlakını ələ keçirməkdir. Heç atasının onunla qaldığı bir ay deyil ki, artıq ona qarşı hazırkı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Digər cavabdeh Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X36 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X38 tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, onun yerləşdiyi torpaq sahəsi isə İddiaçı, X7, X14, X18, X19 və X15 ümumi birgə mülkiyyət hüququ üzrə adlarına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Hümmətova (Abdurahmanova) Zivər Lətif qızı arasında xx xxxxxx 1957-ci il tarixdə bağlanmışdır. Nuxa şəhər Baş Göynük kənd soveti tərəfindən verilmiş xx xxxx 1968-ci il tarixli, AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 Zəkəryə qızı xx xxxxxx 1968-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Hümmətova (Abdurahmanova) Zivər Lətif qızı qeyd edilmişdir. Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 676961 saylı etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Hümmətov X2 Namiq Vahid oğluna bütün əmlakını idarə etmək, o cümlədən bağışlamaq, almaq, satmaq və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə xx xxxxxxx 2027-ci ilədək qüvvədədir. Şəki rayon 2 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2018-ci il tarixli, reyestrdə 4Ə-7 nömrə ilə qeyd edilən daşınmaz əmlakın bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evini, İddiaçı və X3 rayonu Baş Göynük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən özlərinə düşən paylarını Cavabdeh3 Zəkəryə qızının mülkiyyətinə verir. Müqaviləni “hədiyyə verənlər”X23, İddiaçı əvəzinə X10 və “hədiyyə alan” Cavabdeh3 Zəkəryə qızı imzalamışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X38 tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində 0.36 ha torpaq sahəsində yerləşən 71.0 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 Zəkəryə qızının, onun yerləşdiyi torpaq sahəsi isə Cavabdeh3 Zəkəryə qızı (2/6 hissə), X7 (1/6 hissə), X14 (1/6 hissə), X18 (1/6 hissə) və X8 (1/6 hissə) paylı mülkiyyət hüququ üzrə adlarına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o izahatında yaşadığı evi qızı Zöhrəyə, Şəki rayonu “Qarasov” kəndi adlanan ərazidə yerləşən torpaq sahəsini isə oğlu İbrahimə verdiyini, həmçinin evi qızına öz iradəsi ilə bağışladığını və bu barədə hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.2-ci maddəsi). Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (Mülki Məcəllənin 362.1-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366-cı maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 366.2–cı maddəyə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruru hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8–ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1-ci və 673.1.2-ci hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4-cü maddəyə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən özünə mülkiyyət hüququ ilə məxsus olan əmlakı öz iradə ifadəsinə uyğun olaraq digər şəxsə etibarnamə verməsi və bundan sonra həmin əmlakın özgəninkiləşdirməsi, yəni Cavabdeh3 Zəkəryə qızına bağışlaması, sonradan isə mübahisələndirməsi mülkiyyətçinin mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı öz iradə ifadəsini bəyan edərək əmlakını bağışlaması, daha sonra məhkəmə qaydasında müqavilənin ləğvini tələb etməsi müqavilə institutunun dayanıqlılığını şübhə altına alır. Məhkəmə qeyd olunan bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilməsi məsələsinə gəldikdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli, 4Ə-7 reyestr nömrəli bağışlama müqaviləsinə dair notariat işindən görünür ki, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmiş, bu zaman əmlakı bağışlayan şəxs – yəni İddiaçı birgə nikahda olduğu arvadının razılığı alınmışdır. Bundan əlavə məhkəmə iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı Şəki ŞRPŞ-də də verdiyi izahatında əmlakını öz iradəsi əsasında qızına bağışladığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, bağışlama müqaviləsini iddiaçının adından onun etibarnamə verdiyi Cavabdeh3 Zəkəryə qızının əri X10 imzalasa da, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Odur ki, müqavilənin etibarlılığını şübhə altına alacaq heç bir əsas mövcud deyildir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizələrində göstərilmiş halların mövcud olmasını sübut etməli, bunu məhkəmə iclasında mötəbər və tutarlı sübutlarla əsaslandırmalıdırlar. İddiaçı tərəfindən isə Cavabdeh3 Zəkəryə qızının ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduğunu, həmçinin bağışlama müqaviləsinin etibarsızlığını və ya həmin əqdi bağlamağa məcbur edildiyini (zorakılıq və ya hədələmə) təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. xx xxxxxx 2018-ci il tarixli, 4Ə-7 reyestr nömrəli bağışlama müqaviləsi etibarlı hesab edildiyindən, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı olmadığından həmin müqavilə əsasında Cavabdeh3 Zəkəryə qızına verilmiş xx xxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “onunla Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş xx xxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar